Azərbaycanlılar iş üçün xaricə getdiyi halda, ölkəyə minlərlə miqrant işçi niyə gəlir?

Dayələr və fəhlələr

Dayə

“Sizə dayə lazımdır?”, Azərbaycandan zəng edildiyini eşidən kimi ofisi Dubayda yerləşən bir şirkətdən soruşurlar.

“NanniesDubai” adlanan şirkətin meneceri Yulia Lutsenko BBC Azərbaycanca müxbirinə ikinci müraciəti, rus dilində söhbət etmək barədə təklifi olur.

Bu şirkət Azərbaycana varlı ailələrin istəyi ilə dayə, ev qulluqçusu və digər vəzifələr üçün işçilər tapmaq vasitəçiliyi edir.

Hər il Azərbaycana gətirilən yüzlərlə Filippin vətəndaşından biri olan, 28 yaşlı adının çəkilməsini istəməyən filippinli xanım da ötən ilin mayında Bakıya dayə işləmək adı ilə bu şirkət vasitəsilə gəlib və təxminən bir ilə yaxın istirahətsiz dayə və ev qulluqçusu kimi çalışıb.

“Evin xanımı məni vururdu, başıma su tökürdü, dəsmalla ağzıma da vurub. Sağ qolumda “hematoma” yaranıb”, gənc qız ağlayaraq yaşadıqlarını danışır.

Lakin pasportu əlindən alındığından o, evi tərk edə bilmirmiş. İşi bitirməyə qərar verəndən sonra isə, bir aylıq maaşını ala bilmədiyini deyir.

Hazırda bu iş üzrə və xanımın "insan alveri qurbanı" tanınması istiqamətində istintaq işləri davam etdirilir.

Gender məsələləri üzrə ekspert Məlahət Zeynalova deyir ki, ev qulluqçuları və dayə insan alveri qurbanları siyahısında “ən problemli” qrupdur.

“Bu insanlar evlərdə çalışdığından işverən qapını bağlayıb, onları ömrü boyu evin içində saxlaya bilər, zorakılıq tətbiq edə bilər”.

Xanım Zeynalova BBC Azərbaycancaya bildirir ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə son iki ildə cəmi 2 nəfər zərərçəkmiş kimi müraciət edib.

Azərbaycanda əcnəbi işçi miqrantlar arasında əsasən, tikintidə və xidmət sahəsində çalışanlar üstünlük təşkil edir.

Ekspertlərə görə, bu gün Azərbaycanda olan on minlərlə belə miqrant yerli kadrları işsiz qoyur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə, tikinti və xidmət sahələrində xarici işçi qüvvəsindən istifadəni "tendensiya" adlandırır.

Oktyabrın 24-də Azərbaycanda təhsil sahəsində imzalanan "Azərbaycanda Təhsilin inkişafının Dövlət Strategiyası" adlı sənəddə də deyilir ki, ölkədə ən böyük kadr çatışmazlığı xidmət sektorunda və kənd təsərrüfatı sahəsində müşahidə olunur.

Səbəblər və nəticələr

Təhlilçilər xarici işçilərin daha az maaşa razı olduqlarını deyir, lakin bəzən, xarici işçi çalışdırmaq sadəcə "dəb"dir.

“Mən bir çox zəngin ailələrlə danışmışam, onlar deyir ki, biz uşağımızın başqa ruhda tərbiyə olunmasını istəyirik, həmçinin ingilis dilinə görə filippinliləri seçirik”, miqrasiya problemləri üzrə ekspert Azər Allahverənov deyir.

Onun sözlərinə görə, Filippindən işçi gətirmə “dəbə uyğunlaşmadır”.

Tikinti sahəsində isə, daha az maaşla yanaşı, əcnəbilərin günəmuzd işləməyə razı olması da əlverişli şərait yaradır.

Lakin belə vəziyyətə razı olan əcnəbilər əksər hallarda əmək müqaviləsi olmadan çalışdırılır ki, bu da vergidən yayınmaya gətirib çıxarır.

Başqa tərəfdən isə, əmək müqaviləsinin olmaması miqrantların əmək hüquqlarının pozulmasına səbəb olur, yəni bəzən maaşları verilmir.

Azərbaycan qanunvericiliyində əmək müqaviləsi olmayanların hüquqları qorunmur. Amma bu, qanuni işçi miqrantlara aid deyil.

"Qanunvericilikdə əcnəbi işçilərlə yerli işçilər arasında fərq qoyulmur, eyni hüquqlara malikdirlər və azərbaycanlı hansı şərtlə işləyirsə, xaricilər də eyni hüquqlara malikdir", ƏƏSMN, Məşğulluq Siyasəti və Əmək Bazarının Tənzimlənməsi sektorunun müdiri Fuad Cabbarov BBC Azərbaycancaya deyir.

Elə 23 yaşlı türkmən gənc kimi. Pasportu əlindən alınmış və bir neçə aylıq maaşını ala bilmədiyini iddia edən Türkmənistan vətəndaşı N.A. (müsahibin istəyilə ad dəyişdirilib) 5-6 günə “problemləri həll edilən kimi” Bakını tərk etməyi düşünür.

Bu ilin yanvarında könüllü şəkildə turist vizası ilə gəzmək üçün Bakıya gələn Murad, bir ay sonra yerliləri vasitəsilə rayonların birində iş tapdığını deyir.

“Mehmanxana tikintisində iş var idi, ayda 500-600 manat maaşa. Bu yaxşı puldur”, deyən Murad BBC Azərbaycancaya başına gələnləri danışır.

Onun sözlərinə görə, o işə “rahatlıqla götürülüb”.

“Pasportumu da aldılar ki, uçota qoyacaqlar və qaytarmadılar sənədi”.

Bu gəncdən fərqli olaraq, Azərbaycana ödənişli əmək vizası ilə müxtəlif xarici və yerli podratçı şirkətlər vasitəsilə də işçilər gətirilir.

Rəsmi əcnəbi işçi gətirilərkən xarici şirkət təmsil olunduğu ölkədən öz işçi qüvvəsini gətirməklə bağlı şərtlərini açıqlayır və bu yolla əməkçi miqrantları Azərbaycana gətirir.

500-ə yaxın işçi heyəti olan “NB Grup” Açıq Səhmdar Cəmiyyətinin rəhbər vəzifələrinin az bir hissəsini yerli işçilər tutur.

“İstehsal və satış müdirləri türklərdir. Rəhbər vəzifələr üçün kadrların qıtlığını hiss edirik. Xüsusilə xammal istehsalında kadr çatışmazlığımız var", şirkətin marketinq şöbəsinin müdiri Vüsal Vəliyev BBC Azərbaycancaya deyir.

Cənab Vəliyev şirkətdə çalışan əcnəbi miqrantların sayı və əmək haqları barədə danışmaqdan imtina edib.

Lakin Azərbaycana hər şirkət istədiyi qədər əcnəbi işçi gətirə bilməz. Hər il Nazirlər Kabineti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) hazırladığı tövsiyyə xarakterli say normasını (kvota) təsdiqləyir ki, bu da yalnız həmin kvotada əcnəbi gətirilməsini mümkün edir.

2013-cü il üçün kvotanın 12 min nəfər olduğunu deyən ekspert Allahverənov, hazırda bu sayın çox olduğunu iddia edir.

"Bu mümkün olan hal deyil. Kvotaya Dövlət Miqrasiya Xidməti nəzarət edir və onun aşılması mümkün deyil, qanunvericilikdən kənar iş icazəsi verilməsi qadağandır", cənab Cabbarov vurğulayır.

Ekspert Allahverənov isə, miqrantların sayının kvotaya uyğunluğunun yoxlanılmasını vacib sayır.

“Çünki bu şəxslər yerli kadrların yerini tutur”, cənab Allahverənov deyir.

Bəs azərbaycanlılar hara gedir?

İşsiz azərbaycanlıların əksəriyyəti isə digər ölkələrə, əsasən də qonşu Rusiya və Türkiyəyə üz tutur.

Cənab Cabbarov isə işsizliyi "tək səbəb" saymır və deyir ki, "... müxtəlif səbəblər ola bilər, qanunda yazılıb ki, azərbaycanlılar fərdi şəkildə xaricdə işə düzələ bilər, bəlkə kimsə başqa ölkədə öz potensialını daha yaxşı üzə çıxarır".

Onun sözlərinə görə, son illərdə 90-ci illərdə olduğu kimi, azərbaycanlıların kütləvi xarici miqrasiyası tendensiyası müşahidə edilmir, çünki "yeni iş yerləri yaradılıb və bu, iqtisadi inkişafla bağlıdır".

Azərbaycandan gedən miqrantların sayı barədə rəsmi statistikanın aparılmadığını deyən “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev fikrini, bu sahədə qeydiyyat qaydasının olmadığını deyir.

“Nə qanunvericiliklə, nə də mövcud vəziyyətdə Azərbaycandan gedən əməkçi miqrantların qeydiyyatının aparılması qaydası nəzərdə tutulmayıb”.

Çünki, “Ölkədən getmək, gəlmək və pasportlar haqqında” Qanunun tətbiqi barədə Əsasnamədə təkcə bir norma müəyyən edilib ki, xaricə daimi yaşamağa gedən azərbaycanlılar şəxsiyyət vəsiqələrini tabe olduqları DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə təhvil verməlidir.

Bu normanın reallıqda tətbiq edilmədiyini bildirən cənab Əliyev “buna görə məsuliyyət nəzərdə tutulmadığını” qeyd edir.

Mütəxəssis statistikanın əldə edilməsi üçün Əmək və Əhalinin Sosial Müfadiə Nazirliyinin (ƏƏSMN) ayrı-ayrı ölkələrlə əmək fəaliyyəti haqqında iki tərəfli müqavilələr bağlamalı olduğunu deyir.

Rusiya Federal Miqrasiya Xidmətinin 2013-cü il 24 oktyabr məlumatına görə, Rusiyada yaşayan və işləyən azərbaycanlıların sayı 629 min 931 nəfərdir. Onların da 68.7 faizi kişilərdir.

Yerli mediada Türkiyədə olan azərbaycanlıların sayı 800 min göstərilir.

Dövlət Miqrasiya Xidməti BBC Azərbaycancanın xaricə iş üçün gedən azərbaycanlıların sayı və ölkəyə gələn əcnəbilərin sayı və qanuniliyi barədə sorğusunu cavablandırmayıb.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) bu ilin 9 ayı üçün açıqladığı rəqəmlərə görə, fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilər arasında ilk üçlüyü Türkiyə, Gürcüstan və Rusiya vətəndaşları təşkil edir.

Ümumilikdə 97 ölkədən olan əməkçi miqrantların sırasında iranlı, çinli, hindli, britaniyalı, özbək, alman, filippin və türkmənlər də mövcuddur.

Filippinli dayənin hekayəsi

Adının çəkilməsini istəməyən 28 yaşlı bu filippinli xanım Azərbaycana təxminən bir il öncə, Dubayda fəaliyyət göstərən "NanniesDubai" işədüzəltmə saytının köməyilə gəlib.

“Internetdə reklam gördüm ki, Dubayda yerləşən bir şirkət dayə axtarır.. Dubaya getdim qardaşımın yanına və bir ay sonra, 2012-ci ilin mayında Bakıya müqavilə ilə işləmək üçün gəldim”. (Müsahibim qardaşının Dubayda çalışdığını deyir.)

Onun sözlərinə görə, bütün xərcləri işəgötürən ödəyib. Maaşı isə 600 dollar təyin edilib. Müqaviləsi iki illik bağlansa da, zaman-zaman problemlər üzündən işini dayandırmaq istəyib və buna, 1 il sonra müvəffəq olub.

Çalışdığı bir il ərzində istirahətinin olmadığını deyən dayə iddia edir ki, 2 yaş 3 aylıq uşağa baxıb, həmçinin müqavilədə nəzərdə tutulmayan işləri görüb- işəgötürənin özünün və anasının evini təmizləyib.

2012-ci ilin sentyabrında isə vəziyyət gərginləşib və dayə işdən çıxmaq istəyib. Bunun birinci səbəbi, özünüm dediyinə görə, əllərində başlayan allergiya xəstəliyi olsa da, başqa səbəbi "döyülməsi" olub.

“Üz üçün tonlaşdırıcı krem almışdım, evində işlədiyim qadın məni vurdu və dedi ki, sən niyə icazəsiz özün üçün nəsə almısan? Əslində öz pulumdan almışdım, niyə almayım ki?”

İşəgötürən dayənin işdən çıxma istəyinə isə belə cavab verib, “sənə görə 4000 dollar işədüzəltmə agentliyinə, 2500 isə Miqrasiya Xidmətinə ödəmişəm. Bu pulu qaytara bilsən, ya da kimsə sənə qaytarmağa kömək etsə, mən sənə getməyə icazə verərəm”.

Dayənin ölkəsinə qayıtmağına mane olan başqa bir səbəb, pasportunun evin xanımı tərəfindən götürülməsi olub, “ilk gələndə mənə dedi ki, pasportunu ver, sənə iş vizası düzəldəcəyəm". Lakin o, pasportunda “iş vizası”nı görmədiyini deyir.

Onun sözlərinə görə, bu ilin yanvar ayından yatmaq zamanı da "azaldılıb".

“Əvvəllər gecə 2-dən 8-ə kimi yatırdım, yanvardan gecə 5, ya 6-dan səhər 8-ə kimi yatmağa icazə verilirdi. Gecələr ya öz evini, ya da anasının evini təmizləyirdim”.

Dayə deyir ki, sonra dəfələrlə döyülüb - uşaqlardan birinin geyimi hazır olmadığından ev sahini onu "plastik stulla" vurub.

Sonra isə “anasının evində, hamının, atası-anası, bacısı, qardaşı, oğlu və qızının gözləri qarşısında şillə vurdu. Atası və qardaşı dedi ki, vurma”.

Bu dəfə uşağın papağının evdən çıxarkən götürülməməsi olub, dayə iddia edir.

Bir dəfə isə “madamla danışmağa cəhd etdim. Amma ağzımdan dəsmalla vurdu və dedi ki, sənə danışmağa icazə vermirəm. Mən xanımam və istədiyimi edərəm”.

Dayə deyir ki, "döyülməklərinə" görə, sağ qolunda dirsəkdən yuxarı hissədə “hematoma” (zərbə nəticəsində qan damarlarının partlaması və toxumalara qan yığılması) yaranıb.

Məhz bu “hematoma” onun qurtulmasına səbəb olub, o deyir. Evdə çalışan başqa bir xanım ona başa salıb ki, döyülməyini qadının ərinə deməlidir, “amma mən utanırdım”, dayə deyir.

“Əri mənlə çox yaxşı rəftar edirdi, ailədən birisi kimi. Ara-sıra uşaqları və madamın harada olduğunu soruşurdu”.

Müsahibim hematoma barədə xanımın ərinə məlumat verdikdən sonra, ondan qardaşına zəng vurmağı istəyib.

“Madam mənə dedi ki, sən mənim ərimlə danışmısan, o mənə acıqlanıb. Bəlkə sən mənim ərimi istəyirsən? Xanım olmaq istəyirsən?-dedi və vurdu. Mən çox qorxdum. Mənə belə deyəndə çox qorxuram...”

O deyir ki, zaman getdikcə, yuxuya da getməsi çətinləşib. Bəzən isə, "yemək yemirmiş".

“Madama deyəndə ki, acam, deyirdi ki, aaa, səni unutmuşam”. Necə olur, heç vaxt unutmurdu ki, mən haranısa təmizləməliyəm, amma mənim yeməyimi unudurdu”.

Dayə deyir ki, təbiətcə sakit olması onun başına belə hadisələri gətirib, “o hiss elədi ki, istədiyini edə bilər mənlə”.

İyun ayında isə, uşağı küçədə gəzdirərkən başqa bir qadının ona dayəlik təklifi, onun işdən getməsi barədə qərarına kömək edib.

“Mən qadına dedim ki, bir ilim tamam olub, evin xanımı mənə maaşımı vermir, məni döyür və hematomam var. O niyəsini soruşdu, dedim ki bilmirəm. Mən ondan bu əraziyə polis gətirməsini istədim”.

Dayə sonradan həmin qadını görmədiyini deyir.

Bir həftədən sonra dayə günorta zamanı həmin ərazidə polisləri görür. Bu o vaxta təsadüf edib ki, dayə yenidən "vurulub".

"Mətbəxi təmizləyəndə mənə dedi ki, sən astagəlsən və vurdu. Ona dedim ki, bu, çoxdu mənim üçün. Mən sənin uşağın üçün gəlmişəm, qulluqçu kimi yox. O zaman dedi ki, sən madam olmaq istəyirsən"...

Sonra dayə işəgötürəndən qardaşı ilə danışmaq üçün kompüterini istəyib və qardaşına başına gələnləri yazıb. Qardaşının işəgötürənə zəngindən sonra, evin xanımı dayədən yalnız öz vəzifəsi üçün işdə qalmasını istəyib.

“Bir gün əvvəl sənə demək istəyirdim ki, səni döymək istəmirəm, təkcə uşağa bax. Amma vaxtım olmadı. Qardaşına niyə demisən? Dedim ki, başqa şansım yox idi və artıq çox gecdir”, - filiöinli qadın bunları danışaraq ağlayır.

Uşaqla növbəti gəzmək zamanı isə, dayə polis müfəttişlərinin onu axtardığını görüb, "polis məndən pasportumu istədi və mən də dedim ki, işəgötürəndədir".

“Mən uşağa dedim ki, məni gözlə, gələcəyəm 5 dəqiqəyə. Çünki elə bilirdim ki, polis məni geri dönməyə izn verəcək”.

Lakin dayə 3 gün polisdə qalıb və onun üçün tərcüməçi tutulub.

Üzləşdirmələr zamanı isə, işəgötürən ona maaşını öncədən ödədiyini, dayəninsə bu pulu yerliləri vasitəsilə ailəsinə göndərdiyi iddia edilib. Həmçinin, hematomanın uşaq tərəfindən qayçı ilə vurulması səbəbilə yarandığı deyilib.

Hazırda dayənin "insan alveri qurbanı" kimi tanınması üçün işlər gedir. Müvəqqəti yaşamaq icazəsi sənədi verilsə də, pasportu istintaqa təqdim olunub.

28 yaşlı dayə Filippinin paytaxtı Manila şəhərindəndir, 12 nəfərlik ailədə on uşaqdan ən kiçiyidir. Xarici ölkədə işi "yenilikləri görmək" və "pul qazanmaq" üçün axtarıb.