Anar Əliyev Rövnəq Abdullayev və İlham Əliyevin qohumu olmadığını yazıb

Azerbaijan Anonymous Fotonun müəllifi Global Witness

Global Witness təşkilatının "Anonim Azərbaycan" hesabatında adı hallanan Anar Əliyev olduğunu bildirən şəxsin bəyanatında onun haqqındakı iddialar "tamamilə əsassız" adlandırılıb.

Təşkilatın hesabatında cənab Əliyevə məxsus olduğu deyilən UGE (Union Grand Energy) saytında yerləşdirimiş və onun adından yazıldığı bildirilən bəyanatda həmçinin deyilir ki, onun nə Azərbaycan Prezidenti İlham Əliyevlə, nə də ARDNŞ Prezidenti Rövnəq Abdullayevlə qohumluq əlaqələri yoxdur.

"Anar (Əlizadə) Əliyevin Global Witness təşkilatının 10 dekabr 2013-cü il tarixli hesabatına cavab olaraq şəxsi bəyanatı"nın müəllifi özünü "işgüzar fəaliyyətlə məşğul olan Azərbaycan Respublikası vətəndaşı" kimi təqdim edir.

Dekabrın 10-da nəşr olunan Global Witness hesabatında ARDNŞ ilə 50-yə yaxın sövdələşmədə iştirak etdiyi iddia olunan Anar Əliyevin kimliyi, bu sövdələşmələrdə nə üçün məhz onun seçildiyi sual edilir.

"Sual olaraq qalır: necə olur ki, nisbətən gənc, bundan əvvəl tanınmamış sahibkar altı il ərzində dövlət neft şirkətilə 48 sazişdə (iştirak edib)", hesabatda deyilir. "ARDNŞ-nin UGE-Lancer-i necə seçməsi aydın deyil; Global Witness tenderin baş verməsi barədə ... məlumat əldə edə bilməyib".

ARDNŞ-nin hesabata cavab olaraq verdiyi bəyanatında bildirilir ki, “azərbaycanlı iş adamı” Anar Əliyevlə 2000-ci illərin əvvəllərindən əməkdaşlıq edir və bu, peşəkar mütəxəssislərə olan tələbat ehtiyacından irəli gəlib.

“…Anar Əliyevin təklifləri ən səmərəli hesab edildi və sonradan, həqiqətən də, uğurla nəticələndi”, şirkət deyir.

Bəyanatda cənab Əliyevin "nə Azərbaycanda, nə də digər ölkələrdə heç bir zaman" cinayət məsuliyyəti predmeti olmadığı bildirilir, Amma Global Witness-in qaldırdığı müxtəlif suallara, o cümlədən Anar Əliyevə məxsus şirkətlərin hansı prosesdən keçərək seçilməsinə aydınlıq gətirilmir.

Anar Əliyev həmçinin "gizli şəxs" kimi təqdim olunmasına münasibət bildirib. "Bu ictimaiyyətin göz önündə olmadığımdan irəli gəlir, lakin öz fəaliyyətimdə şəxsi həyatın toxunulmazlığına və ailəmin təhlükəsizliyinə daha çox diqqət yetirdiyim üçün ictimaiyyətin göz önündə olmağı tərcih etməmişəm."

Global Witness hesabatında Anar Əliyevlə əlaqə saxlamağa dəfələrlə cəhd etdiyini, amma bu cəhdlərin uğursuz olduğunu bildirib.

Bu barədə daha geniş