Mübariz Qurbanlı: "Səttar Mehbalıyevin üzərinə məxsusi gedilməsinin əleyhinəyəm"

Mübariz Qurbanlı

Şəmkir rayonundan olan və bu yaxınlarda Şöhrət ordenilə təltif olunmuş millət vəkili Mübariz Qurbanlı BBC Azərbaycancaya müsahibəsində özünü yandırmış müharibə veteranı Zaur Həsənovla bağlı və digər suallara cavab verib.

O seçicilərinin ondan razı olub-olmadığını deyə bilməyəcəyini söyləyib. Millət vəkililə müsahibəni Bakıda jurnalist Natiq Cavadlı aparıb.

- Özünüz rayona gedib seçicilərlə görüşürsünüzmü?

- Bəli.

- Ayda neçə dəfə?

- Ayda neçə dəfə getmək sualının içərisində bir təxribat var. Bilirsiniz ki, deputat Bakıdan Şəmkirə ayda neçə dəfə gedə bilməz. İldə bir neçə dəfə getməyimi söyləsəydiniz, bu, daha məntiqli olardı. Üzr istəyirəm, bu, zarafatyana bir müdaxilədir. Yəni il ərzində dəfələrlə qış və yay tətillərində kəndləri gəzib seçicilərlə görüşürəm. Təbii ki, ayrı-ayrı vaxtlarda imkan yarandıqca bölgələrdə seçicilərlə görüşürəm. İndi seçicilərlə təmas üçün imkanlar daha genişdir, ən çox elektron mübadilənin artması nəticəsində seçicilərlə əlaqənin yaranması çox əlverişli şərait doğurur. Əlbəttə, kəndlərdə elektron poçtlardan istifadə o səviyyədə deyil, amma mobil telefondan istifadə imkanı genişdir. Həm də millət vəkillərinin yerlərdə ofisləri var, orada köməkçilərimiz seçicilərin problemlərini dinləyirlər. Bir sözlə, deputatların seçicilərlə görüşlərinin forma və mahiyyəti yeniləşib.

- Söhbətimizi orden və medalların verilməsiylə davam etdirmək istərdim, bir sıra adamlar var ki, onlar müstəqilliyimizin əleyhinə səs verib və yaxud ictimai-siyasi fəaliyyəti istənilən qədər qabarıq deyil. Onların “İstiqlal” və “Şöhrət” ordenləriylə təltif olunmasını necə izah edərdiniz?

- Azərbaycanın müstəqilliyi əleyhinə heç kim səs verməyib. Bu barədə deyilənlər çox yanlış yanaşmadır. O mənada müstəqilliyimiz heç vaxt referenduma çıxarılmayıb ki, əleyhinə də səs versinlər. Azərbaycanın müstəqil olması referenduma çıxarılanda artıq müstəqil idi. 1991-ci il 18 oktyabrda Müstəqillik Aktını qəbul edilib və elə həmin gün Ali Sovetin siyahısında sənədə səs verməyən adam yoxdur.

- Bəs hər il müstəqilliyə səs verənlərin, bitərəf qalanların və əleyhinə olanların siyahısı hansı mənbəyə əsasən mətbuatda dərc olunur?

- Mən izah edəcəm, istəyirəm bu məsələni birdəfəlik bilək. O zaman deputat olmasam da, tarixçi kimi proseslərin izləyicisi və təhliliylə bərabər canlı şahidiyəm. 1990-cı ilin 17 martında SSRİ-nin saxlanılıb-saxlanılmamasıyla bağlı ümumittifaq miqyasında referendum qərarı çıxarıldı. Referenduma çıxarılan mövzuda müstəqillik söhbəti yox, SSRİ-ni saxlayaq, yaxud saxlamayaq sualı vardı. Hamı məsələnin bu cür qoyuluşunun kökündən yanlış olduğunu bilirdi və cavablarda hə və yox-un özü də məntiqsiz idi. Ona görə həmin dövrün deputatlarının üzərinə gedilməsində də ədalət yoxdur. Adamlar hamısı 18 oktyabrda müstəqillik Aktına səs verib.

- Deməli, cəsarət göstərib müstəqilliyə səs verənlərin addımını kənara qoyaq?

- Yox, mən onları qiymətləndirirəm və biz də onları dəyərləndirməliyik. 1991-ci ilin 17 mart referendumu zamanı SSRİ-nin saxlanılıb-saxlanılmaması barədə söhbət gedəndə, Ali Sovetdə ittifaqın saxlanılmasının əleyhinə səs verən deputat qrupu olub. Bilirsiniz ki, ulu öndər Heydər Əliyev də onların içərisindədir. O da SSRİ-nin saxlanılmasının əleyhinə səs verib. Bu tarixi faktı hamı bilir. Qaldı həmin dövrdə Ali Sovetin üzvü olmuş deputatlar, onların hamısı təqaüd alır. Lakin aldıqları təqaüd 1995-ci ildən sonra seçilmiş deputatların təqaüdündən fərqlənir. Bunun səbəbi odur ki, 1991-95-ci illərdə olan deputatların təqaüd alma məsələsi ümumi qaydalarla idi. Ancaq növbəti tərkibin təqaüdüylə bağlı 1995-ci ildən sonra qanun qəbul olundu. Qanunun isə geriyə tətbiqi yoxdur. Amma əlahiddə qaydada bu məsələnin müzakirəsinin aparılaraq həmin dövrdə fəaliyyət göstərən deputatlara hansısa formada başqa bir qanunvericilik normasının dəyişdirilib şamil edilməsi mövzu ola bilər.

<span >Zaur Həsənov məsələsi

- Söhbətimizi ötən ilin sonunda özünü yandırmış, sonradan xəstəxanada vəfat edən Qarabağ əlili Zaur Həsənovun faciəsinə yönəltmək istərdim. Siz mediada bu olayın hüquqi araşdırılmasının vacibliyini bildirmişdiniz. Mərhum özünü yandıran günü Həmkarlar İttifaqı Konfedrasiyasının sədri, deputat Səttar Mehbalıyev onu şərçi adlandırdı. Ancaq prezidentin açıqlaması yayılandan sonra o, Zaur Həsənovun ailəsinə 100 min manat və başqa maliyyə yardımları etdi. Necə izah oluna bilər ki, konfederasiya sədri şərçi adlandırdığı şəxsin ailəsinə sonradan 100 min manat yardım edir?

- Allah Qarabağ əlilinə rəhmət etsin. O, xəstəxanada olarkən Siyavuş Novruzovla birgə ziyarət etdim, həm də partiya rəhbərliyi Əli Əhmədov başda olmaqla yas mərasimində iştirak etdi. Zaur Həsənov müharibə əliliydi, onun özünü yandırması kədərli hadisədir, bu, olmamalıydı. Ancaq müəyyən hadisələr baş verir, bəzən insanlar özlərini cilovlaya bilmir, hər halda Allah rəhmət etsin, keçmiş olsun deyək. Bilirsiniz, mən Səttar Mehbalıyevin üzərinə məxsusi gedilməsinin əleyhinəyəm. Çünki həmin mübahisə doğuran ərazi Həmkarlar İttifaqı Konfedrasiyasına məxsusdur, Səttar Mehbalıyevin şəxsi ərazisi deyildi. Bildiyimə görə ərazidə müxtəlif qeyri-qanuni tikililər olub.

- Əraziləri vətəndaşlara bələdiyyə verib...

- Bələdiyyələrin verdiyi sənədlərin də hüquqi qüvvəsinin olmadığını Həmkarlar İttifaqı Konfedrasiyası məhkəmə yoluyla sübut edib. Konfederasiya mərhum Zaur Həsənovu məhkəməyə verməyib, məhz bələdiyyəyə qarşı iddia qaldırılıb.

- Ancaq məhkəmənin hökmüylə Zaur Həsənov cərimə olunub...

- Yox, məsələ elə deyil. Həmin ərazi Həmkarlar İttifaqı Konfederasiyası sanatoriyasının tabeliyindədir. Məhkəmə buna görə bələdiyyələrin tikintilərə icazə qərarını qeyri-qanuni hesab edərək mərhum Zaur Həsənov yox, digərləri haqqında hökm çıxardıb. Bundan əlavə məhkəmə tikintilərin qeyri-qanuni olması haqqında qərar çıxarıb, o cümlədən, Apellyasiya Məhkəməsi bunu təsdiqləyib. Bütün bunlardan sonra mərhum Zaur Həsənov konfederasiyanın sədri olaraq Səttar Mehbalıyevin qəbuluna gəlib, müxtəlif mövzularda məsələnin aradan qaldırılmasına çalışıb və. s. Amma Səttar Mehbalıyev mətbuata deyib ki, Zaur Həsənovla bağlı məsələ onluq yox, məhkəməlikdir.

- Konfederasiya sədri mətbuata ilk açıqlamasında Zaur Həsənovun ona şər atdığını bəyan etmişdi...

- Mən həmin detallara varmaq istəmirəm. Bir də bu mövzunun bizim müzakirəmizdə olması da qəribə səslənə bilər.

- Siz Səttar Mehbalıyevi müdafiə etdiyiniz üçün suallarım təbii sayılmalıdır...

- Mən ona görə müdafiə etdim ki, mərhumun özünü yandırmasına çox təəssüf keçirdim. Gərək, hər şey ediləydi ki, hadisə baş verməsin.

- Məgər, bütün bunlardan sonra Səttar Mehbalıyev məsuliyyət daşımırmı?

- Mən şəxsən Mehbalıyevin məsuliyyət daşıdığını qəbul etmirəm.

- Nə üçün?

- Çünki o, bu prosesdə tərəf deyil. Prosesdə Səttar Mehbalıyev yox, Həmkarlar İttifaqı Konfedrasiyası iddiaçıdır.

- Konfederasiyanın sədri Mehbalıyev deyilmi...?

- Gəlin, belə deyək də, tutaq ki, BBC radiostansiyası mülkiyyətlə bağlı kimisə məhkəməyə verib.

- Mübariz müəllim, mövzudan uzaqlaşmayaq, əgər Mehbalıyev tərəf deyildirsə, o zaman niyə mərhumun ailəsinə yardım etdi?

- Bu hadisədən sonra onun ailə vəziyyəti, özünün düşdüyü ağır durum, həm də baş vermiş faciədən sonra, nəzərə alın ki, biz azərbaycanlıyıq, yardım etməliyik.

- Olmazdımı, konfederasiya sədri Mehbalıyev əvvəlcədən onun qəbuluna gələn Zaur Həsənova yardım edərdi, heç bu faciə də olmazdı?

- Əlbəttə, kaş, belə olaydı. Amma yenə deyirəm, mən Səttar Mehbalıyevi neçə illərdir bir deputat və yoldaş olaraq tanıyıram, onun şəxs kimi hansısa insan üzərinə məxsusi getməsini qəbul etmirəm. Çünki o elə adam deyil.

- Sizin məsələnin hüquqi araşdırmasının vacibliyi barədə açıqlamanızı bir daha xatırladıb sual etmək istəyirəm, kimlərsə məsuliyyətə cəlb olunmalıdırmı?

- Yox, mən hüquqi müstəvini deməmişəm. Mən bildirmişəm ki, bu, məhkəmə çəkişməsi olan mövzudur, gərək, belə də davam edəydi.

Güman ki, mərhumun psixoloji, yaxud fiziki durumu məhkəmə çəkişməsini davam etdirməyə imkan verməyib. Amma davam etdirməyə haqqı vardı. Çox təəssüf ki, davam etdirməyib. Əgər sona qədər getsəydi, bəlkə daha yuxarı instansiyalara çıxılsaydı, məsələ həll edilərdi.

- Sizcə, istintaq onu intihar həddinə kimin çatdırmasını araşdırmalıdırmı?

- Bu, mənim mövzum deyil və hüquqi baxımdan qiymət verə bilmərəm. Onu demək istəyirəm ki, hadisə olanda, bir adamın üzərinə kollektiv surətdə gedərək ikinci dəfə onu o qədər güncə sıxmaq istəyirik ki, insanı pis vəziyyətdə qoyuruq.

- Bütün hallarda kimsə cinayət məsuliyyətinə cəlb olunmalı deyilmi?

- Mən bu barədə heç nə deyə bilmərəm. Yəni məsələnin dərinliyinə varanda, mərhumun atasıyla da biz söhbət etdik...

- Atası istintaqın ləng getməsindən narazılığını mətbuata bildirib...

- Ancaq bizə də dedi ki, kaş, belə olmayaydı. Gəlin, indi hamımız işimizi buraxıb Səttar Mehbalıyevin üzərinə gedək... Axı bu adamın rəhbərlik etdiyi qurumun mülkiyyətini geri qaytarmaq üçün fəaliyyətini kimsə qınaya bilməz. Ümumiyyətlə, Zaur Həsənov yox, ona ərazini verən bələdiyyə günahkardır.

- O zaman bələdiyyənin rəsmiləri məsuliyyətə cəlb olunmalı deyilmi?

- Mən yenə deyirəm, heç kəsin məsuliyyətə cəlb olunmasını çağırış edə bilmərəm. Çünki bu, mənim mövzum deyil.

- Sizin yuxarıda məhkəmələrlə bağlı fikrinizdən belə anlamaq olarmı ki, ədalət mühakiməçiləri işi tam araşdırmayıb. Əgər Azərbaycandan məhkəmə instansiyalarından şikayətləri nəzərə alsaq, Qarabağ əlilinin intihara məcbur olmasında onlar da məsuliyyət daşımırmı?

- Təqsirsizlik prezumpsiyası anlayışına görə heç kim heç kəsi şifahi ittiham edə bilməz. Baş vermiş faciədə kiminsə səhvi olubsa, bu, araşdırılaraq üzə çıxarılmalıdır.

- Prezidentin faciədən narahat olması barədə açıqlama yayıldı. Bu mənada adekvat sual yaranır, vətəndaşa görə narahat olan prezidentin ölkəsində insanlar niyə özlərini yandırmağa məcbur olurlar?

- Məsələnin belə qoyulmasının tərəfdarı deyiləm. Prezident ölkədəki hadisələri nəzarətdə saxlayır, lakin elə hadisələr var ki, dövlət başçısının onları birbaşa nəzarətdə saxlaması fiziki cəhətdən mümkün deyil. Bunun üçün dövlət idarələri var.

- Bu mənada məmurlar öz vəzifə borclarını yerinə yetirirlərmi?

- Yəqin ki, prezidentin Nazirlər Kabinetindəki çıxışını eşitdiniz. O, bir sıra məmurların öz işinə laqeyd olmasını bildirdi. Bakı şəhəri və ətraf rayonların icra hakimiyyətləri başçılarının toplantısında da məmurlara xüsusi xəbərdarlıq etdi.

- Ancaq heç kim cəzalandırılmırsa, ölkədə cəzasızlıq mühiti yaranmırmı?

- Mən belə deməzdim. Azərbaycanda cəzasızlıq mühiti anlayışını qəbul etmirəm. Azərbaycanda qanun pozuntusuna yol verənlərin cəzalandırılması var, işdən çıxarılma və müxtəlif formalar var. Ümumiyyətlə, hər hansı hadisəni prezidentə yönəltmək doğru deyil.

- Konstitusiyaya görə vətəndaşların hüquq və azadlıqlarının təhlükəsizliyinə prezident məsuliyyət daşıyır...

- Prezident fərdi hadisələrə məsuliyyət daşımır. O, dövlət siyasətini həyata keçirdir. Hər bir fərdi hadisəyə görə məsuliyyəti bu və ya digər dövlət qurumu daşıyır.

- Ancaq faciədən bir neçə ay əvvəl Zaur Həsənov özü də, təmsil olunduğu Qarabağ Əlilləri İctimai Birliyi də onun hüquqlarının pozulmasıyla bağlı prezidentə müraciət etmişdilər...

- Zaur Həsənovla əlaqədar məhkəmə çəkişməsinin prezidentə çatdırılıb-çatdırılmamasını bilmirəm. İnanmıram ki, məsələ prezidentə çatdırılmış olsaydı, reaksiyasız qalardı. Görünür, məsələ barədə prezidentə məlumat verilməyib.

"Qudurğan məmur balaları"

- Ötən ilin İsmayıllı olaylarından sonra prezidentin keçirdiyi müşavirədə “qudurğan məmur balaları” ifadəsi bu gün də müzakirə olunur. Bəs nə üçün indiyə qədər qudurğan məmur övladlarından kimsə cəzalandırılmayıb?

- Siz niyə hər şeydə cəza axtarırırsınız? Siz nə bilirsiniz ki, kimsə cəzalandırılmır? Cəzalanma yalnız həbsxanaya salınmaqla müşahidə olunmur, cəzaların müxtəlif formaları var, məzəmmət, işdən azad etmə və s. Əgər cinayət varsa, onun cəzası da var.

- O zaman İsmayıllı hadisələrindən bir gün sonra rayonda olan ReAL sədri İlqar Məmmədov və müsavatçı Tofiq Yaqublu nədən həbs cəzasına məhkum olunub?

- Bunun hüquqi tərəfləri üçün kifayət qədər məhkəmə çəkişməsi ortalıqdadır. Mən olayın detallarına varmaq istəmirəm. Yəni siz gedən məhkəmə çəkişməsini araşdırıb detalları götürə bilərsiniz. O ki qaldı cəzalandırılmır, niyə cəzalandırılmır...?

- Konkret olaraq, bir fakt deyə bilərsinizmi ki, hansısa məmur cəzalandırılıb?

- Biz indi kiminsə övladını fakt naminə cəzalandırmayıqmı?

- Amma qudurğan ifadəsi sıradan bir ifadə də deyil...

- Mən başa düşürəm. Prezident qudurğan dedikdə, artıq bir xəbərdarlıq edib, özünün cəmiyyətə və məmurlara ismarıcını verib. Amma qudurğanlıq hələ cinayətkarlıq demək deyil. Qudurmaq o demək deyil ki, cinayət törətsin, qudurub cinayət törətməyə də bilərlər. Hər qudurğan cinayətkar deyil axı.

- Söhbət məmur övladlarından gedir...

- Mən yenə deyirəm, məmur övladının hadisələrdə olub-olmadığını istintaq araşdırır. Mən qiyabi heç nə deyə bilmərəm, çünki detallarını bilmirəm. Sizin isə məhkəmə çəkişməsinin sənədlərini araşdırmaq imkanınız var.

- 1500 manatdan bir qədər çox maaş alan icra başçısının rayon mərkəzində hotel saxlaması necə mümkündür?

- Hotel icra başçısının deyildi.

- Təsdiqləndi ki, oğluna məxsusdur...

- Oğluna məxsus olan əmlak özünə məxsus olmaya da bilər.

- Oğlu belə tezliklə həmin imkana necə nail olub?

- Oğul ataya, ata da oğula cavabdeh deyil. Bəlkə onun oğlunun biznes istedadı var. Yəni bu detalları deyə bilmərəm, hər kəs özünə cavabdehdir.

- Qiymət artımına keçək, seçkidən əvvəl təqaüdçülərin, büdcə işçilərinin maaşları 10, seçkidən sonra yanacaq başda olmaqla qiymətlər 33, o cümlədən deputatların əməkhaqqı 15 faiz artdı. Sadaladıqlarım arasında qeyri-mütənasibliyi necə izah edərdiniz?

- İstənilən ölkənin qiymət siyasəti var və qiymətlər artır da, bəzən enir və s. Tarif Şurası bir sıra qiymətləri qaldırsa da, bəzilərini aşağı endirdi.

- Ancaq əsas təsiredici vasitə olan yanacağın qiyməti artdı...

- Yanacağın qiymətinin artırılmasının zəruriliyiylə bağlı kifayət qədər açıqlamalar verilib. Bu gün Azərbaycan yanacaq-energetika üzrə ixrac ölkələri sırasında olsa da, bu, o demək deyil ki, ixrac ölkəsi olduğumuza görə yanacaq ucuz olmalıdır. Bəli, istənilən cəmiyyətdə ictimaiyyət qiymətin sabit qalmasını istəyir.

- Ancaq SOCAR Gürcüstanda yanacağın qiymətini endirdi, bizdə isə əksinə qaldırıldı...

- Bu barədə məlumatsız olduğumdan bir söz deyə bilmərəm.

- O zaman deputatların maaşıyla seçicilərin maaşı arasındakı uçurumdan narahatsınızmı?

- Mən buna uçurum deməzdim. Cəmiyyətdə hər kəsin fəaliyyətinə görə əməkhaqqı tətbiq olunur. Deputat xalqı, dövləti və seçicini təmsil edir, onun yüksək əməkhaqqı alması siyasi fəaliyyətdə müstəqil olmasına böyük zəmanət verir. Əgər deputat iqtisadi cəhətdən müstəqil olmasa, o, öz seçicisinin hüquqlarını necə müdafiə edə bilər. Ona görə ənənəvi olaraq parlament yaranandan qurumun üzvlərinin əməkhaqqı təminatı xüsusi yer tutub. Təsadüfi deyil ki, bizim Konstitusiyamızda da bu təsbit olunub, dünya parlamentlərində də bu təcrübə var, yəni millət vəkillərinə məhdudiyyətlər var. Çünki millət vəkili qanun qəbul edəndə subyektiv ola bilməz, o, ümummilli marağı və obyektivliyi nəzərə almalıdır. Millət vəkili hansısa qrupun, yaxud şirkətin iqtisadi maraqlarını nəzərə alıb səs verərsə, həmin qanunlar cəmiyyətin əleyhinə işləyər.

Neft

- Büdcəsi neftə köklənən Azərbaycanda neftin hasilatı azalır, bu, hökumət üçün gələcəkdə problemlər yaratmayacaqmı?

- Bəzən neftin hasilatının azalmasıyla bağlı yanlış təhlillər aparırlar. Hasilatın azalması dedikdə, konsersumla bağlı azalmaqdan söhbət gedə bilər. Bu, olmalıdır, hamı da bunu proqnozlaşdırır. Konsersum da zamanında bildirirdi ki, bu yataqlar sonsuz deyil. Ancaq Azərbaycanda yeni yataqlar aşkara çıxarılır və ARDNŞ özü istismar edir. Ona görə Azərbaycanda neftin azalmasıyla əlaqədar pessimist proqnozlar özünü doğrultmur. Bu cür pessimist proqnozları ölkəmizi sevməyən dairələr xarici mətbuatda daha çox gündəmı gətirməklə Azərbaycanda investisiyanın gəlməsinə hansısa formada əngəl olmaq istəyir. Digər tərəfdən, təbii qaz yataqları ortalığa çıxır, “Şahdəniz-2” müqaviləsi də imzalandı. Böyük perspektivlər var.

- Amma ARDNŞ bu il 25 mindən çox işçinin ixtisar edəcəyini bəyan edib...

- Bu, SOCAR-da modernizasiyanın getməsiylə bağlıdır. Dünyadakı bütün neft şirkətləri yeni sistemə keçir. Biz SOCAR-ı dünya sisteminə uyğunlaşdırmalıyıq, şirkət beynəlxalq aktora çevrilib. Ona görə SOCAR özünün strukturunu, idarəçiliyini, investisiya layihələrini beynəlxalq miqyaslı şirkətlərə uyğunlaşdırmalıdır ki, zamanla ayaqlaşsın.

- Bütün hallarda büdcəmizin 75 faizinin neftdən asılı olması sosial gərginlik yarada bilməzmi?

- Dünyada kimin nəyi varsa, büdcəsi də ona bağlıdır. Kim qızıl çıxardırsa qızıla, kim dəmir çıxardırsa dəmirə bağlıdır.

- Bəs qeyri-neft sektoru nə zaman inkişaf edəcək?

- Bu sektorun payı getdikcə artır. Fikir versəniz, qeyri-neft sektorunun artım sürəti neftə bağlı olan sahədən üstün tərzdə gedir. Bizim iqtisadiyyatımızın həcmi artır. 2003-13-cü illərdə ÜDM 3 dəfə artıb.

- Demək istəyirsiniz, hökumət narahat deyil?

- Şəxsən mən neft-qaz siyasətilə bağlı heç bir narahatçılıq keçirmirəm. Biz cəngəlliklə getmədiyimiz üçün bizdən əvvəl gedənlərin səhvlərini təkrar etmirik. Dahilər səhv etmir, ağıllılar başqalarının səhvindən öyrənir. Bizim də prezident dahi siyasət yeridir.

- Azərbaycanın heç bir problemi yoxdur?

- Dünyada problemi olmayan ölkə və adam da yoxdur. Problemi olmayan bir Allah-Təalanın özüdür. Əlbəttə, Azərbaycanda problemlər, çətinliklər var, prezident zaman-zaman bunları deyir və həlli üçün də addımlar atılır. Şükürlər olsun ki, ümumi təhlükəsizlik baxımından sabit ölkəyik, ətrafımızdakı ölkələrə baxın.

- Sizə elə gəlmir ki, dediyiniz sabitlik neft amilindən asılı olduğundan kövrək xarakter daşıyır?

- Müxalifət 20 ildir deyir ki, sabitlik kövrəkdir, ay nə bilim, sosial partlayış olacaq. Onların dediyi partlayışları üst-üstə yığsaq, bəlkə minlərlə belə ifadələr işlədiblər. Amma görürsünüz, dedikləri olmur və olmayacaq da.

- Ancaq onlar bu sabitliyin polisin hesabına saxlanıldığını deyirlər, razılaşırsınızmı?

- Xeyr. Polis gücünə heç bir rejimi qoruyub saxlamaq mümkün deyil. Bu, yalnız əhalinin sosial-iqtisadi duyumdan razılığının ifadəsidir. Əksəriyyət razı olmayan cəmiyyəti heç kim saxlaya bilməz.

- Demək istəyirsiniz ki, əksəriyyət YAP hakimiyyətindən razıdır?

- Bəli, əksəriyyət razıdır.