N!DA və Azad Gənclik Təşkilatı fəallarının məhkəməsi başlayıb

Image caption Ağır Cinayətlər Məhkəməsinin qarşısında təqsirləndirilənlərin valideynləri, yaxınları və fəallar toplaşıb.

Ağır Cinayətlər üzrə Məhkəməsində "N!DA" Vətəndaş Hərəkatı və “Azad Gənclik” Təşkilatının fəallarının məhkəməsi keçirilib.

“Artıq gənclər də məhkəməyə gətirilib, amma gənclərin təmsil olunduğu “NİDA”-dan bir çoxları içəri keçə bilməyib. Məhkəmə qarşısında 100-dən artıq adam gözləyir”, jurnalist Əziz Kərimov BBC Azərbaycancaya deyib.

O bildirib ki, məhkəmə zalına təqsirləndirilənlərin valideynlərini, vəkilləri və jurnalistlər buraxılıb.

Məhkəmə "iş vaxtının başa çatdığını və iki vəkilin iştirak etmədiyini əsas gətirərək" prosesin noyabrın 14-dək təxirə salınması barədə qərar verib, APA məlumat verir.

Təqsirləndirilən yeddi N!DA-çı - Rəşadət Axundov, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Şahin Novruzlu, Üzeyir Məmmədli, Rəşad Həsənov və Zaur Qurbanlı bu ilin əvvəlində “Əsgər ölümünə son” aksiyaları zamanı “Molotov kokteyli” hazırlamaqda ittiham edilib.

Digər AGT üzvü İlkin Rüstəmzadə isə, əvvəlcə "xuliqanlıq" və "hakimiyyət nümayəndələrinin tələblərinə məhəl qoymadan ictimai asayişi pozmaq”da ittiham edilsə də, sonradan başqa maddələrlə də cinayət işı açılıb.

Milli Şuranın vahid namizədi Cəmil Həsənli məhkəmə qarşısında jurnalistlərə açıqlama verib və gəncləri dəstəkləmək üçün prosesi izləyəcəyini deyib.

Cənab Həsənlinin fikrincə deyib ki, “bu iş tamamilə siyasi motivlidir və ədalətli məhkəmə gözləmir”.

“Bu gənclər öz sərbəst toplaşmaq haqqında öz konstitusion hüquqlarından istifadə edərək küçəyə çıxıblar. Onlara qarşı irəli sürülən ittihamlar mənasızdır”, o qeyd edib.

Ümumilikdə, fəallara qarşı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma), 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddələri ilə cinayət işi açılıb.

Bu barədə daha geniş