Azərbaycanda ilk sədrsiz partiya yaradılır

İlqar Məmmədov
Image caption Həbsdə olan İlqar Məmmədovun namizədliyi qeydiyyatdan keçməyib.

Gələn ilin birinci yarısında REAL siyasi hərəkatının partiyaya çevrilməsi prosesi sona çatacaq.

Bu haqda BBC Azərbaycancaya danışan hərəkatın məclis sədri Erkin Qədirlinin sözlərinə görə, parlamentli partiya tipli partiya qurulacaq.

“Biz bu hərəkatı siyasi təşkilat kimi yaratmışdıq və təməlinin sağlam olması, başqa təşkilatların mənfi təcrübəsindən, siyasi satqınlıq kimi məsələlərdən uzaq olmaq üçün üzvlük siyasətimizi çox sərt və mühafizəkar qurmuşduq. Amma indi heyətimizi genişləndirmişik, ideoloji kimlik qazanmışıq.”

Cənab Qəridlinin sözlərinə görə, hərəkatın idarəedici orqanı kollegial seçilib və qurulacaq partiyada da sədr olmayacaq.

“Seçki prosesində iştirakımız bizim üçün böyük sınaqdı və imza toplama kampaniyasını uğurla həyata keçirdik. Strukturumuzu dəyişdirməyi düşünürük. Partiyanın idarəedici orqanı ilə yanaşı siyasi qərarların qəbulunda iştirak etməyən icraedici orqanı da fəaliyyət göstərərcək. Bu media üçün yeni xəbər olsa da, biz bunu çoxdan planlaşdırmışdıq və seçki prosesinin imkanlarından yararlanaraq bunu açıqlayırıq.”

Məclis üzvü partiyanın nizamnaməsinin hələ hazır olmadığını deyib.

“Azərbaycanda partiya yaratmaq istəyən təşkilatın bəlli formada nizamnaməsi olmalıdır. Partiyanın proqramını seçki təbliğat kampaniyasına buraxılsaq açıqlayacağıq, yəni burda prinsipial fərq olmayacaq.”

Partiyanın adına gəldikdə cənab Qədirli bunun texniki məsələ olduğunu və zamana uyğun ad seçmək istədiklərini bildirib.

“İndiki durumu ifadə edən çağırış xarakterli ad seçmək istəyirik. Amma bu zaman ölkədə qeydiyyatdan keçmiş 54 siyasi partiyanın adıyla üst-üstə düşən məqamlar ola bilər. Ona görə zamanın dəyişməsinə uyğun ad seçə bilərik.”

REAL hərəkatı 2008-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və kollegial idarəçilik sistemində fəaliyyətə başlayıb. İdarə Heyətinə ölkənin tanınmış ziyalılarından ibarət 12 nəfər daxildir.

İdarə Heyətinin sədri İlqar Məmmədov bu il fevralın 4-də həbs olunub. O, yanvarın 23-ü və 24-də İsmayıllıda hökumət əleyhinə iğtişaşlar təşkil etməkdə ittiham olunur və istintaq bu günə qədər davam edir.

Cənab Məmmədov prezidentliyə namizədliyini irəli sürüb və imzatoplama kampaniyasında 41 247 imza toplayıb.

Vəkil Xalid Bağırov cənab Məmmədovun seçki təbliğat kampaniyası müddətinə azadlığa çıxması ilə bağlı Baş Prokurorluğa müraciət edib. Lakin bu günə kimi müraciətə cavab verilməyib.