Mərkəzi Bank Azərbaycandan qanunsuz çıxarılan $17 milyarddan "xəbərsizdir"

Mərkəzi Bankın Maliyyə Monitorinqi xidməti Global Financial Integrity təşkilatının hesabatında Azərbaycandan 10 il ərzində 17 milyard dolların qanunsuz yolla çıxarılması haqda “hər hansı bir informasiyaya malik olmadıqlarını” deyir.

Xidmətin İcra Aparatının rəhbəri Firdovsi Fikrətzadə BBC Azərbaycancancanın sorğusuna hesabatda qeyd olunan məsələlərdən “xəbərsiz” olduğunu bildirib.

Vaşinqtonda mənzillənən Global Financial İntegrity təşkilatı 2002-2011-ci illər arası inkişaf etməkdə olan 150 ölkədən kənara ümumilikdə 5.9 trilyon dollar pul axdığı barədə hesabat açıqlayıb.

Hesabatın Azərbaycanla bağlı hissəsində 2007-ci ildə Azərbaycandan qanunsuz olaraq 8 milyard 539 milyon dollar pul çıxarıldığı açıqlanıb. Bu rəqəm hesabatın əhatə olunan 2002-2011 –ci illər arası dövrdə Azərbaycan üçün ən yüksək göstəricidir.

Hesabata görə, Azərbaycandan kənara çirkli yolla axan qanunsuz kapitalın illər üzrə həcmi belə göstərilib.

Beləliklə Azərbaycandan orta hesabla hər il 1 milyard 706 milyon dollar kapital qanunsuz olaraq axıb. Təşkilatın məlumatına görə, buna görə Azərbaycan 144 ölkə arasında 44-cü yerdədir.

Diqqət çəkən məqamlardan biri, 2011-ci ildə Azərbaycandan kənara qanunsuz olaraq köçürülən heç bir manat pulun göstərilməməsidir.

2002-2011–ci illər arası Azərbaycandan qırağa hər il orta hesabla 1 milyard 700 milyon dollar pul qanunsuz çıxarılıb. Bu 10 ildə Azərbaycandan qanunsuz olaraq 17 milyard dollar pul qırağa axıb.

Pullar ölkədən necə çıxarılır?

BBC Azərbaycancaya danışan iqtisadçı Natiq Cəfərli deyib ki, bu qədər pulun ölkədən çıxarılması heç də bu pulların korrupsiya yolu ilə offşor zonalarda yaradılan şirkətlərlə yuyulması demək deyil.

“Biznes sahəsində çalışan insanlar yüksək vergilərdən və digər problemlərə görə qazandıqları pulları ölkədən çıxarmağa məcbur olurlar. Məsəlçün, avtomobil biznesi ilə məşğul olan biznesmen dolları cibinə qoyub, xaricdən avtomobil alıb gətirir”, o bildirib.

Cənab Cəfərlinin sözlərinə görə, hesabatda ölkədən çıxarılan ən yüksək məbləğin neft gəlirlərinin pik həddə çatdığı dövrə təsadüf etməsi müəyyən şübhələr yaradır.

“Ancaq son dövrlərdə ölkədən kənara çıxarılan pulların azalması göstərir ki, hökümət oliqarxlarlaa “centlmen” sazişi bağlayıb və qeyri-rəsmi olaraq çirkli pulların kənara çıxarılmasına qadağa qoyulub. Bu investisiyalar ölkə daxilinə yönəldilib və dövlət də etiraf edir ki, daxili investisiyaların sayı xaricilərdən daha çoxdur”, ekspert qeyd edib.

Bununla belə iqtisadçı ekspertin fikrincə, daxilə yönəldilən investisiyaların effektiv xərclənməsi ilə bağlı ciddi problemlər var.

“Bu investisiyalar qeyri-neft sektoruna deyil, təmir və tikinti işlərinə ayrılır. Bununla həm sosial gərginlik azalır və insanlar müvəqqəti də olsa işlə təmin olunurlar”, Cəfərli deyib.

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin sözlərinə görə, bu hesabatdakı rəqəmlər göstərir ki, “ölkədə heç bir şey dəyişməyib”.

“Çox böyük pullar neftdən çıxır və bu pulların çoxu xarici hesablara oturulub. Yəni vəsaitlər xarici banklardan çıxarılıb ölkəyə gətirilməyib. İqtisadiyyatın 80 faizi qeyri- leqaldır, çünki rəsmi yolla çıxarılan pullar nəzarətə götürülür”, o bildirib.

Cənab Əliyevin sözlərinə förə, ölkədən 2011-ci ildə hər hansı vəsaitin çıxarılmaması göstərir ki, bu pullar daxili investisiya şəklində hansısa sahələrə yatırılıb.

“İqtisadçıların hesablamalarına görə ölkədən çıxarılan pullar son 10 ildə 48 milyard dolları aşır”, o əlavə edib.