Nelson Mandelanın ölümü: Öz sözləri ilə

Mandelanın sözün qüdrətindən istifadə etmək məharəti onun Cənubi Afrikada qara bərabərlik uğrunda mübarizəsində ən güclü silahı idi.

Gəlin bu deyimlərdən bəzilərini yada salaq.

1964-cü ildə təxribat və dövlət xəyanəti ittihamları ilə mühakimə olunarkən üç saatlıq yekun nitqində o demişdi:

“Mən ağların hegemonluğuna qarşı mübarizıə aparmışam, mən qaraların hegemonluğuna qarşı mübarizə aparmışam. Mən hamının birlikdə, harmoniya içində, bərabər imkanlarla yaşayacağı demokratik və azad cəmiyyət idealına qulluq etmişəm. Bu, uğrunda yaşamaq və nail olmaq istədiyim idealdır. Lakin əgər lazım gələrsə, bu, uğrunda ölməyə hazır olduğum idealdır”.

Robben adasından 1971-ci ilin aprelində yazılmış məktubdan:

“Elə vaxtlar olur ki, həsrətin ağır yükü altında ürəyimin döyüntüsü zəifləyir, ürəyim az qala dayanır”.

“Kaş 1935-ci ilin əvvəllərindəki kimi, bir də Umbaşe çayında çimə biləydim”.

Robben adasında məhbus olarkən. Nelson Mandelanın 1994-cü ildə çapdan çıxmış “Azadlığın uzun yolu” avtobioqrafiyasından:

“Təkadamlıq kamera həbsxana həyatının ən ağrılı cəhətidir. Burada nə əvvəl var, nə də axır. Burada insan öz düşüncəsi ilə tək qalır və bu düşüncə onunla oyunlar oynamağa başlayır. Bunlar yuxu, yoxsa gerçək olub? İnsan hər şeyə cavab axtarır. Mən düzgünmü qərarlar qəbul etmişəm, bütün bunlara özünü qurban etməyə dəyərdimi? Təkadamlıq kamerada bu vahiməli suallardan heç yerə qaça bilməzsən”.

“Lakin insan bədəni şəraitə uyğunlaşmaq üçün nəhəng ehtiyatlara malikdir. Mən başa düşmüşəm ki, insanın bədəni sınaqlara məruz qalanda belə onun ruhu, çəkilməz olanı çəkməyə qabil ola bilir. Güclü inam məhrumiyyətlərə sinə gərməyin sirridir. Sənin qarnın boş olanda belə, ruhun tox ola bilər”.

1985-ci ildə Souetodakı mitinqdə qızı Zinzinin oxuduğu məktubdan:

“Qanun adı ilə mənimlə cani kimi rəftar edirlər. Etdiklərimə görə yox, mövqeyimə, vicdanıma görə. Ağlı başında olan adam belə həyatı seçməz, lakin elə vaxtlar olur ki, insanın normal həyat yaşamasına imkan vermirlər, bəzən insan yalnız bir cinayətkar kimi yaşaya bilir, çünki hökumət qanundan bu cür istifadə edir”.

“Ölkənin hər tərəfində soruşulan sual budur: Özünün vəhşi hərəkətləri ilə Afrikalılara bu qədər iztirab və səfalət gətirmiş hökumətlə münasibətlərdə sülhlə və qeyri-zorakılıqla hərəkət etmək düzgündürmü? Mən hazırda, mənim və siz xalqın azad olmadığı bir vaxtda heç bir göstəriş verə bilmərəm. Çünki mənim azadlığım sizin azadlığınızdan ayrı deyil. Mən qayıdacağam”.

1990-cı ildə həbsxanadan azad olunduğu günü belə təsvir edirdi (Azadlığın uzun yolu, 1994):

“Kameralar metal heyvanlardan ibarət sürü kimi şaqqıldamağa başladı. Mən sağ yumruğumu qarldırdım və izdihamdam nərə qopdu. Mən 27 il idi ki, belə bir şey edə bilməmişdim. İndi isə bu mənə güc və sevinc verdi”.

Atalıq hissi barədə (Azadlığın uzun yolu, 1994):

“Arvadıma ər, uşaqlarıma ata olmaq vəzifəmi yerinə yetirə bilməməyin ağrısı məni müəyyən şeylərə kor qoyub”.

“Görünür, qeyri-sabit şəxsi həyat azadlıq uğrunda vuruşanların qismətidir…millət atası olmaq şərəflidir, lakin ailənin atası olmaq daha böyük sevincdir. Mən bu sevinci o qədər də dada bilməmişəm”.

Həbsxana haqqında (Azadlığın uzun yolu, 1994):

“Bir insanı məhbus edən şəxs özü nifrət məhbusudur, o xürafat və dar düşüncənin barmaqlıqları arxasına salınmışdır…Zalım da, məzlum da insanlıqdan eyni şəkildə məhrum edilmişlər”.

Barışıq barədə (1993-cü ildə o zamankı prezident FW de Klerk-lə şərikli Sülh Nobel Mükafatını alarkən dediklərindən):

"Bizim şərikli mükafatımızın qiyməti sülhün təntənəsi ilə ölçüləcək və ölçülməlidir, çünki ümumbəşəri bağlarla insan irqinə birləşən ağlar və qaralar …cənnət uşaqları kimi yaşayacaqlar”…

“Lakin ölkəmizdə elə insanlar da var ki, onlar yanlış olaraq özlərinin fəlakətdən başqa heç nə gətirməyən xürafatları ilə ədalət və sülh işinə töhfə verəcəklərinə inanırlar”

Prezident inaqurasiyası nitqindən. 10 may 1994:

“Heç vaxt, heç vaxt və heç vaxt bir də bu gözəl torpaq insanın insan tərəfindən əzilməsini yaşamayacaq. Günəş bu şərəfli insan nailiyyətinin göylərində heç vaxt qürub etməyəcək. Qoy azadlıq hakim olsun. Allah Afrikanı saxlasın!”

Öz ictimai imici barədə (Mandelanın 2010-cu ildə çapdan çıxmış “Özümlə söhbətlərdən” ikinci avtobioqrafik kitabından) :

“Məni həbsxanada dərindən narahat edən bir məsələ də bu idi ki, mən bayırdakı dünya üçün istəmədən özüm haqqında müqəddəs obrazı yaratmışdım.

Mən heç vaxt müqəddəs olmamışam, hətta müqəddəs sözünün, yer mənasında, daim təmizlənməyə çalışan günahkar da olmamışam”.

Bu barədə daha geniş