Milli Şura mitinq keçirib

Azərbaycanda oktyabrın 12-də müxalifət koalisiyası Milli Şura prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq mitinq keçirib.

BBC Azərbaycanca mitinqi canlı yayımlayıb.

18:07 Bakı şəhər Baş Polis İdarəsi mitinqlə bağlı açıqlama yayıb.

"İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib”, APA yazır.

"Saat 16:20-dən 17.20-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, KXCP, El Hərəkatı, eləcə də bir sıra digər müxalifət yönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib".

17:50 Müxbirimiz Leyla Nəcəfli xəbər verir ki, stadiondan çıxdıqdan sonra İnşaatçılar metrosu tərəfdə iştirakçıların bəzilərini polis saxlayıb. Polis jurnalistlərə şərh vermir.

17:34 İştirakçılar mitinq yerini "İstefa" qışqıraraq tərk edir.

17:26 Mitinq "Koroğlu" üverturasının səslənməsi ilə yekunlaşıb, iştirakçılar rəqs edib.

17:20 Mitinqin qətnaməsi oxunur. Sənəddə deyilir ki, seçkilər "total şəkildə saxtalaşdırılıb, mitinq iştirakçıları yeni seçki tələb edir, bu seçkilərin nəticələrini tanımır".

17:15 Cəmil Həsənli seçkidə "saxtakarlıq edildiyini" bildirib, "Bu millət Rəsulzadə millətidir", deyib.

Nəcəfli deyir ki, bu zaman hamı "Rəsulzadə" qışqırır.

"Mübarizə davam edəcək, eşq olsun sizlərə", cənab Həsənli davam edib.

Onun sözlərinə görə, Milli Şura üzvləri 14 oktyabrdan etibarən Avropa İttifaqı, Avropa Şurası və ABŞ administrasiyası ilə görüşlər etmək üçün Brüssel, Strasburq, daha sonra ABŞ-a səfərlər edəcək.

17.10 Məhəmmədəmin Rəsulzadənin məşhur nitqi səsləndirilir.

17:00 Hazırda şüarlar səsləndirilir, "Biz ölərik, meydanı tərk etmərik".

16:55 Cəmil Həsənli: "İlham Əliyev getməlidir və gedəcək".

Turan agentliyi yazır ki, cənab Həsənli həmçinin “müxalifətdə 2500 məntəqədən toplu saxtalaşdırılma barədə məlumatlar mövcuddur və hakimiyyət buna görə cavab verəcək” söyləyib.

16:53 Müxbirimiz Leyla Nəcəfli iştirakçıların sayı ilə əlaqədar deyir ki, "stadion demək olarki doludur".

Turan agentliyi isə sayın minlərlə olduğunu yazır.

Hər çıxışdan sonra musiqi səsləndirilir, şüarlar səsləndirilir, "İstefa" və s.

16:50Cəmil Həsənli deyib ki, “sizi əmin edirəm ki, 9 oktyabrdan sonra Azərbaycan əvvəlki Azərbaycan olmayacaq”.

16:48 "El" Hərəkatının sədri Eldar Namazov çıxış edir. "Onlar rüşvətxorluğa davam deyirlər, biz bəsdir dedik. Bizim mənəvi qələbəmiz real siyasi qələbəyə çevriləcək".

16:42 "Bu gün xalqımızın ləkəli günüdür, bu gündə Gülüstan müqaviləsi imzalanıb. Daxili və xarici düşmənlərə qarşı mübarizə aparmalıyıq", Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib.

16:34 Musavat partiyası başqanı İsa Qəmbər çıxışında Cəmil Həsənlini təbrik edib.

ATƏT/Demokratik Təsisatlar və İnsan Haqları Təşkilatının (DTİHT) seçkinin nəticələri barədə hesabatını xatırladan cənab Qəmbər, qalib gəlmiş namizədin "legitim olmadığını" deyib.

16:28 Hazırda AXCP lideri Əli Kərimli çıxış edir.

"Biz əvvəldən bilirdik ki, onlar saxtalaşdıracaqlar. Secilmiş prezident Cəmil Həsənlidir", cənab Kərimli deyib.

Onun sözlərinə görə, "hakim rejim növbəti dəfə səsləri oğurlayıb".

16:21 Mitinq Azərbaycanın Dövlət Himni səsləndirilməklə açıq elan edilib və müxalifət liderlərinin çıxışları gözlənilir.

Mitinqə gələnlər əllərində "Satılır müəllimə. Qiymət 120", "Mənim prezidentin Cəmil Həsənli", "Xoşgəldin gülüm demokratiya" və digər sözləri yazılmış plakat və Cəmil Həsənlinin şəkillərini tutub.

16:07 Müxalifətin vahid namizədi Cəmil Həsənli mitinqə cəngi sədaları altında gəlib. Eyni zamanda, mitinqdə müxalifət liderləri Əli Kərimli, İsa Qəmbər və digərləri iştirak edir.

16:05 Mitinq keçirilən "Məhsul" stadionundakı BBC Azərbaycancanın müxbiri Leyla Nəcəfova deyir ki, stadionun darvazasına onlarla insan toplaşıb. İştirakçılar qapıda dayanan polislər tərəfindən çanta və digər əşyaları yoxlanılaraq içəriyə buraxılır.

Stadionda milli musiqi səslənir. Nəcəfli deyir ki, stadionda "bayram ab-havası" var.

"Məhsul" stadionu paytaxt Bakının Yasamal rayonunda yerləşir.

Təxminən iki saat davam etməli olan mitinqin razılaşdırılmış şüarları “Azad seçki”, “Hakimiyyətin mənbəyi xalqdır” və digərdir, bir gün öncədən açıqlanmış məlumatda deyilir.

Cümə günü Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) “razılaşdırımış şüarlardan başqa şüarların səsləndirilməməsi ilə bağlı təşkilatçılara xəbərdarlıq olunduğunu” bildirib. İdarə bildirib ki, "mitinqində hər-hansı təxribatın baş verməsinə imkan verilməyəcək".

“Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar”.

Prezident seçkiləri 9 oktyabrda keçirilib və üçüncü dəfə namizədliyini irəli sürmüş namizəd İlham Əliyev qalib gəlib. Milli Şuranın namizədi Cəmil Həsənli isə, 5.53 faiz səs toplayıb.

Bu barədə daha geniş