İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib

İsmayıllı iğtişaşlarına görə saxlanılan REAL Hərəkatının sədri İlqar Məmmədov 7 il, Müsavat başqanının müavini Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib.

Vəkil Xalid Bağırov BBC Azərbaycancaya deyib ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazıdır və yaxın zamanda kassasiya şikayəti veriləcək.

Vəkil Nəvai Abbasov BBC Azərbaycancaya deyib ki, məhkəmə səkkiz nəfər haqqında şərti azadlıqdan məhrum etmə cəzası çıxarıb.

"Səkkiz nəfər məhkəmə zalından azadlığa buraxılıb. Bunların arasında Mustafayev Şakir, Abbasov Ceyhun, Cabbarov Aydın kimi daha beş nəfər var".

Cənab Abbasovun sözlərinə görə, hakim üç nəfər barəsində 8 il azadlıqdan məhrum etmə hökmü çıxarıb.

Fotonun müəllifi REAL. Musavat.

“Üç nəfərə - Ağamalıyev Səftər, Həsənov Anar, İbrahimov Asifə 8 il iş kəsilib. Şükran Möhbalıyevə 2 il 6 ay, qalanlarına 4 il yarımdan 5 il yarıma qədər iş verilib”.

Cənab Yaqublu və cənab Məmmədov ötən ilin yanvarında İsmayıllıda icra başçısına qarşı narazılıqdan sonra həbs olunub.

Onlar Cinayət Məcəlləsinin "zorakılıqların, talanların yanğınların törədilməsi əmlakın məhv edilməsi, hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərməklə müşayiət olunan kütləvi iğtişaşlar törətmə" və ya belə iğtişaşlarda iştirak etmə" və "hakimiyyət nümayəndələrinə zor tətbiq etmə və ya müqavimət göstərmə" maddələri ilə təqsirli bilinib.

Baş Prokurorluq və Daxili Işlər Nazirliyi birgə məlumatlarında Məmmədov və Yaqublunun İsmayıllı səfəri oradakı "vəziyyəti gərginləşdirən" səbəblərdən biri kimi göstərilir. Həmin vaxt Məmmədov və Yaqublu BBC Azərbaycancaya onlara qarşı olan ittihamları rədd etdiklərini deyib.

Ötən ilin yanvar ayında İsmayıllı rayonunda keçmiş icra başçısının oğlu və yerli sakinlər arasında baş verən toqquşmalar ketləvi üsyanlarla nəticələnmiş və icra başçısının oğluna məxsus olduğu deyilən otel və maşınlar yandırılmışdı.

Bu barədə daha geniş