Ukraynada yaşayan üç Azərbaycanlı ilə seçkilər haqqında söhbət

Poroşenko, Timoşenko, Tıhıpko
Image caption Seçkilərdə əsas namizədlərin Petro Poroşenko, Yuliya Timoşenko və Serhi Tıhıpko olduğu deyilir

Ukraynada bazar günü, mayın 25-də prezident seçkiləri keçiriləcək.

BBC Azərbaycanca ölkənin müxtəlif yerlərində yaşayan azərbaycanlılarla onların bu seçkilərdən nə gözlədiyini öyrənmək üçün əlaqə saxlayıb.

Əzim, Donetsk (şərqi Ukrayna)

Ukraynada 23 ildir yaşadığını deyən Azim iş adamıdır və Donetskdə yaşayır.

O da seçkilərdə iştirak edəcəyini bildirir və "yəqin ki, Poroşenkoya" səs verəcəyini deyir, çünki "o, radikal deyil və ölkəni birləşdirə bilər - həm qərbi, həm şərqi".

Petro Poroşenko şirniyyat fabrikinin və "5 Kanal" populyar xəbər kanalının sahibidir və son rəy sorğularına əsasən, hazırda ən populyar namizəddir.

Azim Donetskdə hazırda davam edən böhrana görə devrilmiş Prezident Viktor Yanukoviçi və Rusiyanı günahkar sayır.

"Adamlar qəzəblidirlər, hirslidirlər, gərgindirlər. Bu gərginlik indi başlamayıb - iqtisadiyyatın bərbad vəziyyəti, rüşvətxorluğun son 2-3 il ərzində son həddə çatması, işsizlik..."

Donetsk sakinləri Kiyevdə baş verən Maydan hadisələrini "radikalların gəlməsi barədə" düzgün məlumat yaymayan Rusiya telekanallarında izləyirdilər, o deyir. "Adamlar rusdillilərə qarşı deyil, Yanukoviçə qarşı, rüşvətxorluğa qarşı çıxmışdılar".

Onun sözlərinə görə Donetskin özündə müharibə getməsə də, ətrafdakı ərazilər "müharibə vəziyyətindədir".

Buna baxmayaraq Azim Azərbaycana qayıtmaq istəmədiyini deyir.

Anar Axundov, Mikolayev (Nikolayev) (cənubi Ukrayna)

Fotonun müəllifi youtube
Image caption Anar Axundov seçkilərdə "birgə və bölünməz Ukraynanı" dəstəkləyəcəyini deyir

34 yaşlı Anar Axundov, Mikolayev şəhərinin Milli Cəmiyyətlər Şurasının sədridir.

O, seçkilərdə "mütləq və maksimal dərəcədə" iştirak edəcəyini bildirib.

Kimə səs verəcəyini açıqlamasa da deyir ki, "bir Ukrayna vətəndaşı olaraq birgə və bölünməz Ukrayna ideyasını" və "Avropa dəyərlərini" dəstəkləyir.

Rus, yunan və bolqar kimi 16-dan çox diaspor icmalarını təmsil edən Milli Cəmiyyətlər Şurasının üzvləri də "birgə Ukrayna" ideyası ilə yekdilliklə razıdırlar, o deyir.

Ümumiyyətlə Ukraynadakı böhranın öz həyatına necə təsir etdiyindən danışarkən isə o, belə deyir: "Təbii ki, bu böhran iş rejiminə təsir edib, çoxlu gecikmələr olub. İctimai həyatda da, bu ilə planlaşdırılmış çoxlu tədbirlər var idi. Onların hamısını təzədən formatlamalı olduq ki, münaqişəli situasiya yaradılmasın".

Yaxınlarının hələ də Azərbaycanda olduğunu bildirən Ukrayna vətəndaşı deyir ki, anası narahatlıqdan ona "gündə üç dəfə zəng edir".

"Televiziyada burada baş verənlərdən tam həqiqəti göstərmirlər. Azərbaycanda əsasən Rusiya KİV-lərinin yaydığı dezinformasiya adamları çox qorxudur. Ən azından Mikolayev rayonunda hər şey yaxşıdır, sakitçilikdir".

Mirfəttah Rəsulov, Lviv (qərbi Ukrayna)

20 ildən çoxdur ki, Ukraynada yaşayan Mirfəttah jurnalistdir.

Azərbaycan vətəndaşı olduğundan o, seçkilərdə iştirak edə bilməyəcəyini deyir, və qeyd edir ki, Ukraynada keçirilən sorğulara görə seçicilərin 50 faizdən çoxunun Poroşenkonu dəstəkləyir.

"Proseslər şəffaf gedir, digər ölkələrə nisbətən demokratik şəkildə gedir - kiməsə təsir göstərmək, belə şeylər yoxdur. Görək necə olur", cənab Rəsulov deyir.

Onda olan məlumata görə, seçicilərin təxminən 70 faizi seçkilərə qatılmaq niyyətindədir. "Çox şey Ukrayna xalqının istəyindən asılıdır. Digər dövlətlərdən fərqli olaraq burada bütün kanallarda gedən verilişlər vasitəsilə namizədlər seçicilərə öz şəxsiyyətini tanıda bilir".

O həmçinin qeyd edir ki, əhali hakimiyyətə "yeni şəxslərin" gəlməsini istəyir - "köhnələrə inanc yoxdur".

Bir jurnalist olaraq Ukraynanın bir çox regionuna getməli olduğunu və prosesləri izlədiyini bildirən Mirfəttah Rəsulov həmçinin deyir ki, "heç kimin ağlına gəlməzdi ki, qardaş ölkədən bunlara qarşı belə bir münasibət ola bilər".

Bu barədə daha geniş