Bakı bazarları: qiymət qalxıb, alıcı azdır

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

“Allahın yumurtası 15 qəpik olub”, “kartofu 1 manat 20 qəpiyə alırıq”, Bakı sakinləri Yeni il bayramının yenicə bitməsinə baxmayaraq, qiymətlərin hələ də baha olduğunu deyir.

BBC Azərbaycancaya danışan sakinlərin hamısı bahalığı yanacağın qiymətinin qaldırılması ilə əlaqələndirib.

“Benzin qalxıb axı, nəqliyyatla daşıyırlar hər şeyi də”, bahalığın onu gecə-gündüz istirahətsiz işləməyə məcbur etdiyini deyən taksi sürücüsü bildirir.

Azərbaycanda ötən ilin dekabrında Tarif Şurası yanacağın qiymətini 30 faizdən çox qaldırıb. Həmin vaxt qiymətlərin artması barədə məlumatlar yayılsa da, rəsmən təsdiqlənməyib.

Lakin dekabrın ortalarından bəri bir çox adamın ikinci çörək adlandırdığı kartofa qiymət 60-80 qəpikdən 1 manat, 1 manat 20 qəpiyə qalxıb.

9 qəpiyə satılan yumurta isə 14-15 qəpik olub.

Bu qiymətlərə Yeni il bayramı ərəfəsində olan "ənənəvi artım" da təsirsiz keçməyib. Hərçənd ki, adətən bayramlardan sonra bazar qiymətləri avtomatik aşağı endirilir, bu dəfə isə vəziyyət dəyişilməz qalıb.

Təzə Bazarda satıcı işləyən Qurban İsmayılov təxminən bir aydır ki satdığı kartofu 20 qəpik baha aldığını deyir.

“Bunun gətirmə xərci var. Benzin bahalaşıb, yol bahalaşıb, gətirən sürücü də havayı gətirmir ki?”, 40 ildir satıcı işləyən İsmayılov BBC Azərbaycancaya deyir.

Başqa bir satıcı isə, bahalığın əhalinin alıcılıq qabiliyyətini aşağı saldığını vurğulayır.

“Ucuz olanda alırdılar 5-10 kilo, indi alırlar 1 kilo-1kilo yarım, bu da istər-istəməz alıcılığı azaldıb. İndi heç bir kisə katrofu 3 günə satmaq olmur”.

Qiymət artımının yanacağın qiyməti ilə mütənasib olması barədə fikirlərlə razılaşan iqtisadçı ekspert Rövşən Ağayev deyir ki, kartofun qiyməti “az qala iki dəfə artıb”.

“Mənim əldə etdiyim informasiyaya görə, buna səbəb İrandan kartofun idxalına problemlərin yaradılmasıdır”, cənab Ağayev BBC Azərbaycancaya qiymət artımının başqa səbəblərini sadalayır.

Kartof tələbatı

Amma o, rəsmi məlumatlarda deyilən yerli istehsalla Azərbaycanda kartof tələbatının ödənilməsi barədə fikirlərə "şübhə ilə" yanaşır.

“Hökümətimiz məlumat verir ki, kartof tələbatımızı ödəyirik və son 5-6 ildə hər il 1 milyon ton kartof istehsal olunur. Hətta xaricə 50-60 min ton da ixrac edirik”.

Ekspertin fikrincə, baş verənlər müşahidə edilərsə, ya istehsal, ya da idxal statistikası “doğru deyil”.

Image caption Dekabrın ortalarından bəri bazarda satılan bəzi malların qiyməti ikiqat artıb

Yumurtanın qiymətinə gəlincə isə, iqtisadçı yenə də rəsmi məlumatlar nəzərə alınarsa, heç bir "problem olmadığını" deyir.

“2000-ci ildən bu yana xeyli quşçuluq fabrikləri açılıb və ötən il idxaldan iki dəfə artıq istehsal olub. Bu o deməkdir ki, ya statistik rəqəmlər düz deyil, ya prezidentin dediyi kimi bu sahədə inhisarçılıq var, ya da ki, ölkəyə gətirilən quş yeminin qiymətində artım var”, o əlavə edib.

Bu səbəbdən cənab Ağayev yumurtanın satış qiymətinin artımında bazarda dominantlıq edən broyler şirkətlərinin öz aralarında artımla bağlı razılaşdıqlarını da istisna etmir və deyir ki, bu məsələlərin araşdırılması zəruridir.

Yumurtanın qiymət artımını Kənd Təsərrüfatı Nazirliyi də təsdiqləsə də, dekabrın sonunda qiymətin endirildiyini qeyd edib, APA yazır.

"..1 ədəd yumurtanın qiyməti 14 qəpik olub. Nazirlik tərəfindən aparılan yoxlamalar və şənbə-bazar günləri təşkil olunan yarmarkalar vasitəsilə qiymətin enməsinə nail olunub. Nəticədə, bu yarmarkalarda yumurtanın qiyməti 10-11 qəpiyə düşüb", Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.

2006-ci ildən KTN hər həftəsonu və bayramlar ərəfəsində Bakının müxtəlif nöqtələrində orta qiymətləri bazar qiymətlərindən 20-30 faiz aşağı olan kənd təsərrüfatı mallarının yarmarkasını keçirir.

Bu barədə daha geniş