Çingiz Hüseynin bloqu: Baxıram Leninin kitablarına

Çingiz Hüseyn

Baxıram... - dərhal sirlər dolu şüuraltıdan vaxtilə əzbərlədiyim misranın ciqnalı gəldi:

“Baxıram Leninin kitablarına,

Dəstədən geridə qalmamaq üçün...”

Bu, Səməd Vurğunun məşhur şerindəndir (sözün ifasına uyğun, onun mənasını dəqiqləşdirən apostrof nahaq ləğv olundu, “şər” kimi səslənir), çox-çox illərdən sonra bildim ki, represiya qurbanı Mikayıl Müşfiqə həsr edilmişdi, təbii ki, ittihaf tez də silindi-pozuldu: şair qurd ürəyi yemişlərdən deyildi.

Amma onu də deyim ki, şairin işlətdiyi “baxıram” o zaman kəsərli siyasi ittihama səbəb ola bilərdi: “Necə yəni baxıram?! Oxumaq, əzbərləmək gərəkdir!..”

“Oxuyuram” sözü heca şerin ahəngini pozardı, amma şair “oxuram” yaza bilərdi, çünki azərbaycan dilinə uyğun formadır (“bax” – “baxıram”, “gəl” – “gəlirəm”), “oxuyuram” osmanlı türkcəsindəki “baxıyoram, gəliyoram...” səpgisindən idi.

Yox, mənim demək istədiyim bu deyil, başqadır: baxıram dünyada baş verən tamaşalı oyunlara və heyrət dalğaları məni bürüyür. Axı, necə də heyrətlənməyəsən?!

Paradokslar (yəni özünü göstərən qeyri-təbii hallar) yad etdiyim zamanlardan bugünədək davam etməkdədir: bir tərəfdən mənim iki vətənlərimdə rütbə sahibləri ağız dolusu ədalətdən, millətə xidmətdən deyir, o biri tərəfdən isə həmən o şəxslər açıq-aydın xalqin sərvətlərini mənimsəyir, sadəcə olaraq oğurlayırlar; bir tərəfdən sovet dövrü addım başı söyülür, digər tərəfdən isə vaxtilə kommunizm ideyasının qulu olan şəxs millətin atasına çevrilir, sosyalizmə can-başla xidmət etdiyi illər bayram kimi qeyd olunur.

“Bir, iki – bizimki...”

Paradoksların sayı-hesabı yoxdur – birini də söyləyim olsun üç: bir tərəfdən dinlər, bizim islam dinimiz də, barış, sülh, aman-amanlıq rəmzi kimi elan olunur, cümə namazında xoş əməllərə çağırışlar səslənir, gözəl nəsihətlər, müdrik sözlər eşidirik, o biri tərəfdən isə islam adı ilə terror, savaşlar, qırğınlar baş verir, düşmənçilik vəba kimi dünyada yayılmaqdadır, hətta müsəlman müsəlmanı qırır, və bu həm Qurana ziddir, həm də İlahinin təhqirinə bərabərdir.

Lap bugün-sabahkı paradoks, həm Moskvada, həm də Bakıda – mer və prezident seçkiləri: əvvəlçədən nəticələri təşkil olunmuş seçkilərin nə mənası, kimə lazımdır bələ seçkilər?

“Üç, dörd – qapını ört...” – mən də paradoksların davamını oxucularıma həvalə edirəm.

Bu barədə daha geniş