Nyu Yorkda İran prezidentini azərbaycan türkləri “qarşılayıb”

Həsən Rohani
Image caption Həsən Rohani BMT-də çıxış edəcək.

İran Prezidenti Həsən Rohani Birləşmiş Millətlər Təşkilatında çıxış etmək üçün Nyu Yorka gəlib.

Son günlər qəfil diplomatik gedişləri ilə Qərbdə çoxlarının ürəyini “ovsunlayan” və eləcə də ölkəsində milyonların diqqətini çəkən İranın, amerikalı təhlilçilərin təbirincə “Diplomatik şeyx” ləqəbli yeni prezidenti Həsən Rohani İslam respublikasının beynəlxalq imicininə “əl gəzdirmək” məqsədilə bazar ertəsi BMT tribunasından dünya ictimaiyyətinə səslənib.

New York vaxtı ilə günün ikinci yarısında baş tutacaq çıxış ABŞ prezidenti Barak Obamanın Baş Assambleyaya müraciətindən saatlar sonraya təsadüf etdiyi üçün xüsusilə diqqət çəkib.

Bu, 1979-cu il İslam İnqilabından bu yana Vaşinqtonla Tehran arasında ilk yüksək səviyyəli təmas hesab olunur.

Rohaninin Baş Assambleyada çıxışından Qərbdə bəribaşdan müxtəlif gözləntilər səslənsə də, İran liderinin yolunu BMT binası qarşısında etirazla “gözləyənlər” də olub–- azərbaycanlılar...

"Rohani, vədin hanı?"

“Rohaniyə inanmırıq, o, bizə verdiyi vədlərin heç birini hələ tutmayıb,” Vaşinqtonda BBC-Azərbaycancaya müsahibəsində bazar ertəsi keçirilmiş aksiyanın təşkilatçılarından olan "Güney Azərbaycan Sosial və Mədəni Araşdırmalar Mərkəzi"nin sədri Davud Turan aksiyadan öncə BBC Azərbaycancaya bildirib.

Onun təbirincə, İran prezidentinin bu yaxınlarda “Qərb ictimaiyyətinə hesablanan” çıxışları, eləcə də ötən həftə gözlənilmədən 11 siyasi məhbusu azad etməsi azərbaycanlılardan “yan keçib”.

“Basqılar azalmır, artır… Onlarla siyasimiz günahsız yerə hələ də zindandadır. Aralarında heç nədən 8 illik cəza almış Səid Mətinpour və başqaları da var. Azərbaycanlıların azadlığı ilə bağlı nəinki heç bir iş görülmür, əksinə həbs dalğaları davam edir. Keçən həftə də yeni həbslər olub,” deyə o, vurğulayıb.

BMT binası qarşısındakı aksiyanın məqsədi təşkilatçıların təbirincə, Güney Azərbaycan türklərinin səsini çatdırmaqla yanaşı, həm də “dünyanın gözünü açmaq” olacaq. Belə ki, onların fikrincə, prezident Rohanini “Qərbi ovsunlama” siyasətinə sanksiyalar vadar edib.

İranda hakimiyyət ötən həftə beynəlxalq insan haqları təşkilatlarının "siyasi məhbus" kimi tanıdığı 11 dustağı azad edib.

Sanksiyalar işini görür…

“Sanksiyalar İranda həyata ciddi təsir göstərib. Orada yaşamaq çətinləşib. Ona görə də Rohaninin məqsədi şirin dil ilə bu sanksiyaları azaltmaqdır,” deyib azərbaycanlı fəal.

Onun təbirincə, Rohani Qərbə doğru addım atmaq istəyirsə, ilk növbədə adi insan haqlarından - azərbaycanlıların hüquqlarını verməkdən başlasın.

“Rohani seçki təbliğatı dönəmində bizə vədlər vermişdi. Azərbaycan dilində dil qurumunun yaradılmasından bəhs edirdi, heç onu da etmədi. Urmiya gölünün quruması ilə bağlı nəinki heç bir tədbir görməyib, hətta bu barədə danışanları həbs edirlər. Daha öz aramızda toplaşıb təbiətdən danışa bilmirik,” deyə o vurğulayıb.

New Yorkda mənzillənən insan haqları üzrə Human Rights Watch təşkilatı ötən ay İran hakimiyyətini həbsdəki azərbaycanlı fəalları “dərhal və şərtsiz azadlığa buraxmağa” səsləyib.

Təşkilat avqustda prezident Rohaniyə məktub yazaraq, ölkədə etnik həbslərə son qoyulmasına və digər xalqların haqlarını tanımağa çağırıb.

Müraciətə səbəb son olaraq Güney Azərbaycan hərəkatının 5 üzvünün öz mədəni haqları uğrunda sülhpərvər fəaliyyətinə görə ağır həbs cəzasına məruz qalması olub.

Təbriz məhkəməsi iyunun 16-da Mahmud Fazli, Şahram Radmehr, Lətif Hassani və daha iki fəalı 9 il müddətinə azadlıqdan məhrum edib.

"Rohani sözəbaxan ola bilər..."

Image caption Etiraz nümayişində İranda insan haqlarının təmin olunmasına çağırıblar.

Öz növbəsində, Vaşinqtonda İran araşdırmaları üzrə siyasətçi və təhlilçilər məhz sanksiyalar və artan daxili etnik gərginliyi əsas gətirərək, İranın yeni prezidentinin “nəhayət, beynəlxalq rəylə hesablaşma siyasəti tutacağına” ümidlərini itirmirlər.

ABŞ paytaxtında mənzillənən Milli Təhlükəsizlik Araşdırmaları Mərkəzinin təhlilçisi Norman Baileyın fikrincə, hətta Rohani ilə dip tapsa belə, Qərb İranda uzunmüddətli sülhə nail olmaq istəyirsə, "ölkə əhalisinin dörddə birini təşkil edən, şimal sərhədləri boyunca yayılmış Azərbaycan türklərinə qarşı baş verənlərə, onların haqlarına eləcə də digər sərhədlərdə kürdlər və bəlucların vəziyyətinə yaxından diqqət ayırmalıdır".

“Ölkəsinin üzləşdiyi itqisadi, həm də etnik problemlər məngənəsidə cənab Rohani hətta nüvə silahı məsələsində də sözəbaxan ola bilər,” təhlilçi BBC-Azərbaycancaya deyib.

Bu barədə daha geniş