Britaniya arxivi: Qorbaçov və Thatcher Azərbaycan barəsində nə danışıb?

Qorbaçov və Thatcher
Image caption Mixail Qorbaçovun Londona səfəri 1984-cü ilin dekabr ayında yer alıb.

2014-cü ilin əvvəlində məxfiliyi qaldırılmış Britaniya arxiv sənədləri Mixail Qorbaçovla Britaniyanın o zamankı Baş Naziri Margaret Thatcher arasında müzakirə edilmiş bəzi mövzulara işıq saçır.

1984-cü ildə Sovet İttifaqı liderinin Britaniyaya səfəri 400 səhifəyədək sənədlə əhatə olunur.

“16 dekabr 1984-cü ildə baş nazirlə cənab Qorbaçovun Çekers iqamətgahındakı nahar vaxtı şəxsi söhbətin qeydləri”, adlı sənəddə bır sıra yerli və beynəlxaq mövzular arasında Azərbaycanın adı da çəkilir.

Həmin sənədin xülasəsi ilə aşağıda tanış ola bilərsiniz:

Baş nazir bütün ölkələrin iftixar və milli hissə malik olduğunu deyib. Bu Avropanın hər iki hissəsinə aidir.

Cənab Qorbaçov deyib ki, başqa ölkələrin maraqlarını öz ölkənə nisbətdə ikinci dərəcəli kimi görmək siyasətin mənəvi əsası ola bilməz. Qarşılıqlı İqtisadi Yardım Şurası ölkələrinin (1949-cu ildən 1991-ci ilədək bir sıra sosialist ölkələrin üzv olduğu iqtisadi birlik) milli gəliri Sovet İttifaqının göstəricilərindən daha sürətlə artıb. Bu, SSRİ-nin təmənnasız yardımından xəbər verir.

Baş nazir Sovet İttifaqının yetərli dərəcədə valyutaya malik olub-olmadığını soruşub.

Cənab Qorbaçov SSRİ-nin kifayət qədər valyutaya malik olduğunu deyib.

Baş nazir Beynəlxalq Valyuta Fondunun çox faydalı təşkilat olduğunu qeyd edib. Adamlar öz həyat səviyyələrini öz zəhmətilə artırmaq imkanını istəyirlər. Bu bütün ölkələrə aiddir. Lakin hökumətlərin pulu yoxdur və onlar daha çox pul qazanmaq üçün adamlara kömək etməlidirlər. Buna mərkəzləşmiş və qeyri çevik iqtisadiyyata malik ölkələrdə necə nail oluna bilər?

Cənab Qorbaçov deyib ki, sosial və iqtisadi bərabərlik kimi mühüm məsələlər müsbət şəkildə çözülmədiyi təqdirdə Sovet İttifaqı çox çətin bir vəziyyətdə qala bilər.

Baş nazir SSRİ-nin belə bərabərliyə nail ola biləcəyini soruşanda cənab Qorbaçov buna əsasən nail olunduğu bildirib. O, işsizlik probleminin həll olunduğu deyib. Sovet İttifaqının bu məsələdə yanaşması Qərbdə, xüsusilə də Britaniyada qəbul edilmiş yanaşmadan bir çox cəhətdən fərqlənir. SSRİ-də işçilərin sayı təkmilləşdirmə kurslarından öncə ixtisara məruz qalır. Əks praktika sadəcə olaraq işləməyəcəkdi. Artıq standartlaşmış təhsil sistemi tətbiq olunur. Hər şey inkişaf edir. Əlbəttə ölkəni idarə etmək asan deyil, diqqət tələb edən məsələlər mövcuddur. Plan tutanlar 15 respublikadakı vəziyyəti nəzərə almalıdırlar və respublikaların özləri də razılıqlarını verməlidirlər. Bəzi Mərkəzi Asiya respublikalarında doğum səviyyəsi ölkənin digər hissələrindən daha yuxarıdır. Lazımsız əlavə işçi resurslarının əmələ gəlməsi təhlükəsi var. Amma artıq bu problemin öhdəsindən gəlinıb. Son 10 il ərzində cənub respublikaları ilə bağlı vəziyyəti nəzərə almaqla qərarlar qəbul olunub.

İndiyədək kənd təsərrüfatına vurğu edən Azərbaycanın hərtərəfli inkişafı üzrə proqramlar var. Əvvəl gəncləri cəlb etmək üçün bu bölgələrdə iri sənaye müəssisələrini yaratmaq ideyaları mövcud idi, lakin onlar bir o qədər də düzgün alınmadı. İndi vurğu kənd bölgələri və sairə yerlərdə gəncləri işlə təmin edə biləcək yüngül sənayenin kiçik və orta ölçülü müəssisələrin yaradılmasına edilir. Yüz milyardlarla dollar irriqasiya layihələrinə xərclənib....

[...] Baş nazir deyib ki, Britaniyada azadlıqlar və hüquqların tam təmin olması ölkədə yad sistemlərin təbliğatı üçün açıqdır. O, bunun qarşısını almaq fikrində deyil. Lakin seçkilər vasitəsilə uğur əldə edə bilməyən kommunistlər zorakılığa əl atırlar.

Cənab Qorbaçov Sovet İttifaqının bu yolla gedənlərə yardım etmədiyini deyib. O, SSRİ-nin Britaniya mədənçilərinin Milli Həmkarlar İttifaqına maliyyə vəsaiti vermədiyini deyib.(Onu müşaiyət edən Zamyatina baxaraq, “mənim məlumatıma görə” əlavə edib. ). Bildirib ki, Baş nazir yaranmış vəziyyətə görə əcnəbi kommunistləri yox, Britaniyanı suçlamalıdır. “Kapital” Londonda yazılıb.

Baş nazir onun sözünü kəsərək, azad ölkədə nəinki kitab yazmaq hətta onu çap etməyin də mümkün olduğunu deyib.