Human Rights Watch: Azərbaycanda ən azı 23 fəal həbsdədir

Human Rights Watch
Image caption Nyu Yorkda yerləşən Human Rights Watch təşkilatı 2013-cü ilin icmalı barədə Dünya Hesabatı 2014 adlı hesabat buraxıb

"Son il ərzində Azərbaycan hakimiyyəti tənqidçilərə qarşı görünməmiş sərt tədbirlər görməyə başlayıb", Human Rights Watch (HRW) insan haqları təşkilatının Cənubi Qafqaz üzrə tədqiqatçısı Giorgi Gogia deyib.

"Amma hakimiyyəti tənqid edən hər kəsi qəribə ittihamlarla həbs etmək, hakimiyyətin nə ölkə daxilində, nə də xaricdə etimadını yüksəldəcək", o bildirib.

Hesabatda həmçinin hakimiyyəti tənqid edən amma "insan haqları vəziyyətini yaxşılaşdırmaq üçün hakimiyyətlə əlaqələrin tam potensialını istifadə etməyən" Azərbaycanın beynəlxalq partnyorları da tənqid olunur.

Təşkilatın çərşənbə axşamı buraxılan, 90-dan çox ölkə üzrə olan Dünya Hesabatı 2014 adlı icmalında deyilir ki, 2013-cü ildə Azərbaycan hakimiyyətinin ifadə, sərbəst toplaşmaq və birləşmək azadlıqları üzrə "artıq zəif olan tarixçəsi daha da pisləşib".

Pisləşmə oktyabrda keçirilən prezident seçkiləri ərəfəsində "daha da dramatik olub", hesabatda deyilir və 2013-cü ildə həbs edilən fəallar və tənqidçi jurnalistlər, aksiyaların dağıdılması və "fundamental azadlıqları məhdudlaşdıran" yeni qanunvericilik tənqid olunur.

SMDT seçki monitorinq təşkilatının sədri Anar Məmmədli, REAL partiyasının sədri İlqar Məmmədov, Müsavat partiyasının sədr müavini Tofiq Yaqublu və həbsdə olan "səkkiz gənc fəalı" misal gətirən Human Rights Watch-un məlumatına görə, Azərbaycanda hazırda "hakimiyyəti tənqid edən ən azı 23 siyasi fəal, jurnalist, bloqçu və ya hüquq müdafiəçisi" həbsdədir.

"Hakimiyyət onları və siyasi motivlərlə həbs edilən hamını azad etməlidir", HRW çağırış edib.

Azərbaycan hakimiyyəti dəfələrlə bu şəxslərin siyasi fəaliyyətinə görə deyil, "cinayət fəaliyyətinə görə" həbsdə olduğunu bildirib.