Əziz Kərimovun fotobloqu: Keşlənin Şanxayı

Bu ad Sizi çaşdırmasın. Söhbət Çindəki Şanxaydan yox, Bakının Keşlə qəsəbəsindəki Şanxaydan gedir. Nəyə görə Şanxay adlanmasınını isə sonda deyəcəm.

Çindəki Şanxaydan fərqli olaraq, burdakılar firavan həyatın nə olduğunu bilmirlər. Yük qatarları o qədər yaxın hərəkət edir ki, az qalır evlərin içindən keçib getsin.

Hələ zibillik və kanalizasiyanı qatar relslərinə axıdılmasını demirəm. Ona görə ki, burada ən böyük problemlərdən biri qatarların hər gün 4-5 dəfə hərəkətidir.

Təsəvvür edin uşaqların oyun meydançası olmadığından onlar qatar relsləri üstündə oyunlarını oynayırlar.

Deyilənə görə, hər il 4-5 uşaq qatar relsləri altında qalaraq dünyalarını dəyişir. Ancaq bu rəqəmlərin doğru olub-olmadığını deyə bilmərəm.

Qatar maşinistləri Şanxay ərazisinə daxil olan kimi, qatarın sürətini aşağı salıb hərəkət edir. Sanki qatar gələn vaxt “komendant” saatı elan edilir.

Valideynlər tez çölə çıxıb qatar gələn tərəfə baxır ki, birdən relslərin altında yenə kimsə qalar…

Şanxayda başqa bir problem də, zibil problemidir. Burada evlər bir-birinə yaxın tikildiyindən zibil maşını qəsəbədən zibilləri təmizləyə bilmir.

Belə olan halda sakinlər qatarın gəlişini eşidən kimi tullanası zibilləri qatarın bir küncünə tullayıb evlərinə qayıdırlar.

Qatar maşinisti də, bir az getdikdən sonra, həmin zibilləri "Şanxay"dan bir az aralığa tullayıb yoluna davam edir. Hələ yanğın olanda vəziyyət lap çıxılmaz olur.

Ötən il bir evdə yanğın baş vermişdi, yanğınsöndürən əraziyə gəlib çatana kimi sakinlər vedrələrlə evi söndürə bilmişdilər.

Sökülməyən Şanxay

İllərdir sökülməsi nəzərdə tutulan Şanxayı hələ də söküb qurtara bilmirlər.

Sakinlər deyir ki, söküldüyü halda başqa bir problem yaranacaq. Bu da evlərinin kiçik olması və onlara çatacaq kompesasiyanın azlığıdır.

Şanxayda istənilən birindən "problemin nədir" deyə soruşsan hərə bir problemdən danışacaq. Amma hamının ümumi problemi yuxarıda yazdıqlarımdır.

Bəs Çindən minlərlə kilometr uzaqda yerləşən bu əraziyə niyə Şanxay deyirlər?

Rəvayətə görə, 1945-ci ildə Hacı Salman adlı qəsəbə sakini Çinin Şanxay şəhərinə gedir. Geri qayıdanda ondan soruşurlar ki, oralar necə yer idi? O da cavab verib ki, vallah elə bizim qəsəbə kimidir.

Evlər balaca, qatarlar da evlərin arası ilə hərəkət edir. Və o vaxtdan, qəsəbə sakinləri oranı Şanxay deyə adlandırmağa başlayıblar.