Azərbaycanda neft hasilatı nəticəsində 35 min hektar ərazi çirklənib

Azərbaycanda ekologiya ilə bağlı yüksək çinli rəsmilərdən biri ölkədə neft sənayesinin inkişafı nəticəsində 35 min hektar ərazinin neftlə çirkləndiyini deyib.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib ki, bu ərazinin 15 min hektarı güclü çirklənməyə məruz qalıb.

O, son 10 ildə ölkədə səkkiz milli park yaradıldığını, birinin isə yaradılmaq üzrə olduğunu deyib.

Nazir vurğulayıb ki, “mühafizə olunan ərazilərin sahəsi 400 min hektardan 1 mln. hektara çatdırılıb”,

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, mədən sahələrində 1300 hektar ərazi rekultivasiya edilərək təmizlənib.

“Hər il 200 min ağac və kol əkilib. Atmosferə 560 mln. kubmetr qazın atılmasının qarşısı alınıb”, APA cənab Abdullayevin sözlərini yazır.

Şirkət prezidenti deyib ki, “Bakıda və Sumqayıtda olan köhnə zavod və müəssisələr ləğv ediləcək və Qaradağ ərazisində neft-qaz müəssisələrində müasir avadanlıqlar qurulacaq”.

BP Qrupunun risk, təlim, əməyin təhlükəsizliyi və əməliyyat riskləri üzrə rəhbəri Stiven Plinn deyib ki, “BP-nin fəaliyyət göstərdiyi ərazilərdə təhlükəsizlik təmin edilir”.

Bakıda keçirilən “Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış” adlı beynəlxalq konfrans ARDNŞ-nin sponsorluğu və Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq (IDEA) təşkilatının dəstəyi ilə keçirilib.