Viza sadələşdirilməsinə şərhlər: "Ura", "zavallı avropalılar", "diskriminasiya"

Son üç ildə Avropa İttifaqı ilə Azərbaycan arasında ən vacib qərarlardan biri hesab edilən viza rejiminin sadələşdirilməsi sənədləri imzalanıb.

Müəyyən kateqoriya Azərbaycan vətəndaşlarının - diplomatik pasport sahibləri, tələbələr, iş adamları, idmançılar və jurnalistlərin Avropaya səyahətini asanlaşdıran yeni viza rejim gələn ilin əvvəlində qüvvəyə minəcək.

Beləliklə, Avropaya çox və qısa müddətli səfər edən, diplomatik pasporta sahib olanlar Avropa Birliyinə üzv olan ölkələrə vizasız gedəcək.

Adi pasportu olan rəsmi nümayəndə heyəti üzvləri, tələbələr, tədqiqatçılar, pensiyaçılar və 12 yaşadək uşaqlar viza rüsümu ödəməyəcək. Lakin burada, Böyük Britaniya, İrlandiya və Danimarka istisna təşkil edir.

Sosial şəbəkə müzakirələrindən belə bir təəssürat yaranır ki, azərbaycanlılar bu müqavilənin imzalanmasını çoxdan gözləsə də, onun bütün vətəndaşlara aid edilməməsindən məyus olublar.

Fəal BəxtiyarHacıyev Facebook sosial şəbəkəsində yazıb ki, “viza rejiminin sadələşdirilməsi Azərbaycan hakimiyyətini olmasa da, Azərbaycan insanlarını Avropa Birliyinə sürətlə yaxınlaşdıracaq”.

O, müqaviləni “Aİ-nin əlində yumşaq güc kimi istifadə etdiyi ən təsirli alətlərdən biri” adlandırıb. Hacıyevin sözlərinə görə, “məşhur bir reklamında deyildiyi kimi, "insanlar gedəcəklər, orada insanların necə yaşadıqlarını görəcəklər və gəlib burada da istəyəcəklər".

Viza sadələşdirilməsi barədə məlumat yayımlayan iqtisadi təhlilçi Qubad İbadoğlu Azərbaycanın belə sazişi digər ölkələrdən ən gec imzaladığını bildirib. “...gec olması heç olmamağından daha yaxşıdır”, cənab İbadoğlu vurğulayıb.

"Zavallı avropalılar”

Şahnaz Mətləbqızı yazıb ki, bu anlaşmadan azərbaycanlılar qazansa da, “zavallı avropalılar” nəzərə alınmayıb.

“Azərbaycana viza almaq üçün bir ay gözləyirsən, zəng edirsən ki, yaxınım xəstədir, məni görmək istəyir, deyirlər, ancaq ölüm kağızı olsa həmən gedə bilərsən”.

Sazişin imzalanmasına sevinənlər əsasən alqış - "şükür", "super", "ura" - ifadə ediblər.

“Ura, yaşasın sazişlər!”, Aytəkin Hüseynli adlı istifadəçi bildirib.

“Qısası, adi insan Avropaya vizanı həminki çətinliklə alacaq, yazıq məmurlar, elə çətinliklə viza alırdılarki”, Emil İbrahimov deyib.

Reza Huseynoffski adlı istifadəçi vizanın tamamilə ləğvini istəyib: “Moldovada olduğu kimi etsəydilər, ikiqat super olardı”.

Ayin sual edib ki, niyə bu həkimlərə aid edilmir, "diskriminasiyadır?"

"Yenə də sadə xalq düşünülməyib, Pribaltikaya səyahət etmək əsəbdir", Gunay Məhərrəmova belə düşünür.

Jamila Alinin fikrincə, "onsuz da müəyyən kateqoriya vizanı asan alırdı".

Xalid Zeynalov bildirib ki, bundan sonra Rusiyaya yox, Berlinə qazanca gedərlər.

"Aİ ilə imzalanan viza mövzusunda əməkdaşlıq bütün azərbaycanlılara şamil olunsaydı, daha yaxşı olardı. Daha müəyyən siniflərə yox", Twitterdə ‏Rəsət Əmirli (@rasatamirli) paylaşıb.

Aİ ilə viza danışıqları, Aİ Nazirlər Şurasının Avropa Komissiyasına Azərbaycanla viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında danışıqlara başlamaq üçün mandat verdiyi zamandan, 2011-ci ildən başlayıb.

Həmin dövrdən bəri hər ilin əvvəlində viza sadələşdirilməsi sənədinin imzalanması barədə məlumatlar yayılsa da, ilin sonunda təkzib edilirdi.

Azərbaycan danışıqların başlanması üçün sənədləri 2010-cu ilin sentyabrında təqdim edib.