Jurnalist Aynurə İmranovanın "bank hesablarına qadağa qoyulub"

Aynurə İmranova
Image caption Jurnalist Aynurə İmranova bank hesabına həbs qoyulduğunu bildirir

Baş Prokurorluq Azərbaycanda bir sıra yerli və xarici qeyri-hökümət təşkilatlarının fəalliyyətlərində “aşkar edilmiş qanun pozuntuları” ilə bağlı cinayət işi qaldırıb.

Bu barədə jurnalist Aynurə İmranovanın bank hesabına qoyulan “həbs qərarı”nın 19 may tarixli mətnində qeyd olunur. BBC Azərbaycanca müxbiri həmin "qərarın" surətini görüb.

Sənəddə deyilir ki, Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri üzrə aparılan təhqiqat “Danimarka Krallığında mənzillənən International Media Support (IMS) təşkilatından Aynurə İmranovanın hesabına 13 may, 2014-cü ildə 1683 avro məbləğində pul köçürülüb”. Lakin bu məbləğ cinayət predmeti hesab olunur.

Aynurə İmranova BBC Azərbaycancaya deyib ki, bazar ertəsi (26 may) məsələ ilə bağlı apellyasiya məhkəməsi olacaq.

Təşkilatın Azərbaycandakı nümayəndəsi Gülnarə Axundova deyir ki, təşkilat barədə cinayət işinin qaldırılması haqqında rəsmi məlumat almayıb, xəbəri yerli mediada oxuyub.

"Xəbəri oxuyan kimi Aynurə İmranovadan məhkəmə qərarının surətini aldıq və gördük ki, bir neçə QHT, o cümlədən bizim təşkilat barədə cinayət işi qaldırılıb".

Aynurə İmranova sözügedən qrantı "Rusiya ilə bağlı bir araşdırma üçün" aldığını və "Azərbaycana heç bir aidiyyatı olmadığını" deyib.

"Ağır vəziyyət"

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov hazırki durumu Azərbaycan AŞ-ə üzv olandan bəri “ən ağır vəziyyət” adlandırıb.

“Bizi xuliqanlıqla tuturdular, terrorçuluqla ittiham edirdilər, fiziki təhdid edirdilər. İndi artıq casusluq, dövlət sirrini yaymaq və vergidən yayınmaqla bağlı cinayət işlərinə başlayıblar”.

Cənab Hüseynov bildirib ki, vətəndaş cəmiyyəti Aynurə İmranovanın əmlakına qoyulan qadağa qərarından sonra bir necə yerli və xarici QHT-lərə qarşı cinayət işinin başladılması barədə informasiya əldə edə bilib.

“Vətəndaş cəmiyyətinin heç bir xəbəri olmadan cinayət işləri başlanıb. Bu o deməkdir ki, hakimiyyət bizə dırnaqarası böyük surprizlər hazırlayır”.

Onun sözlərinə görə, xüsusilə qonaqların çox olduğu bir zamanda QHT-lərə tədbir keçirməyə imkan verilməyibsə, Bakıdakı Daimi Komitədən sonra vəziyyət “daha da çətinləşə” bilər.

23 mayda RATİ təşkilatı International Media Support təşkilatının dəstəyi ilə Fairmont otelində “Azərbaycanın Avropa Şurasına sədrliyi: Çağırışlar və Perspektivlər” adlı konfrans keçirməli idi. Ödənişin bir həftə öncə edilməsinə baxmayaraq, son gün otel rəhbərliyi “bütün zalların hökümət tərəfindən bron edildiyini” qeyd edib.

“Lakin biz ruhdan düşmürük, az da olsaq, son imkanımıza qədər davam edəcəyik”, Emin Hüseynov qeyd edir.

Nəticədə təşkilat həmin tədbiri öz ofisində keçirməli olub.

Toplaşma azadlığına "müdaxilə"

Tədbirdə çıxış edən İrlandiya deputatı Michael McNamara cümə səhəri keçirilən AŞPA Daimi Komitəsi barədə şəhrlər verib.

“Məyusedicidir ki, biz bu otaqda görüşü keçiririk ... bu, toplaşma azadlığına müdaxilədir”.

Cənab McNamara Azərbaycanın NK sədrliyi dövründə “ya insan hüquqlarının bərqərar etdilməsi və ya əksinə insan hüquqlarının pozulması kimi bir nümunə göstərəcəyini” qeyd edib.

“Nazir iclasda bildirdi ki, İrlandiyanın özü də insan hüquqları cənnəti deyil, mən də bununla razıyam. Amma AŞ elə bir yerdir ki, üzv dövlətlər insan haqları və qanunçuluğunun inkişafına çalışmalıdır”.

Avropalı deputatlardan Tiny Kox isə Azərbaycana insan haqları barədə edilən tələbləri “təbii” adlandırıb.

“Lakin məndə o təəssürat yaranmadı ki, cənab nazir bizim düşüncələrimizi paylaşır”.

İnsan Haqları Evinin nümayəndəsi Florian İrminger isə qeyd edib ki, Azərbaycan XİN başçısı Elmar Məmmədyarov iclasda öz ölkəsini təqdim etməkdə çətinlik çəkib.

"O, insan haqları barədə suallara cavab verərkən daima ölkəsini başqa ölkələrlə müqayisə edirdi. Lakin ölkədəki vəziyyət onun üzərinə götürdüyü öhdəliklərlə, beynəlxalq standartlarla müqayisə edilməlidir".

Cümə günü Bakıda Azərbaycanın AŞ Nazirlər Komitəsinə 6 aylıq sədrliyi dövründə AŞPA Daimi Komitəsinin iclası keçirilib.