Agramunt: Azərbaycanda siyasi məhbus rəqəmlərini "şişirdirlər"

Hazırda Azərbaycanda işgüzar səfərdə olan AŞPA monitorinq komitəsinin həmməruzəçisi Pedro Agramunt BBC Azərbaycancaya müsahibəsində ona yönəldilən tənqidlər, "kürü diplomatiyası" iddiaları və "siyasi məhbuslar"ın sayı barədə danışıb.

Onunla telefon vasitəsilə Leyla Nəcəfli söhbət edib.

BBC: İlk sualım sizin baş tutmamış mətbuat konfransı haqqındadır. Siz onu təxirə salmısınız, yoxsa ləğv etmisiniz? Keçən dəfə Azərbaycanda olanda da planlaşdırılmış mətbuat konfransı baş tutmadı.

Pedro Agramunt: Xeyr, bizim mətbuat konfransımız olmayacaqdı. Keçən dəfə də mətbuat konfransı keçirmədim. Adətən keçirmirəm, çünki monitorinq keçirəndə bu, Assambleyanın daxili işləridir. Hesabat Assambleyada müzakirə olunanda ictimailəşdiriləcək.

BBC: Siz və həmməruzəçi Joseph Debono Grech tez-tez tənqid olunursunuz ki, hesabatınız çox yumşaqdır. Bu, konfransın keçirilməməsinin səbəblərindən biridirmi?

P.A: Xeyr, heç də elə deyil. 2013-cü ilin yanvarında keçirilən səsvermədə hesabatımızı Assambleyanın 90 faizi qəbul etdi. Növbəti səsvermə də yəqin ki 2015-ci ilin yanvarında olacaq və ümid edirəm onu da 80-90 faiz dəstəkləyəcək. Çox yaxşı hesabat idi, bu barədə heç bir narahatlıq yoxdur.

BBC: Hazırda Azərbaycanda 10 jurnalist həbsdədir, həbsdə olan fəallar və bloqçular da var. Sizin növbəti hesabatınız bu məsələni qaldıracaqmı? Bundan əvvəlki hesabatdan daha sərt olacaqmı buna görə?

P.A: Əvvəl dediyim kimi, bu, daxili işdir. Hesabat ictimailəşdiriləndə görərik.

Fotonun müəllifi emin

BBC: Amma Avropa Şurasının bir sıra rəsmisi bu barədə narahatlıqları tez-tez qaldırırlar. Siz bu məsələləri rəsmilərlə qaldırmısınızmı? Bu barədə hansısa açıqlama verəcəksinizmi?

P.A: Xeyr. Azərbaycanda bir çox QHT-lər çox şey deyirlər, çoxlu sənədlər göndərirlər. Mən və cənab Debono [Grech] hüquq müdafiəçilərilə, müxalifət partiyaları ilə görüşdük. Hamıya qulaq asırıq və sonra nəticələrə gəlirik. Amma fərqli heç nə olmayacaq. Həmişə eyni şeyləri eşidirik.

BBC: Əsas müxalifət partiyalardan biri, Müsavat, sizlə görüşməkdən imtina etmişdi. Buna reaksiyanız necə oldu?

P.A: Bu onların problemidir. Özləri bilərlər, onların seçimidi. Biz dəvət etdik, bəziləri gəldi, bəziləri gəlmədi. Deyirsiniz ki, əsas partiyalardan biridir, amma son seçkilərdə çox az faiz səs yığmışdılar. Keçmişdə böyük partiya idilər, amma indi bilmirəm. İstəyərdim ki onlar da gəlsinlər, amma seçim onlarındır.

BBC: Deməli siz onların Azərbaycan siyasətində əhəmiyyət kəsb etmədiklərini düşünürsünüz?

P.A: Dedim ki, hamı ilə görüşmək istəyərdim. Heç kimlə görüşmək bizim üçün problem deyil. Qərar onlarındır, mənim deyil.

"Kürü diplomatiyası"

BBC: Azərbaycanın Nazirlər Kabinetinə sədrliyi ərəfəsində "kürü diplomatiyası" məsələsi yenidən gündəmə qayıdıb.

P.A: Kürü diplomatiyası nədir ki?

BBC: Belə məlumatlar var ki, Azərbaycan AŞ-da bəzi rəsmiləri bahalı hədiyyələrlə, kürü ilə "almağa" çalışıb - hesabatlara, səsvermələrə təsir göstərmək üçün.

P.A: Belə şey heç vaxt görməmişəm. Bu həqiqət deyil. Belə gic-gic şeylərdən danışmıram, bu, boş şeydir.

BBC: Siz heç vaxt Azərbaycan məmurlarından, rəsmilərindən bahalı hədiyyələr almamısınız?

P.A: Yox! Əlbəttə ki, yox. Çox adam yalan danışır, xüsusilə anonim mənbələr. [...] Onların öz maraqları var, vəssalam.

"Mövcud olmayan" sənədlər və suallar

BBC: [Siyasi məhbuslar üzrə] Məruzəçi Christoph Strasserin hesabatına qarşı səs vermişdiniz.

P.A: Bu hesabat qəbul olunmadı, o, mövcud deyil.

BBC: Sizcə...

P.A: Mövcud olmayan sənədi müzakirə edə bilmərik. Heç nə yoxdur. O, mövcud deyil. Assambleyanın böyük əksəriyyəti bu hesabatın əleyhinə səs verdi, bunu qəbul etmək lazımdır. Demokratiya - səsvermənin nəticələrini qəbul etməkdir.

BBC: Sualım odur ki, bu səsvermə indi baş versəydi, Azərbaycan haqqında qaldırılan narahatlıqlara baxmayaraq siz yenə də hesabata qarşı səs verərdinizmi?

P.A: Bu mümkün deyil, belə hesabat mövcud deyil!

BBC: Sizcə ümumiyyətlə Azərbaycanda siyasi məhbuslar üzrə yeni məruzəçi olmalıdırmı?

P.A: Niyə? Nə üçün Ermənistanda, Gürcüstanda, Rusiyada, İspaniyada yoxdur axı. Mövcud olmayan suallara cavab verə bilmərəm. Biz öz monitorinq hesabatımızda bu məsələni araşdırırıq.

BBC: Deməli, sizcə Azərbaycanda "siyasi məhbuslar" məsələsinin ayrı hesabatı olmamalıdır, kifayət qədər əhəmiyyətli deyil?

P.A: Xeyr. Bunu bir il əvvəl etdilər, bunu yenidən başlamaq düzgün olmazdı.

BBC: Amma bu məğlub olmuş hesabatdan sonra siyasi motivli olduğu deyilən çoxsaylı yeni həbslər olub. Sizcə heç nə dəyişməyib?

P.A: Xeyr. Mənbədən asılıdır. Biz Leyla Yunusla görüşdük, o da bizə 100-neçəsə, çox böyük "siyasi məhbuslar" siyahısı verdi. Bu düzgün deyil. Hamı bilir ki, bu rəqəm tamamilə şişirdilib.

BBC: Siz artıq qərar vermisiniz ki, bu adamlar siyasi məhbus deyillər?

P.A: Bilmirəm, çox məlumat almağa çalışırıq, bu məlumat bizdə olanda biz qərar verə bilərik. Hər işi çox diqqətlə araşdırmaq lazımdır.

BBC: Amma indicə dediniz - "rəqəm şişirdilib, səhvdir, bunu hamı bilir". Yəni, siz artıq qərar vermisiniz.

P.A: Çünki digər təşkilatlar daha kiçik rəqəm verirlər. Amnesty International 15 adam haqqında danışır.

BBC: Amma onların "vicdan məhbusu" termininin başqa parametrləri var, həm də onlar həmin rəqəmdən əvvəl "ən azı" sözünü işlədirlər.

P.A: Siz istəyirsiniz ki mən nə isə deyim, amma mən bunu deməyəcəyəm. Siz suallarınızı verdiniz, mən də cavablarımı.

BBC: Vaxtınıza görə təşəkkürlər. Nəhayət, bu müsahibəni ala bildik.

P.A: Çox sağ olun.