Putin və Əliyev: tərəfdaş olsalar da, müttəfiq deyillər

Vladimir Putin və İlham Əliyev

Vladimir Putinin Bakiya səfərinin başlıca səbəbi müxalifətin guya Rusiya tərəfindən dəstəklənməsilə bağlı şaiyələrin yayılması olub, ekspertlər bildirir.

Görüşün əsas hadisəsi - Vladimir Putinlə İlham Əliyevin təkbətək görüşü - barədə mətbuat xidmətləri məlumat verməyib.

Görüşün rəsmi yekunlarına görə deklarasiya kimi səslənən “Rosneft”lə ARDNŞ arasında sazişin imzalanması, Fövqəladə Hallar Nazirliyi xəttilə əməkdaşlıq barədə razılaşma və Samur çayı üzərində körpünün tikilməsi birinci şəxslərin diqqətini tələb etməyən məsələlərdir.

Ötən il ərzində müşahidəçilər ikitərəfli əlaqələrin sərinləşməsi və Bakının aşırı qərbpərəst siyasətinin Moskvada narazılıqla qarşılandığı barədə mülahizələr söyləyib.

“Qarşısını ala bilmirsənsə, ələ al”

Analitiklərin fikrincə, Moskva İlham Əliyevə rəğbətini və 9 oktyabr prezident seçkilərindən əvvəl müxalifət namizədi Rüstəm İbrahimbəyova guya himayədarlıq etməsi barədə söz-söhbətlərə son qoymaq istədiyini nümayiş etdirib.

Bu arada, Putinin mövqeyinin seçkilərə əhəmiyyətli təsir göstərə biləcəyi barədə mülahizələr şişirdilmiş hesab edilir.

Çox güman ki, Rusiya lideri Kremllə Rüstəm İbrahimbəyov əlaqələri haqqında söz-söhbətlərin gələcəkdə rəsmi Bakı ilə münasibətlərə təsir göstərməsinin qarşısını almağa çalışıb.

Ancaq məşhur rejissor və Rusiyadakı Azərbaycan diasporasının görkəmli nümayəndəsilə bağlı Moskvanın müəyyən planları olduğunu istisna etmək olmaz.

Lakin ola bilsin ki, Putin Əliyevin seçilməsinin qaçılmaz olduğunu görərək “Qarşısını ala bilmirsənsə, ələ al” prinsipilə hərəkət edib.

“Şübhəsiz ki, bu siyasi səfərdir. Putinin Kremlə qayıtmasından sonra Əliyev onun görüşmədiyi yeganə MDB lideri olub ki, Əliyevlə Putinin pis şəxsi münasibətləri barədə çoxsaylı söz-söhbətlərə zəmin yaradıb. İbrahimbəyovun namizədliyinin irəli sürülməsi də belə bir mülahizəyə əsas verib ki, Kreml Əliyevin ayağının altını qazmasa, da onu dəstəkləmir”, - Bakılı politoloq Şahin Abbasov BBC Rus Xidmətinə deyib.

"Ən önəmlisi sazişlərin imzalanması deyil. Ortada müxalifətin dəstəklənməsilə bağlı müəyyən intriqa mövcud idi, ən azı azərbaycanlı ekspertlər arasında belə bir fikir söylənilir. Hesab olunurdu ki, Əliyevə vahid rəqibin seçilməsi Rusiyadakı Azərbaycan diasporasının təsiri sayəsində öncədən müəyyən edilib. Lakin Putin faktiki olaraq İlham Əliyevin 3-cü dövrə seçilməsini dəstəkləyib”, - Moskvadakı Ali İqtisadiyyat Məktəbinin dekan müavini Andrey Suzdaltsev deyir.

"Atanın xahişi"

Qorbaçovun yenidənqurma illərində Azərbaycan qonşu Gürcüstan və Ermənistandan fərqli olaraq mərkəzə sadiq, kommunistpərəst respublika sayılıb. Qarabağ münaqişəsində Moskvalı demokratlar Yerevanı, “partokratlar” və hərbçilər isə Bakını dəstəkləyirdilər.

1993-cü ildə Rusiya İlham Əliyevin atası, sovet dövrünün ağırçəkili siyasətçisi olan Heydər Əliyevin hakimiyyətə gəlməsini müsbət qarşılayıb.

Bundan sonra bölgədə Türkiyə nüfuzunun artmasından ehtiyatlanan Ermənistan Moskvaya doğru yön alaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatına üzv oldu və öz ərazisində Rusiya hərbi bazasını yerləşdirdi.

Qarabağ məsələsində Rusiyanın dəstəyini zəif hesab edən Azərbaycan milli maraqlarından çıxış edərək, postsovet inteqrasiya birliklərindən boyun qaçırdı və Qərblə enerji əməkdaşlığının inkişafına başladı.

Bakı həmçinin “böyük qardaş”dan Qəbələ stansiyasının istifadəsinə görə icarə haqqını tələb etdi.

Müşahidəçilərin dəyərləndirmələrinə görə, Rusiya prezidenti Azərbaycanda güclü lider kimi kifayət qədər nüfuza malikdir, üstəlik də Azərbaycan prezidentindən fərqli olaraq Putinə hakimiyyət faktiki olaraq atasından miras qalmayıb və o hər şeyə özü nail olub.

Belə şaiyələr dolaşır ki, İlham Əliyevlə ilk görüşü vaxtı Putin deyib: “Atan mənə sənin qayğına qalmağı tapşırıb”. Bunun doğru olub-olmaması bilinmir. Lakin bu kimi söhbətlər gənc liderin nüfuzunun artmasına xidmət etməyib.

Energetika

Azərbaycan 2007-ci ildə Bakı-Novorossiysk kəməri üzərindən Avropaya neft ixracını əhəmiyyətli şəkildə azaldaraq alternativ olan Türkiyə və Gürcüstan marşrutlarına keçdi.

Rəsmilər bunu nəqliyyat qiymətinin razılaşdırılmaması ilə izah etdilər. Qeyri rəsmi məlumatlara görə, “Transneftin” sərt mövqeyi Azərbaycanın Gürcüstan qaz təchizatını kəsməkdən imtinasının nəticəsi olub.

Cari ilin may ayında saziş ləğv olunub.

Şahin Abbasov deyir ki, ola bilsin ki, sahibi Vahid Ələkbərovun Azərbaycan köklərinə görə indiyədək ölkədə aktiv işləyən yeganə Rusiya şirkəti “Lukoyl” olub.

Putin Bakıya səfər edərkən nümayəndə heyətinin tərkibinə "Lukoyl" rəhbəri Vahid Ələkbərovla yanaşı hələ Sankt-Peterburq meriyasında işlədiyi dövrdən dostluq etdiyi rəqib “Rosneft” şirkətinin başçısı İqor Seçini də daxil edib.

"Rosneft" onu Avropa bazarında “Qazprom”a rəqib edə biləcək “Apşeron” müştərək qaz layihəsində iştirak etməyə çalışır.

Qarabağ

Səfər vaxtı tərəflər Dağlıq Qarabağda “dondurulmuş münaqişənin” siyasi yolla tənzimlənməsinə dair daha əvvəl bildirilən mövqeləri təkrar etməklə kifayətləniblər.

Şahin Abbasovun sözlərinə görə Bakı münaqişənin həllində Moskvanın dəstəyinə ümid bəsləməli deyil.

"Dmitri Medvedev müəyyən şəkildə prosesdə iştirak etməyə çalışırdı. O, İlham Əliyev və Serj Sarkisyanın iştirakı ilə üçtərəfli görüşlər təşkil edirdi. Putinin hakimiyyəti Qarabağ münaqişəsinə maraq göstərmir. Belə görünür ki, Moskvanı status-kvo qane edir”.

Heç kimlə münasibətləri pozmamaq istəyi başa düşülsə də, “nə sizə, nə də ki bizə” mövqeyi həm Azərbaycan, həm də Ermənistanda narazılıq yaradır.

Səfər günü Yerevandakı Lragir qəzeti Moskvanın strateji müttəfiq qaldığını xatırladaraq Putini Bakıya yollanmazdan əvvəl Yerevanla mövqelərin razılaşdırılmamasında qınayıb.

“Ermənistan hərbi zəmanətlər axtararaq özünün siyasi-iqtisadi təhlükəsizliyini diversifikasiya etməlidir”, Lragir qəzeti yazır.

“Dəniz qüdrəti”

Bakının dəniz limanında Rusiyanın raket daşıyan “Dağıstan” və “Volqodonsk” artilleriya gəmilərinin lövbər atması səfərin yadda qalan məqamlarından biri olub.

Britaniya ekspertləri “Dağıstan”ın 300 kilometrlik məsafədə hədəfləri vurmağa qadir olduğunu xatırladaraq deyirlər ki, bu məsafə Xəzərin genişliyindən bir qədər azdır. Heç bir sahilyanı dövlət bu kimi imkanlara malik deyil.

Formal olaraq paritetə əməl olunub: gələn il cavab səfərilə Azərbaycan donanmasının gəmiləri Həştərxana baş çəkəcəklər. Lakin təhliçilər hesab edir ki, səfər gedişatında Andrey bayrağının (Rusiya Hərbi-Dəniz qüvvələrinin bayrağı) nümayişi təsadüfi olmayıb.

"Bu əlbəttə təhdid yox, Rusiyanın Xəzərdə hərbi cəhətdən ən güclü ölkə kimi qüdrətinin simvolik nümayişidir”, - Şahin Abbasov deyib.

"Azərbaycanı patnyordan müttəfiqə çevircəyimizi gözləmək lazım deyil. Gündəm faydalıdır, lakin sıçrayış olmayacaq. Biz Azərbaycanın öz həyatı ilə yaşadığını başa düşməliyik”, - səfərin nəticələrini yekunlaşdıran təhlilçi Andrey Suzdaltsev deyib.

Bu barədə daha geniş