Erdoğan və Əliyevi nə birləşdirir?

Fotonun müəllifi AFP

Türkiyə Baş Naziri Recep Tayyip Erdoğan partiyasının yerli seçkilərdə qələbəsindən sonra ilk xarici səfərini Azərbaycana edib.

Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlarından sonra o, mətbuat nümayəndələrinə dedi ki, seçkidən sonra ilk səfərlərini Bakıya etmək Türkiyə baş nazirləri üçün bir ənənədir.

Ancaq Türkiyədə 30 mart seçkiləri yalnız yerli seçkilər idi. Amma Ədalət və İnkişaf Partiyası (AKP) hökuməti və onun keçmiş müttəfiqi, ABŞ-da yaşayan imam Fetullah Gülen arasında davam edən çəkişməyə görə, kampaniya ümumi seçkilərdə olduğu kimi gərgin idi və AKP-nin qələbəsi cənab Erdoğan üçün refrendum kimi görülürdü.

Cənab Erdoğanı daxili siyasətlə sıx məşğul edən seçki kampaniyası zamanı Türkiyənin qonşuluğunda mühüm dəyişiklər baş verdi.

Ukraynada böhran və Rusiya və Qərb arasında pisləşən münasibətlərin Nato üzvü və ABŞ və Avropa İttifaqının yaxın müttəfiqi Türkiyə üçün ciddi geosiyasi nəticələri var.

Ən mühümü odur ki, Ukraynada böhran Avropa enerji təhlükəsizliyini yenidən diqqət mərkəzinə gətirib. Təəccüblü deyil ki, cənab Erdoğanın Bakıya bir günlük işgüzar səfərinin gündəliyinə enerji dominantlıq edirdi.

Türkiyə 47 milyard kub metrlik təbii qaz tələbatının 6.6 milyonunu hər il Azərbaycandan Bakı-Tbilisi-Erzurum təbii qaz kəməri vasitəsilə idxal edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri isə bir gündə Qərb bazarlarına 1.2 milyon barel neft daşıyır.

Azərbaycanın milli neft şirkəti SOCAR Türkiyənin enerji sektorunda böyük investora çevrilib. Hazırda, SOCAR Ege dənizinin İzmir sahilində neftayırma zavodu tikir.

Türkiyə və Azərbaycan arasında bir-birindən asılı tərəfdaşlıq yeni Trans-Anadolu Kəmər Layihəsi (TANAP) ilə daha da önəm daşımağa başlayıb. Başa çatdırılandan sonra TANAP hər il Avropaya Trans Adriatik Kəməri (TAP) vasitəsilə 16 milyard kub metr qaz daşıyacaq.

Həm Baş Nazir Erdoğan, həm də Prezident Əliyev TANAP layihəsini vaxtında başa çatdırmaq niyyətlərini izhar ediblər. Cənab Əliyev deyir ki, kəməri 2018-ci ildə, vaxtından bir il əvvəl açmağı düşünürlər.

Enerjidən başqa, Türkiyənin Azərbaycanla yaxın əlaqələri var. Azərbaycanın Dağlıq Qarabağla bağlı Ermənistanla münaqişəsi də iki liderin müzakirə etdiyi məsələ olub. Cənab Erdoğan öz hökumətinin Azərbaycana dəstəyini bir daha ifadə edib və Azərbaycan xalqının Türkiyənin Qarabağ siyasətinin dəyişmədiyini bilməsini istəyib.

Birgə mətbuat konfransları zamanı isə jurnalistləri maraqlandıran əsas məsələ nə enerji, nə də Ermənistanla münasibətlər oldu. Əsas suallar Azərbaycanda Fetullah Gülen məktəblərilə bağlı idi. Liderlərdən həmin müəssisələrin Azərbaycanda gələcəyi barədə soruşdular və sual verdilər ki, cənab Erdoğan onların bağlanmasını cənab Əliyevdən xahiş edibmi?

Həm cənab Erdoğan, həm də cənab Əliyev birbaşa cavabdan qaçdılar. Prezident dedi ki, tərəflərin heç biri münasibətlərini korlaya biləcək addım atmaz.

Azərbaycanlı jurnalist cənab Erdoğandan partiyasının Azərbaycanda Nurçular kimi tanınan islamçı cəmiyyətlə əlaqələri barədə soruşdu. O isə cavab verdi ki, belə əlaqələr yoxdur və AKP son seçkilərdən göründüyü kimi bütün Türkiyədə nüfuzu olan yeganə siyasi partiyadır.

Bir-birindən asılı və yaxın iqtisadi, siyasi və mədəni bağlarına baxmayaraq, Türkiyə və Azərbaycanın hazırkı hökumətləri heç də həmişə eyni mövzu barədə eyni cür fikirləşmir. Onların siyasətdə İslamın roluna yanaşması da belə məsələlərdən biridir. Ancaq Erdoğan hökumətinin Gülen hərəkatı ilə son toqquşmasından sonra onlar bu məsələdə heç zaman olmadığı kimi eyni mövqedə dayanırlar.

Cənab Əliyev adminstrasiyasının Azərbaycanda Gülen hərəkatının fəaliyyətilə bağlı növbəti addımlar atdığını görmək təəccüblü olmaz.

Bu barədə daha geniş