Söküləcəyi deyilən binanın sakini: “Mən öz arzumu satmıram!"

Bakıda hakimiyyət Səbayıl rayonu Mikayıl Hüseynov 14 ünvanında yerləşən binanın sökülməsinə qərar versə də, sakinlər binanın “qəzalı” olması fikrilə razılaşmır.

“Noyabrın 14-də Səbayıl rayon 45 saylı mənzil-istismar idarəsindən bildiriş gəlib ki, binamız qəzalı vəziyyətdədir və sökülməlidir. Amma üstündən bir həftə keçməmiş noyabrın 23-də bizim binanın arxasındakı yolda “Formula-1” yarışları keçirildi”, bunu həmin ünvanda yaşayan Arzu Babayeva deyir.

Bakı Şəhər İcra Hakimiyyəti binanın “qəzalı” olduğunu əsas gətirərək onun sökülməsi haqda sərəncam verib, ancaq sakinlərin dediyinə görə, bununla bağlı heç bir dövlət qurumunun rəyi mövcud deyil.

Sakinlərin əsas narazılığı hər kvadrat metrə görə verilən kompensasiyanın aşağı olmasındandır.

Səbayıl rayon İcra Hakimiyyəti bu məsələdə yalnız icraçı olduğunu , ərazinin yerində nəyin tikiləcəyi və verilən kompensasiyanın miqdarına BŞİH-nin qərar verdiyini deyir.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Şəhər icra hakimiyyəti BBC Azərbaycancaya məsələyə “ərazidə yaşıllıq salınacaq” deyə şərh verib.

Şikayətlər

“2011-ci ildə “Eurosivion” müsabiqəsi keçirilməzdən öncə bir neçə binanın üzlüyünü təmir etdilər, bizim binaya isə Bakı şəhər icra hakimiyyətinin və Fövqaladə Hallar Nazirliyinin icazəsi ilə ağır dəmir konstruksiyalar vuruldu. Üzərinə “Land of Fire” plakatı yapışdırıldı”, Arzu Babayeva BBC Azərbaycancaya danışır.

Xanım Babayeva deyir ki, plakatlar söküldükdən iki il sonra Səbayıl rayon icra hakimiyyəti binanın qəzalı olduğunu iddia edir.

“Əgər bina qəzalı vəziyyətdə idisə, bu dəmir konstrukiyalar niyə vurulurdu? Əgər bunu bilə-bilə edirdilərsə, demək onlar vandalizm aktı ilə məşğul olub, özləri binanın qəzalı vəziyyətə düşməsinə icazə verib? Bu gün əgər Fizuli küçəsində bina sürüşdürürlərsə, bizi müvəqqəti harasa köçürüb binanı təmir edib evimizi qaytara bilməzlərmi?”.

66 kvadrat metrlik evdə yaşadığını deyən bina sakini icra hakimiyyətinin ona bank hesabına 102 min manatın köçürülməsi haqda sənəd aldığını bildirir.

“Evimizin hər kvadrat metrinə görə 1500 manat verirlər. Mənim kvadraturamı hesablamadan 102 min manta rəqəmi hardan alıblar? Əgər belədirsə, o zaman mən heç 500 minə də satmıram evimi. Mən öz arzumu satmıram! Əgər belə pullusunuzsa, o pula binanı təmir edin”.

Xanım Babayeva Səbayıl rayon İcra Hakimiyyətinin bina sakinlərini "təhdid etdiyini" iddia edir.

“Gəlib deyirlər ki, binanın dəmir konstruksiyalarını çıxaracağıq. Sabah bina başımıza uça bilər. Ya da ən sadəsi qışın ortasında bizim qazımızı, suyumuzu kəsəcəkləri ilə hədələyirlər. Binanın qəzalı olduğunu deyiblər, halbuki Fövqaldə Hallar Nazirliyindən heç bir komissiya gəlib rəy verməyib”.

Binanın sökülmə səbəbləri göstərilən Bakı şəhər İcra Hakimiyyətinin sərəncamının sakinlərdən gizlədildiyini iddia edən bina sakini deyir ki, əllərində heç bir sənəd yoxdur.

"Hüquqşünas olmuşuq"

“Biz burada hüquqşünas olmuşuq. Bütün günü Konstitusiya, Mənzil Məcəlləsini oxuyuruq. Bizə- evlərin sahiblərinə heç bir sənəd vermirlər. JEK-dən deyirlər ki, artıq 12 nəfər evin kupçasını təqdim edib. Bu binada 72 mənzil var və 300 sakin var”, xanım Babayeva deyir.

Digər bina sakini Yadigar Siyabov deyir ki, 22 ildir yaşadığı binanın sökülməsinin əsas məqsəd, insanları gözəl yerlərindən məhrum etməkdir.

“Bu bina çox gözəl yerdə yerləşir, yanımızda bulvar var. Bizə demirlər ki, binanız dövlət ehtiyacları üçün sökülür. Kiminsə bura gözü düşüb və istəyir burada hotel tiksin. Amma hansı şirkət və ya adamın bu əraziyə gözü düşüb bilmirəm”.

Bina sakinin sözlərinə görə, verilən kompensasiyanın dəyəri 4-6 min olmalıdır.

“Mənim 2 otaqlı mənzilim var, 70 kvadrat metrim. İndi kompensasiyanı alıb burada yaxınlarda ev ala bilərəmmi? Əlbəttə ki, yox. 2 il əvvəl binaya dəmir konstruksiyalar vuranda nə qədər mənzillər qəzalı vəziyyətə düşdü, amma biz təmir edib oturduq. Mənim nəyə görə belə yerdə yaşamağa haqqım yoxdur?”.

Prezidentə müraciət edilib

Prezidentə dəfələrlə müraciət etdiklərini deyən bina sakinləri cavabın Bakı şəhər İcra Hakimiyyətinə göndərildiyini qeyd edir.

“Prezidentimiz seçiləndə, əlini Qurana qoyub xalqa xidmət edəcəyinə and içdi, amma bizim müraciətin cavabı Səbayıl rayon 45 saylı JEK-ə qayıdır. Nazirlər Kabinetinin son iclasında prezident dedi ki, camaatı incitməyin. Amma bizə Səbayıl rayon icra hakimiyyətindən gəlib bir həftəyə köçürüləcəyimizi deyirlər”, bina sakini Nazlı xanım deyir.

Bina sakini Cəvahir Şəkinskaya isə deyir ki, binanın söküləcəyi barədə prezident seçkilərindən əvvəl belə şaiyə yayılıb.

“Eurovision” müsabiqəsi zamanı dəfələrlə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etdik ki, binaya dəmir konstruksiyalar bərkidilir, bu təhlükəlidir. O zaman Fövqaladə hallar Nazirliyindən gəlib dedilər ki, binanıza 100 il veririk, heç nə olmayacaq. Amma indi deyirlər gəlib konstruksiyaları çıxaracağıq”.

Xanım Şəkinskayanın sözlərinə görə, əgər binanın fasadı Avropa standartına uyğun deyilsə, sakinlərin köçürülməsi üçün ayrılan pulu binanın təmirinə xərcləyib və sakinləri müvəqqəti köçürmək olar.

“Bu gün binada yaşayan bir cox insanlar özlərini öldürmək istəyirlər. Heç kim yerindən köçmək istəmir. 1500 manat kompensasiyanı dörd il bundan qabaq vermək olardı və biz gedib elə bu ərazidə ev ala bilərdik. Amma indi mənzillərin qiyməti 30 faiz qalxıb. Əgər ev qəzalıdırsa yerinə ev tikib verirlər, daha camaatı qovmurlar”.

Yaşıllıq

BŞİH mətbuat xidmətinin əməkdaşı Nailə Əliyeva BBC Azərbaycancaya deyib ki, “binanın hansı səbəbə söküldüyü, ərazinin hansı şirkətə satılması barədə heç nə deyə bilməz”.

“Sadəcə onu deyə bilərəm ki, binanın yerinə yaşıllıq olacaq”, o bildirib.

Səbail rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri İsrafil Kərimov BBC Azərbaycancaya deyib ki, icra hakimiyyəti “təşkilatçı və icraçıdır”.

“Binanın vəziyyəti ilə bağlı Fövqaladə Hallar Nazirliyinin Tikintidə Dövlət Nəzarəti Agentliyi təftiş işləri aparılıb və rəy tərtib olunub. Burda qeyd olunur ki, 70-c illərdə layihələndirilən binada müvafiq deformasiyalara məruz qalıb. Bu məsələ ilə bağlı icra hakimiyyətində komissiya təşkil olunub”.

Cənab Kərimov deyib ki, icra hakimiyyətinin vəzifəsi binada sakinlərin köçürülməsini təmin etməkdir.

“İcra hakimiyyətində komissiya təşkil edilib və binada mənzillərin və qeyri-yaşayış sahələrinin ölçüləri müəyyən olunub. Ev sahiblərinə hesab nömrələri açılıb, müəyyən olunmuş qaydada maliyyə məbləği köçürülməyə başlayıb”.

Fövqaladə Hallar Nazirliyilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmayıb.

Bina niyə üzlənib?

Binaya dəmir örtü vurulmasını şərh edən İH sözçüsü deyib ki, binanın üzlənməsi məsələsi iki il öncə gündəmə gəlib.

“Lakin həmin vaxt hansısa səbəbdən həmin binanın üzlənməsi məqsədə uyğun hesab olunmayıb. Fövqaladə Hallar Nazirliyinin mütəxəssisləri rəy verib və üzlənməsi dayandırılıb. Məndə olan məlumat budur”.

Bina sakinlərinin kompensasiyadan narazılıqlarına cənab Kərimov deyib ki, “bu onların fikridir”.

“Bəli, deyirlər ki, vəsait azdır. Amma bu vəsaiti biz müəyyən etmirik. Biz təşkilatçı və icraçı orqanıq”, sözçü bildirib.