Taleh Bağırovun məhkəməsində saxlanılanlara cinayət işi açılıb

Image caption Müəllif: Məhəmməd Türkmən

İlahiyyatçı Taleh Bağırovun ilk məhkəmə prosesində saxılanılanlar barədə prokurorluq araşdırmalarının nəticələrinə uyğun "hüquqi qiymət veriləcək", Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, Bağırovun tərəfdarları və yaxınları "məhkəmə zalında müxtəlif şüarlar səsləndirməklə, ictimai asayişi kobud şəkildə pozan hərəkətlər edərək məhkəmənin normal işini pozmağa cəhd ediblər".

Polis və Ədliyyə Nazirliyi işçiləri onları "intizama dəvət etsə də, məhkəmənin həyətində bu hərəkətləri davam etdirib, hərəkət intensivliyi olan küçədə avtomobil yolunu bağlamağa cəhd göstəriblər".

"..həmin şəxslər müəyyən xuliqanlıq hərəkətləri etməklə hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib və bir neçə əməkdaşa xəsarətlər yetiriblər", DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-ya deyib.

Turan agentliyi İslamçıların hüquqlarını Müdafiə Komitəsinə istinadən yazır ki, hadisə zamanı 20 dindar saxlanılsa da, əksəriyyəti 50 manatdan 800 manatadək cərimə ödəyərək sərbəst buraxılıb, dörd nəfər haqqında isə cinayət işi açılıb.

"Onlardan üçü – Musarza Heydərzadə, Abbas Hüseynov və Nail (soyadı məlum deyil) həbsdədir", agentlik bildirir.

Saxlanılanlar barəsində Cinayət Məcəlləsinin 315.2 maddəsi (güc tətbiq etməklə polisə müqavimət) ilə cinayət işi qaldırılıb.

Hadisə nəticəsində dörd polis əməkdaşının da müxtəlif dərəcəli bədən xəsarəti aldığı məlumatı var.

Lent.az saytına görə, onlardan ikisinin adı, polis serjantları Fərəməz İmanov və Samir İsmayılovdur.

Vəsatətlər təmin edilməyib

Oktyabrın 28-də Sabunçu rayon məhkəməsində keçirilən prosesdə ilahiyyatçı Bağırovun özü də iştirak edib, vəkil Cavad Cavadov BBC Azərbaycancaya deyib.

“Məhkəmə başlayanda Talehin dəmir barmaqlıqlar arxasından çıxarılması və vəkilin yanında oturması haqda vəsatət qaldırdıq. Dövlət ittihamçısı razı olsa da, hakim vəsatətimizi təmin etmədi", o bildirib və müdafiə etdiyi şəxslə "doğru-düzgün danışa bilmədiyini" iddia edib.

Vəkilin sözlərinə görə, proses kiçik zalda keçirilib və jurnalistlər prosesi izləməyə buraxılmayıb.

Eyni zamanda, məhkəmənin "daha böyük" zalda keçirilməsi və prosesə jurnalistlərin buraxılması" üçün vəsatətlər qaldırılsa da, heç biri təmin olunmayıb.

"Taleh özü də məhkəmənin müstəqil olmadığını dedi və işin ədalətli araşdırılacağına inanmadığını söylədi”, vəkil qeyd edir.

Cənab Cavadov deyib ki, proses başlamazdan əvvəl, polis maşınları və mülki geyimli polislər məhkəmənin qarşısında olub.

“Məhkəmə Taleh Bağırovun tərəfdarlarının zaldan çıxarılması haqda qərar verdi və bu həyətdə dayananların haqlı narazılığına səbəb oldu və onlar tezliklə polis tərəfindən saxlanılaraq ərazidən uzaqlaşdırıldı”.

Vəkilin sözlərinə görə, cənab Bağırov özünün "təqsirsizlik prezumsiyasının pozulduğunu" iddia edib və öz işini Rusiyada həbs edilmiş azərbaycanlı Orxan Zeynalovla müqayisə edib.

“Bildirdi ki, Orxan tutulan zaman onun təqsirsizlik prezumsiyasının pozulduğunu iddia etdilər, amma məni televiziyada göstərib, hətta ittiham olunmadığım cinayətə görə günahlandırırlar”.

Cənab Cavadov məhkəmə prosesini boş zalda davam etdirməyin müdafiə tərəflərinin maraqlarına uyğun olmadığını bildirib.

Məhkəmə təxirə salınıb

“Ona görə də biz prosesin təxirə salınması haqda qərar verdik. Növbəti məhkəmə 31 oktyabr saat 12:00-a təyin olundu”, vəkil deyib.

Məhkəməni işıqlandırmağa gedən jurnalist Məhəmməd Türkmən BBC Azərbaycancaya prosesə buraxılmadığını deyib.

“Bizim məhkəmənin həyətində işimizi görməyə polislər imkan vermirdi, hətta kameramı da əlimdən almaq istəyirdilər. Məhkəmə sədri tapşırdıqdan sonra bizə çəkiliş aparmağa imkan verdilər", Yeni Müsavat qəzetinin müxbiri deyir.

Onun sözlərinə görə, Taleh Bağırzadənin tərəfdarlarından təxminən 15-20 nəfər saxlanılıb və bir hissəsi Sabunçu Rayon Polis İdarəsinə, digərləri isə 13-cü polis bölməsinə aparılıb.

Sabunçu rayon Polis İdarəsinin növbətçi hissəsinin özünü təqdim etməyən əməkdaşı BBC Azərbaycancaya deyib ki, İdarəyə "heç kəs gətirilməyib".

BBC Azərbaycancanın Sabunçu rayonu 13 saylı polis bölməsi ilə əlaqə yaratmaq cəhdləri baş tutmayıb.

Taleh Bağırov bu il martın 31-də saxlanılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan Taleh Bağırov üzərindən 1,026 qram heroin, sürücüsü Anar Məlikovdan isə "Makarov" tipli tapança, 4 patron və 1 bıçaq götürülüb.

İlahiyyatçı 2011-ci il həmçinin mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilən hicab aksiyası zamanı da saxlanılıb və 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2012-ci ilin noyabr ayında azadlığa buraxılıb.

İlahiyyatçının məhkəməsinin ilk hazırlıq iclası oktyabrın 14-də keçirilib.

Bu barədə daha geniş