Gəncədə QHT rəhbəri xuliqanlıqda ittiham olunur

Foto Azər Hüseynovundur.

Şəklin mənbəyi, AzerHuseynov

Şəklin alt yazısı,

Foto Azər Hüseynovundur.

Gəncədə yerləşən qeyri-hökümət təşkilatı rəhbəri Həsən Hüseynli barəsində "xuliqanlıq" ittihamı ilə cinayət işi açılıb.

“Dünən gecə dedilər ki, guya adam bıcaqlayıb və haqqında cinayət işi açıblar”, Hüseynlinin oğlu Azər Hüseynov BBC Azərbaycancaya bildirib.

“Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynli ötən gün axşam 5-6 radələrində evində şikayətə əsasən saxlanılıb.

Hazırda cənab Hüseynli vəkillə görüşdədir. Azər Hüseynov bildirir ki, qohumlarına QHT rəhbəri ilə görüşməyə izn verməyiblər.

Oğlunun sözlərinə görə, bazar ertəsi gecə saat 1-ə qədər atasının yeri barədə məlumat verilməyib.

“Şikayət edən şəxsin adını heç kim bilmir. Deyirik ki, əgər insan bıcaqlayıbsa, gedək görək o haradadır, baxaq. Deyirlər ki, bəlkə o adam artıq gedib evinə”, Azər Hüseynov deyir.

Gəncə Şəhər Baş Polis İdarəsinin müstəntiqi Füzuli Şıxıyev cinayət işinin açılması barədə məlumatı BBC Azərbaycancaya təsdiqləsə də, yaralı şəxs barəsində “istintaq aparılması” səbəbilə məlumat verməyib.

Cənab Şıxıyev, həmçinin Hüseynlinin hansı müddətə həbs edildiyini açıqlamayıb, onun Cinayət Məcəlləsinin 221.3 maddəsilə həbs edildiyini qeyd edib.

Həmin maddəyə görə, xuliqanlıq silah və ya silah qismində istifadə edilən əşyalarla törədildikdə 3-7 il müddətində həbs cəzası nəzərdə tutulur.

Azər Hüseynov iddia edir ki, atası QHT-dəki fəaliyyətinə görə həbs edilib.

"Onun həbs edilməsi gənclərin maarifləndirilməsinin qarşısını almaq üçündür", o deyir.

Onun sözlərinə görə, təşkilat insan hüquqları və gənclərin ictimai fəallığa cəlbi ilə bağlı təlimlər keçirir.

Azər Hüseynov deyir ki, atası saxlanılmazdan əvvəl ilk olaraq Azadlıq Radiosunun jurnalistinə özünə qarşı "provakasiya" barədə məlumat verib.

Azadlıq Radiosu yazır ki, Hüseynli bildirib ki, Mərkəzi Poçtun yaxınlığında bir nəfər onu ayağını tapdamaqda, bir qadın isə Hüseynlini həmin kişini dartmaqda ittiham edib.

2004-cü ildən fəaliyyət göstərən “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzi 2009-cu ildən qeydiyyatlı QHT-dir.

Mərkəzin saytında yazılır ki, təşkilatın məqsədi "Azərbaycanın Qərb regionunda açıq cəmiyyət ideyalarını yaymaq və Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna töhvə verməkdən ibarətdir".

Təşkilat 2004-cü ildə "Soros Fondu" kimi tanınan Açıq Cəmiyyət İnstitutu-Azərbaycan beynəlxalq təşkilatının Gəncə bölümünün bazasında yaradılıb.