Ölkədən kənarda silahlı münaqişələrdə iştiraka görə cəzalar sərtləşdirilir

Fotonun müəllifi AP

Azərbaycanda terrorçuluq çağırışları və maliyyələşdirmək, dini təriqət daşıyıcılarının toplaşaraq sabit qruplar yaratmaq və ya muzdlular yığma, təlim keçmə, həmçinin onlardan ölkə və ölkədən kənarda hərbi münaqişələrdə, hərbi əməliyyatlarda istifadə etmə ilə bağlı cəzalar sərtləşdirilib.

Milli Məclisin cümə günü iclasında “Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna bir necə maddəyə dəyişikliklər edilib.

Hüquq siyasət və dövlət quruculuğu komitəsinin üzvü, deputat Fəzail Ağamalı ümid edir ki, yeni qanun dəyişikliyi "icmaların qarşısını almaqda kifayət qədər ciddi və çəkindirici rol oynayacaq".

"Cinayət Məcəlləsində və qanunda dəyişikliklər ilk növbədə, Azərbaycanın terrorizmə qarşı ciddi mübarizə aparması ilə əlaqədardır", BBC Azərbaycancaya deputat deyir.

Digər səbəb isə "son vaxtlar ayrı-ayrı dini qruplaşmaların, icmaların Azərbaycan vətəndaşlarının, onların düşüncələrinin, bir sıra hallarda həyata baxışlarının məhdudluğundan istifadə edərək, onları dini radikalizmə yönəltməsidir", cənab Fəzail Ağamalı bildirir.

Suriyada döyüşənlər

"..bu insanlar Azərbaycandan kənarda, məsələn Suriyada və ya başqa yerdə gedən müharibələrdə iştirak edirlər. Ən acınacaqlısı budur ki, Azərbaycan vətəndaşları müxtəlif qruplaşmaların tərkibində, əllərində silah biri digərinə qarşı müharibədə iştirak edir".

Deputat bunu "faktiki olaraq Azərbaycan vətəndaşlarının bir-birini öldürməsi" adlandırır. Bu baxımdan, cənab Ağamalı bildirir ki, belə halların qarşısına "sədd çəkmək" üçün qanuna "ciddi ehtiyac" olduğunu bildirir.

Onun sözlərinə görə, onlarla azərbaycanlı hazırda müxtəlif yollarla Suriyada gedərək döyüşlərdə iştirak edir.

Qanun isə, onları hazırlayıb Suriyaya göndərənlərə görə lazımdır.

"Əgər bu qanun olmasa, dini icmalar Azərbaycan vətəndaşlarını Suriyaya savaşa göndərməsinə görə məsuliyyət daşımırdı və ya məsuliyyət simvolik xarakter daşıdığı üçün ondan çəkinmirlər".

Qanunda nələr dəyişib?

İndiki halda isə cinayət məsuliyyəti sərtləşdirilir, həbs müddəti 15 ilə qədər qaldırılıb.

Belə ki, Cinayət Məcəlləsinin 114-cü maddəsində dəyişikliyə görə, muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və ya maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etməyə görə cəzalar 8 ildən 12 ilə qədər qaldırılıb, APA yazır.

İndiyə qədər cəza müddəti, 4 ildən 8 ilə qədər olub.

Lakin eyni məsələlər vəzifəli şəxslərə aid olarsa, bu zaman cəza ili 9 ildən 15 ilə qədər olacaq. İndiki variantda 8-15 il nəzərdə tutulub

Muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakına görə isə, 3-8 il arası olan cəza müddəti 5 ildən 11 ilə qaldırılıb.

Yeni maddə

Yeni maddə isə (283-1) ölkədən kənarda silahlı münaqişələrdə iştirakla bağlıdır. Yəni, vətəndaşlar və ya Azərbaycan Respublikasında daimi yaşayan, lakin vətəndaşlığı olmayan şəxslər dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində ölkədən kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, sabit qrup yaratma və rəhbərlik etmə faktına görə, 9 ildən 12 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Belə məsələlərə yetkinliyə çatmamış şəxslərə qarşı olarsa, cəza müddəti 12-15 il arasında dəyişir.

Belə qruplar, təlimlər və silahlı münaqişələrdə iştirak edənlərə isə 7-11 il həbs cəzası verilə bilər.

Lakin belə məsələlərlə əlaqəsi olanlar "hakimiyyət orqanlarını vaxtında xəbərdar etdikdə və ya başqa üsulla həmin maddələrdə nəzərdə tutulan əməllərin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilə bilər".

Qanun təxminən 1 həftəyə hazır olub

Hüquq siyasət və dövlət quruculuğu komitəsi qanuna dəyişiklikləri ötən həftə qəbul edib, cümə günü isə layihə, Parlamentin plenar iclasında müzakirə edilərək müsbət rəylər alıb.

Yeni qanunvericilik təşəbbüskarı isə Azərbaycan prezidenti İlham Əliyev olub. Komitə iclasında qəbul edilən qanun, prosedura uyğun olaraq təxminən 3 gün-bir həftə ərzində hazır edilib.

"Bu qanunvericilik layihəsi gələndə komitə üzvləri irad bildirmədən, məsələnin ..aktuallığını nəzərə alaraq, dərhal yığıncağa çıxarılması qərarı verilib", Fəzail Ağamalı layihənin qəbul edilmə prosesindən danışır.

Qanun layihəsi prezidentin imzasından sonra qüvvəyə minməlidir.

Bu barədə daha geniş