ATƏT İqbal Ağazadənin Ağstafada seçicilərlə görüşündə olanları "araşdırır"

İqbal Ağazadə
Image caption Foto: Ümid Partiyasının sədr müavini Aynur İmranovanın iznilə

ATƏT-in müşahidə missiyasının nümayəndələri Ümid Partiyasının sentyabrın 22-də Ağstafada seçicilərlə keçirdiyi görüşdə baş verənlərlə bağlı araşdırma aparmaq üçün partiyanın qərargahına gəliblər.

Bunu BBC Azərbaycancaya Ümid Partiyasının sədri, prezidentliyə namizəd İqbal Ağazadənin seçki qərargahının rəhbəri Taleh Əliyev bildirib.

“Görüşdə baş verənlərlə bağlı video və foto materiallarla tanış olmaq üçün ATƏT-in müşahidə missiyası partiya qərargahındadır və onlar baş verənlərlə bağlı İqbal Ağazadənin özü ilə də görüşüb söhbət aparıblar.”

Sentyabrın 22-də Ümid Partiyasının ilk təbliğat mitinqinin Ağstafada keçirilməsinə maneələr yaradılması iddia olunur.

“Mitinqin keçiriləcəyi stadionlara insanların gəlməsinə maneələr yaradılıb. Meydana 5 min seçici gələcəyini planlaşdırsaq da, yalnız partiyanın elektoratı stadiona gələ bilib. İqbal bəyin gəlişindən sonra polislə yaranmış qarşıdurmadanın ardınca yürüş etmək istəyimizin də qarşısı alınıb”, cənab Əliyev deyib.

Partiya funksionerinin sözlərinə görə, yerli mediada xəsarət alanların olması haqda yazılanlar doğru deyil.

“İnsanları mitinqə gəlməkdən fikrindən daşındırmaq üçün hətta gənclərin valideynləri belə təhqir olunub. Total şəkildə insanların meydana gəlməyinin qarşısı alınan zaman mən icra hakimiyyətinin müavinini yerli icra orqanlarının hərəkərlərindən şikayət etsəm də, o heç bir problemin olmadığını və insanların yaxın qohumlarını mitinqə gəlməkdən çəkindirdiyini bildirdi”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov Ağstafada baş verdiyi iddia olunan hadisələrlə bağlı deyib ki, yazılanlar doğru deyil və görüş heç bir insident olmadan keçib.

DİN sözçüsü deyib ki, görüşə gələnlərin sayı 70-80 nəfər olduğundan partiya üzvləri rayon mərkəzinə yürüş etmək istəyiblər.

“Lakin polis onların bu cəhdinin qarşısını alıb və qayıdıb ayrılmış yerdə nəzərdə tutulan vaxta qədər seçicilərlə görüş keçirilməsini təklif edib. Bu zaman isə heç bir insident yaşanmayıb”, o Qafqazinfoya bildirib.

Cənab Əliyev baş verənlərlə bağlı Mərkəzi Seçki Komissiyasına, yerli və beynəlxalq müşahidəçi qruplarına müraciət olunacağını bildirib.