İranda 11 siyasi məhbus "azad edilb"

Nəsrin Sotudə
Image caption Tanınmış insan haqları müdafiəçisi Nəsrin Sotudənin həyat yoldaşı Facebook səhifəsində yazıb: "Nəsrin gəldi... Onlar ona dedilər ki, azadsan."

Məlumata görə İranda azı 11 siyasi məhbus, o cümlədən tanınmış insan haqları müdafiəçisi Nəsrin Sotudə azad edilib.

Səkkiz qadın və üç kişidən ibarət olan siyahıya islahatçı siyasətçi Mohsen Əminzadənin də daxil olması deyilir.

Xanım Sotudə 2010-cu ildə həbs olunmuşdu və milli təhlükəsizliyə qarşı fəaliyyət göstərmək ittihamları ilə altı illik həbs cəzası almışdı.

Məhbusların azad olunması barədə xəbər, İranın yeni prezidenti Həsən Ruhaninin BMT Baş Assambleyası üçün Nyu Yorka səfərindən bir neçə gün öncə yayılıb.

Seçki kampaniyasında cənab Ruhani siyasi məhbusları azad edəcəyini vəd etmişdi.

Xanım Sotudənin həyat yoldaşı Reza Xandan çərşənbə günü Facebook səhifəsində yazıb: "Nəsrin gəldi... Onlar ona dedilər ki, azadsan", Reuters xəbər verir.

Cənab Xandan bundan başqa şərh verməyib.

Keçmiş Prezident Məhəmməd Xətaminin hakimiyyətində xarici işlər nazirinin müavini Mohsen Əminzadə 2010-cu ildə etiraz aksiyaları təşkil etmək və sistemə qarşı təbliğat aparmaq ittihamları ilə həbs olunmuşdu.

O, məğlub olmuş prezidentliyə namizəd Mir Hüseyn Musavinin görkəmli tərəfdarı olub.