Mahmud Çöhrəqani Bakıda viza "ala bilməyib"

Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Dr. Mahmudəli Çöhrəqani Azərbaycana buraxılmayıb. Səbəbsə onun viza ala bilməməsi olub, Turan Agentliyi yazır.

Bu, ABŞ-da mühacirətdə olan cənab Çöhrəqani Azərbaycanla bağlı ikinci insidentidir. Bundan öncə, 2006-ci ildə Türkiyədən deportasiya olunduğu zaman Bakıya gəlib və həmin gün ölkədən çıxarılıb.

Agentlik yazır ki, onun Bakıya və İstanbula buraxılmaması İranla “əlaqələrin pozulmasından ehtiyat etmək”lə əlaqəlidir.

"Vətənimə buraxmadılar, Vaşinqtona qayıdırıq. Burada bizi saxlayan sərhəd xidmət işçisi ölkəyə buraxılmamağımıza bu sözlərlə aydınlıq gətirdi: "İranla imzalanan təhlükəsizlik anlaşmasına əsasən Çöhrəqaninin Azərbaycana gələrək İran əleyhinə fəaliyyət göstərməsi qadağandır", cənab Çöhrəqani Amerikanın Səsi radiosuna deyib.

Cümə axşamı təxminən axşam 9 radələrində Bakı Beynəlxalq Hava Limanına gələn cənab Çöhrəqani oğlu ilə birgə gecə 4.30-da gəldiyi təyyarə ilə Frankfurta göndərilib.

Dünya Azərbaycanlıları Konqresinin sədri Sabir Rüstəmxanlı deyib ki, qonaq gəlməzdən öncə Azərbaycanın ABŞ-dakı səfirliyinə müraciət etsə də, ona viza verilməyib. Ona vizanı Bakıda əldə etmək “tövsiyyə edilmişdi”.

Dr. Çöhrəqani qarşılamağa DAK üzvləri, İran azərbaycanlıları və jurnalistlər gedib. Məlumata görə, onu qarşılamağa gedənlərdə 40 nəfərini polis saxlasa da, gecə saatlarında sərbəst buraxıb.

Ötən il Türkiyə də tədbirdə iştirak etmək istəyən DAK Məşvərət Şurasının sədri cənab Çöhrəqani ölkəyə daxil olmağa icazə verməyib.

O, 2002-ci ildə İranda azərbaycanlıların hüquqlarının pozulmasına etiraz etdikdən sonra ABŞ vətəndaşlığına müraciət edib.

Bu barədə daha geniş