MSK Cəmil Həsənlinin namizədliyini "təsdiqləyib"

Cəmil Həsənli
Image caption Cəmil Həsənli müxalifətin vahid namizədidir.

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Şuranın əlavə vahid namizədi Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Bununla bağlı MSK-nın bu gün keçirilən yığıncağında səsvermə yolu ilə qərar verilib, bu barədə APA məlumat verir.

Daha əvvəl cənab Həsənlinin seçki təşəbbüs qrupu bəyan etmişdi ki, Cəmil Həsənlinin namizədliyinin təsdiq edilməsi barədə məsələ Mərkəzi Seçki Komissiyasında "müzakirə olunmayıb və müvafiq qərar qəbul edilməyib".

"...namizədliyinin təsdiq olunması ilə əlaqədar qərarın qəbul olunması üçün son müddət bu gün – 29 avqust saat 12.50-də tamam olmasına baxmayaraq, hələ də bu məsələnin MSK-nın toplantısında müzakirə olunub, müvafiq qərar qəbul edilməməsi Azərbaycan Respublikası Seçki Məcəlləsinin 53.6.-cı maddəsinin kobud şəkildə pozulması deməkdir."

Vahid namizədin Mərkəzi Seçki Qərargahı qərar verən quruma Seçki Məcəlləsinə əməl etmək çağırışı edərək bildirib ki, Məcəllədə sənədlərə 5 gün ərzində baxıldığı qeyd olunur.

Namizədliyini irəli sürməsinin protokol sənədləri və prezidentliyə namizədin təsdiq olunması üçün sənədlər MSK-ya 24 avqust saat 12.50-də təqdim edilib.

Cənab Həsənli müxalifət koalisiyasının ehtiyat vahid namizədi kimi avqustun 23-də irəli sürülüb.

Rüstəm İbrahimbəyovun qeydiyyatı

Eyni gündə Milli Şuranın ikili vətəndaşlıq problemi olan vahid namizədi kinodramaturq Rüstəm İbrahimbəyovun vəkili MSK-nı məhkəməyə verəcəyini açıqlayıb.

Vəkil Fuad Ağayev bildirib ki, səbəb Komissiyanın cənab İbrahimbəyovun registrasiyasından imtina etməsidir, Turan agentliyi yazır.

Avqustun 27-də Komissiyanın iclasında bildirilib ki, vahid namizədin qeydiyyatından imtina edilməsi onun həm də, Rusiya vətəndaşı olması, eləcə də son on ildə Azərbaycanda cəmi 1163 gün yaşamasıdır.

Bu arada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası Rüstəm İbrahimbəyovun seçkilərdə namizədliyi ətrafında yaranmış vəziyyəti izləyəcəyini bildirib.

ATƏT DTİHB-in uzunmüddətli müşahidə missiyasının rəhbəri Tana de Zulueta Bakıda jurnalistlərə deyib ki, Rüstəm İbrahimbəyovun namizədliyi məsələsi bu gün MSK nümayəndələri ilə görüşdə müzakirə olunub.

"Biz kütləvi informasiya vasitələrində məlumat oxuduq ki, Rüstəm İbrahimbəyov bununla əlaqədar məhkəməyə müraciət edə bilər. Biz bu məsələni izləyəcəyik”, Zulueta BBC Azərbaycancanın sualına cavab olaraq deyib.

Bu barədə daha geniş