Rəşad Şirinin bloqu: Azad Qadın Heykəli

Hərdən mənə elə gəlir ki, sanki bizim qadınlarımız keçid dövrünün ən gözəl nümunəsidir.

Hardasa ortada qalmağımızın bir göstəricisidir – nə Avropadılar nə Asiya, nə Şərq nə də Qərb, nə azaddırlar nə də qul. Bir prosesin içindədirlər sanki. İrəli getmək asan deyil amma geriyə də yol yoxdur.

Şura hökuməti qadını azad etdiyini düşündü. Həqiqətən də inqilabdan əvvəlki dönəmlə müqayisədə qadın çox daha azad, çox daha təhsilli oldu; daha çox iqtisadi imkanlara çıxış əldə etdi.

Lakin biz hamımız, kişili qadınlı, totalitar bir cəmiyyətdə yaşadıq.

Sovet dönəmi bir çox şeyi dəyişsə də ənənəvi cəmiyyətin qadın üzərindəki təzyiqi davam edirdi, xüsusilə də Müsəlman Şərqində.

Qızlar daha gənc yaşda ərə verilir, mülkiyyət hüquqları qorunmur, təhsil alsalar belə ailə başçısı peşəkar işlə məşğul olmağa icazə vermirdi və s.

Təbii ki, böyük şəhərlərdə vəziyyət fərqli olurdu, amma ümumən kişi-mərkəzli dünya totalitar dönəmdə uğurla davam etdi.

Qadının kişidən asılılığını təmin edən ən böyük səbəblərdən biri təbii ki, iqtisadi idi.

Sosialist iqtisadiyyatın daha məhdud olması qadınların həm daha az, həm də bəzən daha ağır işlərdə çalışmağına gətirib çıxarırdı. Zavod, fabrik, mədən və digər ağır sənayelərdə qadınlar kişilərlə bərabər çalışa bilirdi.

Ciddi dəyişiklər müstəqillikdən sonra başlayır. Bazar iqtisadiyyatı qadına fərqli bir dəyər biçir. Qadın dinamikləşir, şalvar geyir, maşın sürür, siqaret çəkir artıq.

Qadın sanki mobilləşir, tez-tez yerini dəyişə bilir, özü evlənir, özü boşanır, qərar verir, təhsil alır, xaricə gedir və s. Təbii ki, bunlar rahat başa gəlmir, bu bir mübarizə ilə əldə edilir. Amma əsas olan odur ki, indi qadınlar bu imkanları görürlər və ona can atırlar. Sovet zamanından fərqli olaraq bu imkanlar artıq mövcuddur.

Dediyimiz kimi, bazar təfəkkürü qadını qucaqlayır, qadının femininliyi, qadınlığı iqtisadiyatda əlavə dəyərə çevrilir. Bahalı maşının yanında dayanan gözəl qız sanki o avtomobilin dəyərini artırır, onun alınma ehtimalını artırır. Bu baxımdan erotizm və cinsəllik də istehlak cəmiyyətinin aparıcı qüvvəsinə çevrilir.

Maraqlıdır ki, bazar qadının bədəni üzərində olan bəzi tabuları qırır. Qadın gigiyena məhsulları haqqında ilk televiziya reklamlarının hamımızı necə sarsıtdığını artıq unutmuşuq sanki, bununla yaşamağa alışdıq elə bil. Cinsəllik daha qabarıq olmağa başlayır. Bakirəlik tabusu yavaş-yavaş azalır.

Ancaq iqtisadi müstəqillik hələ ki, işin tamamı deyil. Sosial müstəqillik (ailə, qohumlar, cəmiyyət və s. çevrələrdən müstəqillik) iqtisadi müstəqillik ilə parallel getmir.

Toplum olaraq biz hələ də ailədə yaşayırıq, yəni həm qızlar, həm də oğlanlar, evlənənə qədər ata-ana ilə yaşayır və bu sosial asılılıq bir çox şeyə təsir edir. Mən hətta deyərdim ki, bu siyasi inkişafa təsir edən çox mühüm bir faktordur. Ölkə ailələr tərəfindən idarə olunur: ən üst və ən alt səviyyədə.

Bizim nəslin qadınları bu dixotomiyanın arasında qalıb – bir tərəfdən iqtisadi imkanların artdığı, o biri tərəfdən isə sosial və siyasi imkanların məhdud olduğu bir mühitdə yaşayırlar.

Yadıma gəlir keçən il Moldovada gənc aktivistlərə siyasi və ictimai iştirak ilə bağlı təlim keçirdim. Gənc insanların özünü səlist və gözəl ifadə edə bilməsi məni heyran etmişdi.

Düşündüm ki, bizim ölkədə, xüsusilə qızlar, özlərini heç vaxt belə ifadə edə bilmirlər, belə rahat, belə sərbəst, belə məntiqli danışa bilmirlər.

Mən anladım ki, ifadə azadlığı sadəcə böyük siyasi ideal deyil. Bu, hər bir insanın yaşamağı, yaratmağı üçün tələb olunan minimumdur. İfadə azad olan yerdə insanlar danışmağı öyrənir.

Azərbaycanda qadınlar azad olmaq istəyir. Amma bu azadlığın bir bədəli var. Çünki bunun uğrunda savaşmalısan və savaşdan insan çox vaxt dəyişilmiş çıxır və bəzən nəticələri ağır olur bu savaşın. Azadlıq uğrunda mübarizənin o biri ucunda kişi olduğu üçün bu aralar qadın-kişi münasibətləri gərgin olacaq.

Filosof Niyazi Mehdinin çox gözəl sözü var, deyir, Azərbaycanda azadlıq ancaq cəsurlar üçündür. Halbuki azadlıqdan hər kəs faydalana bilməlidir.

Bu kontekstdə mənə elə gəlir ki, növbəti nəsil üçün bəzi məsələlər daha aydın və daha rahat olacaq. “Siz daş olacaqsınız, sizin üstünüzdən asfalt çəkəcəklər” demişdi mənə bir Türk diplomatı. “Bəlkə də sizi heç kim xatırlamayacaq, amma sizdən sonrakı nəsil daha rahat yaşayacaq”.

Cəmiyyətdəki fundamental dəyişiklər bir neçə nəsilə baş verir. Biz Sabirin, Mirzə Cəlilin, Zərdabinin yazılarındaki toplum deyilik. Biz çox dəyişmişik, irəlidəyik, mütərəqqiyik. Bu hardasa 100 il aldı, 3-4 nəsil dəyişdi, hər biri özündən öncə gələni inkar edərək.

Amma bir məsələni də vurğulamaq lazımdı. Biz heç vaxt Ukrayna, Rusiya, hətta Gürcüstan olmayacayıq. Çünki Sabirin, Zərdabinin, Mirzə Cəlilin vaxtlarında da o toplumlar bizimkindən fərqli idi. Müxtəlif mənalarda və xüsusiyyətlərdə.

Söhbət pis və ya yaxşı olmaqdan getmir, sadəcə fərqli olmaqdan gedir.

Azadlıq sizin üçün nədir? Fikirlərinizi azeri.service@bbc.co.uk ünvanına, şəkillərinizi isə pics.azeri@bbc.co.uk ünvanına göndərin.

Bu barədə daha geniş