Müxalifətçinin məhkəməsində hakimin "əvəzlənməsi" istənilir

Müsavat Partiyasının Lənkəran üzrə lideri Yadigar Sadıqov məhkəməsində vəkil hakimin dəyişdirilməsini istəyib.

Vəkil Xalid Bağırov hakim Elçin Kazımovun başqa hakimlə əvəzlənməsi haqda vəsatət qaldırdıqdan sonra, hakim vəsatətlə bağlı qərar vermək üçün müşavirəyə gedib, Musavat Məclisinin üzvü Elman Fəttah BBC Azərbaycaycancaya deyib.

“Bu hakim Yadigar bəy haqqında həbs-qətimkan tədbirinin seçilməsi haqda qərar verən hakimdir. Ona görə vəkil məhkəmə tərkibinə etiraz edib”.

Cənab Fəttahın sözlərinə görə, məhkəmə zalında jurnalistlərin çəkiliş aparması haqda vəsatət təmin olunmayıb.

“Bu ilkin hazırlıq iclasıdır və vəkil Xalid Bağırovun Yadigar Sadıqovun haqda seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatət qaldıracağı gözlənilir".

Məhkəmədə hüquq müdafiəçiləri də iştirak edir.

Yadigar Sadıqov iyunun 27-də həbs olunub və Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunur.

Oktyabrın 25-də Lənkəran Rayon Məhkəməsinin qərarı ilə həbs müddəti daha bir ay uzadılıb.

Yadigar Sadıqov həm də Müsavat başqanı İsa Qəmbərin müşaviridir.

Bu barədə daha geniş