Gülüstan müqaviləsi 200: Respublikanın başlanğıcı?

Xəritə
Image caption Xəritə: Rusiya - Qafqaz - İran

200 il bundan əvvəl bu gün – 1813-cü ilin 12 oktyabrında Rusiya İmperiyası ilə İran arasında sülh müqaviləsi imzalanıb.

Rusiya tarixşünaslığında “sülh müqaviləsi” kimi yad edilən bu hadisə, əslində Rusiya ilə müharibədə uduzmuş Qacar İranının Qafqazdan Rusiyanın xeyrinə əl çəkməsi idi.

Bu müqaviləyə əsasən Naxçıvan və İrəvan xanlıqlarını çıxmaq şərtilə Arazın şimalındakı bütün Azərbaycan xanlıqları Rusiyanın təbəəliyinə keçirdi.

Sonradan, 1828-ci ildə, ikinci Rusiya-İran müharibəsindən sonra, balaca Türkmənçay kəndində daha bir “sülh” müqaviləsi imzalanacaq və bu dəfə Naxçıvan və İrəvan xanlıqları da Rusiyaya qatılacaqdı. Yeri gəlmişkən, Türkmənçay müqaviləsinin də bu il 185 ili tamam olub.

İran-Qafqaz teatrının tamaşaçısı

Bir sıra müasir İran deputatlarının bu torpaqların İrana qaytarılması tələbi anaxronizm hesab edilə bilər, çünki bütün 18-ci əsr ərzində kəsilmək bilməyən İran-Osmanlı müharibələri hər iki dövləti o qədər əldən salmışdı ki, Gülüstan və Türkmənçay müqavilələri imzalananda İran faktiki olaraq Qafqaz üzərində heç bir hakimiyyətə malik deyildi.

Əvəzində, çox sayda Azərbaycan feodal dövlətləri – xanlıqlar yaranmışdı və onlar özlərini getdikcə daha suveren görürdülər.

Məhz bu “suverenlik” Rusiya İmperiyasına hər bir xanlıqla ayrılıqda əlahəzrət çarın təbəəliyinə keçmələri bardə separat müqavilələr imzalamaq imkanı vermişdi. Yəni Rusiya Qafqazın qoparılmasının hüquqi əsasını hələ Gülüstan və Türkmənçay müqavilələrindən xeyli əvvəl hazırlamışdı.

Sonralar sovet tarixşünaslığında söhbət artıq Qafqazın Rusiyaya “könüllü birləşdirilməsindən” gedirdi.

Bu müqavilələrə qədər Rusiya xanlıqların formal mövcudiyyətinə dözürdü, çünki beynəlxalq qanunlar baxımından bölgənin işğalını hələ əsaslandırmamışdı. (Sonralar xanlara general rütbələri paylanacaq və çar xəzinəsindən maaş da kəsiləcəkdi. Daha sonra isə xanları bu dekorativ titullardan da məhrum edəcəkdilər.)

Əgər nəzərə alsaq ki, artıq 18-ci əsrin əvvəllərində Birinci Pyotr öz gəmiləri ilə Xəzəryanı ərazilərə “baş çəkmişdi”, bəlli olar ki, İran çoxdan bəri Qafqaz teatrının sadəcə tamaşaçısı idi.

Gürcüstan və Dağıstan

Maraqlıdır ki, Azərbaycanın tarixində müstəsna rol oynamış bu müqavilə onunla əlaqədar olan hazırkı müasir dövlətlərin tarixşünaslığında fərqli şəkildə təqdim olunur və öyrənilir.

Image caption Xəritə: Rusiya - Qafqaz - Cənubi Qafqaz dövlətləri - İran

Yaddan çıxarmaq olmaz ki, Gülüstan müqaviləsi ilə təkcə müasir Azərbaycan Respublikasına aid torpaqlar deyil, həm də Dağıstan camaatlıqları və Gürcü çarlıqları Rusiyanın ixtiyarına keçmişdi. Hərçənd Tehranda gürcü çarlarını hələ də xan adlandırırdılar, lakin gürcülər üçün başçıları çar idilər və Rusiya da Cənubi Qafqazda ilk müqaviləsini məhz Gürcüstan çarlığı ilə imzlamışdı.

Rusiyanın işlətdiyi bu “süveren” xanlıqlar fəndi sonradan Qafqaz xalqlarının həqiqi müstəqilliyinə yol açacaqdı.

Əslində, Gülüstan müqaviləsi ilə, gələcək Gürcüstan və Azərbaycan respublikalarının ən azı cənub sərhədləri çəkilmişdi.

Ermənistanla bağlı məsələ bir az mürəkkəbdir. Çünki 1918-ci ilin mayında Gürcüstan, Azərbaycan və Ermənistan öz müstəqilliklərini elan etdikdən sonra məlum olmuşdu ki, ermənilərin müstəqilliyi icra etmələri üçün, sadəcə olaraq yerləri yoxdu.

1918-ci ildə Azərbaycan və Gürcüstan (əsasən Azərbaycan) öz ərazilərindən kəsib Ermənistan Respublikasının yaradılmasına yardım etdilər.

Ermənistan Respublikası 1828-ci il Türkmənçay müqaviləsi əsasında İrandan Rusiyaya keçən İrəvan xanlığının ərazisində qurulmuşdu.

Bu tarixi hadisələri məntiqlə düzəndə, müasir Cənubi Qafqaz ölkələrinin təşəkkülündə Gülüstan və Türkmənçay müqavilələrinin müstəsna rol oynadığını deyə bilərik.

Əslində, tarixən İranın özü də bu əraziləri işğal etmiş, ən azı Şirvanşahlar dövlətini yer üzündən silmişdi.

Yəni lap dərinə gedəndə, bu torpaqlar Rusiyanın olmadığı kimi, tam mənasında İranın da deyildi.

Osmanlı İmperiyası Qafqaz hegemonluğunu belə itirdi

Lakin iki yüz il əvvəl oynanan bu tarixi dramda başqa iştirakçılar da vardı. Onlardan ən mühümü Osmanlı İmperiyası idi. Əslində Gülüstan müqaviləsinin imzalanması üçün İstanbul sarayının da rəsmi razılığı lazım olmuşdu.

Image caption Doktor Harun Yılmaz

BBC-nin Azərbaycan xidməti Qafqaz və Mərkəzi Asiya, habelə Ukrayna üzrə tanınmış ekspert, doktor Harun Yılmazla söhbət edib. Cənab Yılmaz İngiltərənin Oksford Universitetində müəllimlik fəaliyyəti ilə məşğul olur. Namizədlik və doktorluq dissertasiyalarını da bu universitetdə müdafiə edib. O həmçinin araşdırmaçı-alim kimi Harvard Universitetində çalışıb. Harun Yılmazın tədqiqat mövzusu Stalin zəmanəsində Azərbaycan, Qazaxıstan və Ukraynada milli kimlik quruculuğudur. Onun “Sovet Tarixşünaslığında Milli Kimlik: Stalin Hakimiyyəti Altında Milli Quruculuq” ("National Identities in Soviet Historiography: Building Nations under Stalin") adlı kitabı gələn il Routledge nəşriyyatında işıq üzü görəcək.

Doktor Harun Yılmaz bildirib ki, Gülüstan müqaviləsi hazırkı geosiyasi durumun təşəkkülündə həlledici rol oynayıb.

Alim bu müqaviləni hətta regionun tarixində “kilometr daşı” adlandırır.

O bildirir ki, Gülüstan müqaviləsi təkcə İran-Rusiya müharibəsinə deyil, həm də bu bölgə uğrunda 300 il idi ki, davam edən İran-Osmanlı müharibəsinə son qoyub və həmin andan etibarən Rusiya bölgədə çox güclü bir oyunçuya çevrilib.

Harun bəy qeyd edir ki, Gülüstan müqaviləsi həm də Britaniyanın bu bölgədə nə qədər böyük rol oynadığını göstərdi, çünki əslində, İranı Rusiya ilə müqavilə bağlamağa Britaniya İmperiyası sövq etmişdi. Ekspert vurğulayır ki, İranı Rusiya ilə müharibəyə də elə Britaniya diplomatiyası çəkmişdi.

Elə isə Gülüstan müqaviləsi müasir geosiyasi durumun nə dərəcədə əsasını qoymuş bir akt hesab edilə bilər?

Doktor Yılmazın fikrincə, bu məqbul bir yanaşmasdır. Lakin onun fikrincə, Gülüstan müqaviləsi nəinki Rusiyanı bölgəyə gətirib, hətta dominant bir oyunçu kimi gətirib və o zamandan bəri İran və Türkiyə Qafqaz bölgəsində ikinci dərəcəli oyunçulara çevriliblər.

Harun bəy qeyd edir ki, bəzi tarixi məqamları çıxmaq şərtilə həmin balans bu günədək davam edir.

Cənubi Qafqaz İranın əlindən alınıbmı?

Lakin Azərbaycan tarixində, ədəbiyyatında və ictimai şüurunda bu iki müqavilə ilə bağlı yaranmış – “ikiyə bölünmüş Azərbaycan” məfhumu var.

Doktor Harun Yılmaz bu fikri bölüşür və bildirir ki, Gülüstan müqaviləsinə qədər onun sərhədə çevirdiyi Araz çayının hər iki tərəfində əsrlər boyunca eyni dildə danışan, yəni türkdilli və eyni mədəniyyəti olan böyük etnik bir toplum vardı.

Gülüstan müqaviləsi nəticəsində bu toplum bir gecənin içərisində iki ayrı-ayrı dövlətin hüquqi sferasına düşdü.

Alimin fikrincə, bu ayrılıq 19-cu əsrdə o qədər də hiss olunmurdu, lakin 20-ci əsrdən etibarən toplumun ikiyə bölünmüş hissələri arasındakı fərq modernləşmə və şəhərləşmə nəticəsində sürətlə artmağa başladı. Bununla da eyni bir etnolinqvistik toplum və ya əhali, daha doğrusu xalq iki ayrı mədəni inkişaf layihəsinə cəlb olundu.

Doktor Yılmaz deyir ki, belə bir tale bir sıra başqa xalqlar, məsələn, ukraynanılar tərəfindən də yaşanıb. Ukraynanın qərbi və şərqi arasında çox böyük mədəniyyət və inkişaf fərqləri vardır. Buna səbəb isə Qərbi Ukraynanın uzun müddət Avstriya-Macarıstan İmperatorluğunun təsir dairəsində, Şərqi Ukraynanın isə Rusiyanın tərkibində olmasıdır. Məhz buna görədir ki, bu gün bu iki ərazi vahid Ukrayna dövlətində birləşsə də, fərqlər bir hüquqi Ukraynanın içində iki Ukraynanın idarə edilməsində böyük siyasi çətinliklər yaradır.

Maraqlıdır ki, 200 il əvvəl imzalanmış Gülüstan müqaviləsi yenə də zaman-zaman və çox vaxt da populist səviyyədə siyasət meydanına gətirilir.

Məsələn, elə bu il rəsmi Bakının bəzi siyasətləri İran İslam Respublikasını qıcıqlandırdığından bu ölkənin bir sıra millət vəkilləri o zaman Rusiyaya verilmiş ərazilərin geri qaytarılması üçün beynəlxalq səviyyədə təşəbbüs göstərməyə çalışmışdılar.

Halbuki, ən azı erkən orta və orta əsrlərdə Cənubi Qafqaz ərazisində Albaniya, Şirvanşahlar kimi dövlətlər mövcud olmuşdu. Bu mənada “Qafqaz İranın əlindən alınıb” ifadəsi nə dərəcədə həqiqətdir?

Bu suala cavabında doktor Yılmaz bildirir ki, İranın son iki min ildəki tarixi ərzində bu dövlətin coğrafi özəyi Mərkəzi İran olub. Bu dövlət gücləndiyi vaxtlarda bütün istiqamətlərdə, o cümlədən şimal və ya Qafqaz istiqamətində də genişlənməyə can atıb və genişlənib də. Lakin bu dövlət zəif vaxtlarında həmin ərazilərdən geri də çəkilib. Bu kimi proseslər Mərkəzi Asiyada da gedib.

Harun Yılmazın fikrincə, müasir Azərbaycanın ərazisi bir növ, böyük güclər arasında bufer zonası rolunu oynayıb. Lakin Azərbaycanın öz xanlıqlarının irsinə sahiblənməsi olduqca normal bir haldır.

Onun fikrincə, Azərbaycan xanlıqları geosiyasi oyunda hansının güclü olmasından asılı olaraq gah Osmanlı İmperiyasına, gah da İrana söykənirdilər və bu mənada artıq xanlıqların öz xarici siyasətləri vardı. Ekspert bildirir ki, əslində bu bölgədə nə İranın, nə Osmanlının daimi və sabit hakimiyyətinin olmaması, bu bölgəni, qeyri-sabitliyi ilə bir növ “müstəqil” etmişdi.

Gülüstandan respublikaya

Və nahəyat Harun bəyə tarixçi üçün naşı səslənə biləcək bir sual da verirəm?

-Gülüstan müqaviləsi olmasaydı, Cənubi Qafqazın müstəqil dövlətləri - Azərbaycan, Gürcüstan, lap elə Ermənistan olardımı?

Nə tarix, nə də tarixçilər felin şərt formasını qəbul etmirlər. Harun bəy də bildirir ki, Gülüstan bir qədər gec də ola bilərdi, lakin mütləq olacaqdı. Onun fikrincə, Rusiyanın İranla bağladığı bu müqavilə onun artıq Qərbi Avropa, ən əsası Britaniya İmperiyası ilə rəqabətinin başlanması demək idi. Bu mənada Cənubi Qafqaz artıq Avropa ölkələrinin rəqabət meydanına çevrilmişdi və məhz bu səbəbdən də ruslar gec-tez Qafqaza gələcəkdilər.

“Gülüstan müqaviləsi olmasaydı belə, - deyir Harun Yılmaz, - Rusiyanın artmaqda olan qüdrəti ona nəinki Şimali, hətta Cənubi Azərbaycanı da zəbt etmək imkanı verəcəkdi. 1812-ci ildə Rusiya Napoleonu məğlub etmişdi və artıq ordusunu İran sərhədinə gətirə bilərdi. Britaniya diplomatiyası bu təhlükəni görmüş və əslində İran şahını bu müqaviləni imzalamağa məcbur etmişdir. Londonun məqsədi Rusiyanın Hindistana gedən yollarını bağlamaq idi. Lakin eyni zamanda bu müqavilə Azərbaycanın ikiyə bölünməsini şərtləndirdi”.

Harun Yılmazın qənaətinə görə, azərbaycanlıların milli kimliklərinin formalaşması artıq Rusiya imperiyasının tərkibində gedib. Alim deyir ki, 19-cu əsrin sonlarında, 20-ci əsrin əvvəllərində Rusiya öz iqtisadi inkişafına qədəm qoyanda, Cənubi Qafqaz, ələxüsus da Bakı və Tbilisi bu inkişafın ön sıralarında idilər. O bu qənaətdədir ki, Cənubi Qafqazlıların milli kimliklərinin formalaşması, milli hissiyatın kristallaşması bütün bu proseslərlə paralel gedib.

O şey ki, olmalıydı, o mütləq olacaqdı

“Mənə görə, Azərbaycanın Rusiyanın tərkibindəki hissəsi Azərbaycan milli ideyasının inkişafında mütərəqqi rol oynayıb, - deyir Harun Yılmaz, - 19-cu əsrin ikinci yarısında Bakı və Yelizavetpol quberniyalarındakı sürətli iqtisadi inkişaf, heç şübhəsiz Rusiyadakı inkişafın tərkib hissəsi idi. Artıq 1900-cü illərdə Bakı Təbrizlə müqayisə olunmayacaq dərəcədə inkişaf etmişdi.”

Harun Yılmaz bildirir ki, bu dövrdə artıq Azərbaycandakı inkişaf, Azərbaycan ziyalıları Türkiyənin özündə ictimai-siyasi şüurun inkişafında bir faktora çevrilmişdi.

Onun fikrincə, bütün bunlar bölgənin İranın tərkibində qalacağı təqdirdə olmaya və ya gec ola bilərdi.

Ekspertin fikrincə, Gülüstan və Türkmənçay müqavilələri İran xanədanı üçün bir şok olmuşdu.

Sonrakı iki yüz ildə İranı böhranların və inqilabların sarmasına da bu səbəb olub.

Harun Yılmaz bir daha təkrar edir ki, Gülüstan olsa da, olmasa da, bu proseslər gedəcəkdi və nəticə bu gün gördüyümüz nəticə kimi olacaqdı.