#Cemilhani - İqtidar və müxalifətin "vahid həştəqi"

#Cemilhani
Image caption #Cemilhani altında paylaşılan tvitlər tənqidi yönümlü olsa da, sonradan müxalifəti dəstəkləyənlərin də şüarına çevrilib.

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Londona səfərə getməsindən sonra Twitterdə hökümətyönlü İrəli İctimai Birliyinin sədri Rauf Mərdiyev #Cemilhani həştəqi ilə video paylaşıb.

Bu həştəq altında paylaşılan tvitlər tənqidi yönümlü olsa da, sonradan müxalifəti dəstəkləyənlərin də şüarına çevrilib.

Cənab Mərdiyev #Cemilhani həştəqi atlında sentyabrın 9-da Youtube şəbəkəsinə yerləşdirilən videonu da əlavə edib. Videoda "Fantotsi" fransız filmindən fraqment verilib və "siyasi karikatura" adı ilə yerləşdirilib.

"Fantotsi-2013 Cəmil Həsənlinin sərgüzəştləri" sözləri ilə başlayan videoda şərti olaraq Milli Şuranın binası göstərilir və arxa fonda "burada iş görməyib, pul qazananlar var. Onlar nə bizim üçün, nə də qrant üçün çalışır, onlar pislik edib aradan çıxır" sözləri səsləndirilir.

#Cemilhani haştəqli status yazanların bir qismi "Bəs #Cemilhani?" sualı ilə fikir bildiriblər. İstifadəçilərin bir hissəsi müxalifətin namizədinin "meydanda qaçdığını" iddia olunan tvittlər paylaşıblar.

Twitterdə Arxay Ceferli adlı istifadəçi "Elə də deyirdilər Milli Şura elədi belədi, hanıye heç kəs görünmür #aztwi #Cemilhani" deyə tvit yazıb.

Rauf Mardiyev ingilis dilində yazıb ki, "Azərbaycanlı Twitter istifadəçiləri müxalifət namizədi Cəmil Həsənlin #cemilhani həştəqilə axtarırlar :)".

Huseyn Mammadoff "Rüstəmin dalınca indi də Cəmili itirdik (red. itirdik) :((( #cemilhani" deyə münasibət bildirib.

"Vahid" həştəq

Tənqidi tvitlərin ardından Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılova cənab Həsənlinin Milli Şuranın son sessiyasında hakimiyyətin ünvanına dediyi tənqidlər səsləndirilən videosunu paylaşıb. Bunun ardınca cənab Həsənlini dəstəkləyən tvitlər yazılıb.

Turkan Huseynova deyib ki, "hər kəsin öz təbliğat məkanları var. AzTv sizin, internet bizim #Cemilhani"

Bakhtiyar Hajiyev ‏#Cemilhani sualını verənlərə belə cavab verib: "Cəmil Londonda görüşlər keçirir, sabah gələcək. Bəs sizin yaltaqlandığınız ağsaqqal hanı?"

NİDA vətəndaş hərəkatından Turqut Qəmbər belə yazıb: "Nəzərə alın ki, Cəmil bəy prezident seçiləndə ona yaltaqlana bilməyəcəksiniz, çünkitamam başqa sistem qurulacaq, ey #cemilhani deyənlər."

Fərid Mehrəlizadə "Cəmil Həsənli vahid namizəd olduğunu təsdiqlədi :) #cemilhani hashtagı müxalifət və iqtidarın vahid hashtagı oldu :)" deyə münasibət bildirib.

Cümə axşamı Mərkəzi Seçki Komissiyası Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin prezidentliyə namizədliyini təsdiqləyib.

Cənab Həsənli senytabrın 11-də Londona Britaniya Kral İnstitunun dəvəti ilə səfərə gedib. Onu "El" Hərəkatının sədri Eldar Namazov müşayiət edir.