Azərbaycan teatrı: 140 il nəyi dəyişib?

Azərbaycan teatrı 2013-cü ildə 140 yaşını doldurub. Son illər ərzində kassaların qarşısındakı növbələr əvvəlki kimi dolub daşmasa da, teatr tənqidçiləri teatrın hazırkı dövründə “inkişafa doğru” addımlar atıldığını deyir.

Elə BBC Azərbaycancaya danışan rejissorlar, aktyorlar və tənqidçilər teatrda müasirləşmək üçün “xırda-xırda” işlər görüldüyü qeyd etsə də, problemlərdən, tamaşaçı marağı, yaradıcılıq azadlığı, maaş azlığı və digərdən söz açıb.

Gənc Tamaşaçılar Teatrının rejissoru və aktyoru Nicat Kazımova görə, teatrda “həm yaxşı, həm də zəif” tamaşalar səhnələşdirilir.

“30 faiz yaxşı tamaşadırsa, bu, uğurdur. Keyfiyyətli tamaşa varsa, tamaşaçı gəlirsə bu artıq uğurdur. Yaxşı aktyor nəsli, yaxşı rejissiorlar iş qurursa bu artıq uğurudur”.

BBC Azərbaycancaya danışan Bakı sakinləri arasında teatra mütəmadi ziyarət edənlər olsa da, bəziləri teatra getdikləri son vaxtı xatırlamayıb. Bəziləri isə teatrın “moddan düşdüyünu” və tamaşaların “maraqsız olduğunu” bildirib.

Quruluş verdiyi tamaşaların seyrçi problemi olmadığını iddia edən Kazımovun sözlərinə görə, bəzi tamaşaların “haqlı olaraq zəif” qiymətləndirilməsi ilə razıdır.

Tamaşaçı "problemi"

Teatr tənqidçisi Aydın Talıbzadə teatrda əsasən, böyüklər üçün tamaşaların seyrçi problemi olduğunu bildirir.

Image caption “Son zamanlar Gənc Tamaşaçılar və Kukla teatrı aktiv tamaşaçı toplaya bilir, qədərincə tamaşaçı var”, teatr tənqidçisi Aydın Talıbzadə deyir

“Teatr dünya haqda anlayışlarının bir hissəsi olmalı, tamaşaçının daxili təlabatını oyanmalıdır. Tamaşaçı inansın ki, mədəni varlığı onun həyatı üçün çox vacib nəsnədir”, Talıbzadəyə görə, bu vacibliyi teatr anlatmalıdır.

Lakin tənqidçi uşaqlar və gənc auditoriyaya ünvanlanan tamaşaların seyrçi toplamağa başladığını qeyd edir. “Son zamanlar Gənc Tamaşaçılar və Kukla teatrı aktiv tamaşaçı toplaya bilir, qədərincə tamaşaçı var”.

Gənc Tamaşacalar Teatrının aktrisası Kəmalə Hüseynova BBC Azərbaycancaya tamaşaçı probleminin “çox böyük” məsələ olduğunu desə də, detalları açıqlamayıb.

“Mən öz fikirlərimi heç kimlə bölüşmürəm”, o deyib.

İşsiz rejissor Rövşən Almuradlı isə teatrda seyrçi problemini teatrın xalqın dili ilə danışmadığını, alternativ mövqe göstərməməsi ilə əlaqələndirir.

Azərbaycan teatrının da "bir rəngdə olması tələb edilir" və "o rəngin əksini qəbul etmək iqtidarı" olmadığını deyən rejissor məhz bu səbəbdən son iki ildə ona tamaşa verilmədiyini iddia edir.

“Mənim tamaşalarım alternativ düşüncəyə, əks mövqeyə arxalanır deyə, bu da ağır və çətin yoldur, o cəmiyyətdə ki çox sahələr monopoliyadadır”.

Rejissor Almuradlıya görə, teatrda “yaradıcılıq azadlığı” verilmir.

“Sovet dövründə ezop dilində danışırdılarsa, indiki dövrdə müstəqil Azərbaycan, demokratik dövlət qururuqsa, daha açıq, rəvan və daha təsiredici danışmaq imkanına malik olmalıyıq”.

Son tamaşasının 2012-ci ildə təhvil verən rejissor, hələlik “gözləmə” mövqeyində olduğunu qeyd edir.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

20-dən çox tamaşa səhnələşdirən rejissor Nicat Kazımov üçün isə yaradıcılıq hər zaman “azad olub”.

“Uşaq tamaşalarını təkidlə hazırlamışam, amma 99 faizini necə düşünürəmsə elə hazırlamışam. Mənim istədiyim tamaşa üçün teatr tapa bilmişəm”.

Teatrın həyatdan götürülmüş hadisə olduğunu deyən cənab Kazımov isə bunu, “o demək deyil ki, benzinin qiyməti qalxıb və biz bundan tamaşa hazırlamalıyıq” kimi izah edir.

Mədəniyyət və Turizm Nazirliyi BBC Azərbaycancaya bildirib ki, rejissorlar heç vaxt indiki kimi “azad və sərbəst olmamışlar”.

“Bu gün hər bir rejissor respublika teatrlarında öz arzusu ilə tamaşa hazırlamaq hüququna malikdir və bu hüquqdan məqsədyönlü şəkildə istifadə edir. Hətta Dövlət sifarişi ilə hazırlanan tamaşalar belə teatrlardan gələn təkliflər əsasında planlaşdırılır”, nazir müavini Ədalət Vəliyevin adına ünvanlanan sorğuya cavabda deyilir.

"Axundovlar hanı?"

Əsər müəlliflərinə gəlincə isə, aktrisa Kəmalə Hüseynovaya bu gün Azərbaycan teatrında "Cəfər Cabbarlılar", "Axundovlar" və "Cəlil Məmmədquluzadələrin" olmadığını deyir. “Hanı Cəfər Cabbarlı ki, teatrı çiynində aparsın?” o sual edib.

Aktyorların maddi problemlərindən danışan incəsənət adamları, əsasən maaş azlığını qeyd edib.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

“190-200 manat maaş alıram. Aktyorlar 150-240 manat civarında maaş alırlar. Birtəhər dolanırıq da”, rejissor Kazımov qeyd edir ki, yenə Azərbaycan teatrı üçün işləməlidir.

Lakin o, aktyorların hazırda mənzil problemi olduğunu qeyd edir və “kimlərəsə ev verilir, kimlərsə onsuz qalır. 22 ildir teatrda işləyirəm, hələ də evsizəm” deyir.

Aktrisa Kəmalə Hüseynova isə, “acından ölsə” də teatrda işləyəcəyini bildirir.

“Günlərlə, aylarla ət, çay nədi görməmişəm. Amma mən maddi maraqlarım, mənim varım da yoxum da teatrdır. Onsuz mən neyləyərəm?” deyir aktrisa.

Sərəncamlar

Nazirlik bildirib ki, son illər Azərbaycanda teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul edilib. Bura, 2006-ci ildə qəbul edilmiş "Teatr və teatr fəaliyyəti haqqında", 2007-ci ildə "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" Prezident Sərəncamı və "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı aiddir.

Nəticədə, MTN Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rus bölməsi ilə Azərbaycan Dövlət Rus Dram Teatrı, Azərbaycan Dövlət Gənclər Teatrı, Bakı Kamera Teatrı və Dövlət Gənc Tamaşaçılar Teatrı, Gəncə Dövlət Poeziya Teatrı ilə Gəncə Dövlət Dram Teatrının birləşdirilib.

Daha sonra, "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" Sərəncama uyğun olaraq Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Musiqili Teatrı, Şəki Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Ağdam və Füzuli Teatrlarının binalarında təmir-bərpa və yenidənqurma işləri, Dövlət Pantomima və "Yuğ" teatrlarında isə təmir işləri aparılıb. Daha biri isə, Akademik Opera və Balet Teatrı yaxın vaxtlarda təmirə edilməsi planlaşdırılır.

Nazirliyin məlumatına görə, bu illər ərzində teatrlarda 919 yeni və əsaslı bərpa olunmuş tamaşa hazırlanıb ki, bunun da 198-i dövlət sifarişi, 721-i isə teatrların daxili imkanları hesabına başa gəlib.

Hazırda Azərbaycanda 26 dövlət teatrı, "Üns" yaradıcılıq səhnəsi, Bələdiyyə Teatrı, 50-yə yaxın xalq teatrı və 13 teatr studiyası fəaliyyət göstərir. Bu ildən isə, hər ilin 10 martı "Milli Teatr Günü" kimi qeyd olunur.

Bu barədə daha geniş