Məhkəmə Pərviz Həşimlinin şikayətini təmin etmədi

Bakı Apellyasiya Məhkəməsi jurnalist Pərviz Həşimli üçün məhkəmə qərarı ilə seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqda birinci instansiya məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib.

Məhkəmə apellyasiya şikayətinin təmin olunmaması haqda qərar qəbul edib, APA xəbər verir.

Bundan öncə Səbail Rayon Məhkəməsi jurnalistin barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxsa da, şikayəti təmin etməyib.

Kassasiya şikayəti oktyabrın 8-də verilib. Məhkəmə vəsatəti təmin etməyib və apellyasiya şikayəti həmin qərardan verilib.

Vəkillə görüş

Bundan əvvəl Pərviz Həşimlinin vəkili Bəhruz Bayramov jurnalistlə görüşüb.

Cənab Bayramov BBC Azərbaycancaya deyib ki, müvəkkili ilə qısa görüşdə jurnalist ümumi vəziyyətinin "pis olmadığını" söyləyib.

“Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında qısamüddətli görüşümüz oldu. Pərviz dövri qəzetlərin ona verilməməsindən, ailəsi ilə görüşə bilməməsindən şikayət etdi”, vəkilin sözlərinə görə, jurnalistlə uzunmüddətli görüş bazar ertəsi gözlənilir.

Pərviz Həşimli sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə həbs olunub.

Onlara qarşı "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı və odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma" maddələri ilə cinayət işi açılıb və 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

"..jurnalistdir, terrorçu deyil"

Jurnalistin atası Kamran Həşimov isə cümə axşamı milli təhlükəsizlik naziri, general Eldar Mahmudova müraciət edib.

“Mənim oğlum Pərviz jurnalistdir, ”terror"çu deyil. Oğlumu işlədiyi ofisdən sizin əməkdaşlarınız çağırtdırıb aparan zaman ona zor tətbiq edilib, məcburən “Wolksvagen” markalı maşına otuzdurulub. Maşında olan silah-sursatın İrandan ona göndərildiyi bildirilib. Pərviz Həşimli bir dəfədə olsun ki, İran İslam Respublikasında olmayıb. Sizin sənədlərdə adlarını çəkdiyiniz İran vətəndaşlarını şəxsən tanımır, heç bir görüşü və telefon söhbətləri də olmayıb”, “Yeni Müsavat” qəzetindəki müraciətdə deyilir.

Jurnalistin atası oğlunun “MTN əməkdaşları tərəfindən xeyli müddət izləndiyini” bildirib.

“Ailəsi və uşağı qorxu keçirdiyi üçün o, yaşadığı evin həyətinə və divarlarına müşahidə kameraları yerləşdirib”.

Müraciət müəllifi jurnalistin həbsinin səbəbləri haqda yazıb ki, “bəzi şəxslər vaxtilə dövlət qulluğunda işləmiş, hazırda da dövlət qulluğunda çalışan bir sıra insanları prezidentin gözündən salmağa çalışır” və bunun üçün jurnalisti vasitə kimi istifadə edir.

”Guya bu şəxslərdən Pərviz vasitəsilə müxalifətə və onun nümayəndəsi olan Əli Kərimliyə dəfələrlə pul transfer edilib. Əgər belə hal mümkün idisə, nə üçün MTN əməkdaşları Pərvizi əvvəlcədən nəzarətə götürməyib və onu pul apararkən yaxalamayıblar? İstəyirəm biləsiniz ki, oğlumun haqsız yerə heç kim üzərinə böhtan ata bilməz”.

Jurnalistin atası müraciətin sonunda “mühüm işlər də var ki, möhtərəm prezidentin qəbuluna düşərəmsə, hər bir işə aydınlıq gətirməyə qabiliyyətim çatır” deyə bildirib.

MTN-nin məlumatına görə, hər iki şəxs İran İslam Respublikasının Rza və Hüseyn adlı vətəndaşları ilə əlbir olaraq satış məqsədilə odlu silahları və döyüş sursatını qaçaqmalçılıq yolu ilə, yəni gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycana gətiriblər.

Cənab Həşimli ona qarşı irəli sürülən ittihamları rədd edib. Jurnalistin yaxınları ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu və peşə fəaliyyətinə görə təqib olunduğunu deyir.