#BBCAzeriTrending: "Happy Baku" - xoşbəxtikmi?

Fotonun müəllifi YouTube

Bakıda çəkilən və bazar ertəsi yayılan yeni "Happy" ("xoşbəxt") videosu sosial mediada geniş şərh olunub. Bu, ilk "Happy Baku" videosu olmasa da, sosial mediada dalğalar yaradıb.

Bir çox ölkədə internet istifadəçiləri aylardır ki, amerikalı pop-ulduz Pharrell Williams-ın hitə çevrilmiş Happy mahnısına rəqs edərək videosunu sosial şəbəkələrdə paylaşırlar.

YouTube video paylaşma şəbəkəsində yerləşdirilən "HAPPY BAKU" videosunun altında bir çox müsbət şərh var idi. Çoxu videonun "pozitiv" təsir bağışladığını deyib. Amma sayta yerləşdiriləndən bir gün sonra video istifadəçi tərəfindən yığışdırılıb. Səbəb hələ ki, aydın deyil. Digər istifadəçilər həmin videonu yükləyib sayta yenidən yerləşdiriblər.

"Biz Bakıdanıq və xoşbəxtik", Elmar Iskandarov adlı bir istifadəçi yazıb. "Çox gözəl alınıb", yazıb Medina Ceferli.

"Bakını sevirik! =) Xoşbəxtik! =) Azərbaycandan hamıya salamlar! =)" - Aliya Hashimova.

Amma Facebook sosial şəbəkəsində bir çox istifadəçi video barədə istehzalı şərhlər yazıb.

Fotonun müəllifi youtube

"Xoşbəxt deyilik!"

"Ölkəmizdə gənc, əla uşaqlar həbsdə və ya mühacirətdədir. Ona görə Bakıdan olan "Happy" videosu o qədər də xoşbəxt deyil", jurnalist Xədicə İsmayılova yazıb.

"Xoşbəxtik! Xoşbəxtik! Xoşbəxtik! İnananadək bunu təkrarlayın", tənqidi videolarına görə həbsdə yatmış Adnan Hacızadə videonu paylaşarkən şərh yazıb.

Jurnalist Pərvanə Bayramova isə deyir: "Axı biz xoşbəxt deyilik!"

Fotonun müəllifi youtube

Bəziləri videonu daha əvvəl Ermənistanda çəkilən versiya ilə müqayisə ediblər. "Ermənilərinki daha qəşəng idi", - bir istifadəçi yazıb.

Nijat Garayev: "Sabah Ermənistanda demokratiya zad olsaydı, bizimkilər də acığa düşüb demokratiya qursaydılar..."

Harlem Shake

Bəziləri vidoeda çəkilən şəxsləri şərh edib. Bu videoda bir çox tanınmış artistlər, o cümlədən komik Bəhram Bağırzadə, müğənnilər Tunzalə və Xəyalə və cazmen Cavan Zeynallı iştirak edib.

"Amma bizim rolikdə çəkilən əksəriyyəti yaşlı adamlardır", bir Facebook istifadəçi yazıb.

"Fikir verdinizsə, bu rolikin əksəriyyəti avropa tipli xarici görünüşlü olan insanlardı. Çoxu rus və yaxud qarışıq tipli. Görəsən öz tipli insanları niyə çəkməyiblər?) Yenə pokazuxa? Ya natamamlıq kompleksi?" - daha bir şərhçi deyir.

Fotonun müəllifi youtube

Videonu dünyada məhşur olan Harlem Shake videolarına oxşadanlar da olub. Ötən il "Harlem Shake" mahnısı oxşar şəkildə bir çox ölkədə müxtəlif tərzli rəqslərlə təkrarlanıb, YouTube saytında yerləşdirilib.

"Bu daha çox Happy-le Harlem Shake-in sintezidir. Çox xoş təsir bağışlayır. Təbriklər!" Dadash Musayev YouTube şərhlərində yazıb.

Emil Baghirov adlı istifadəçi isə Bakıda keçirilən "Harlem Shake" fləşmobuna görə həbs olunan və səkkiz il həbs cəzası alan gənc fəal İlkin Məmmədlini xatırlayıb.

"Bir xatırlatma: Azərbaycanda iki gənc Harlem Shake videosu çəkdiyi üçün hal-hazırda həbsdədir".

Ali Transmilli adlı istifadəçi isə videoda nəyinsə çatışmadığını düşünür: "Axırda nə əcəb Murad Dadaşov çıxıb bağırmır?!"

Fotonun müəllifi youtube

Oxuyucuların şərhləri

BBC Azərbaycanca oxucuları da "xoşbəxtikmi?" sualına münasibət bildiriblər.

"Cibi boş yox", Shahin Ayvadze yazıb.

Ragib Huseynov: "1 parça çörək evimizə aparanda hə, dünyanın olmasa da, xoşbəxt hesab edirik özümüzü".

"Xoşbəxt görünməklə, olmaq eyni şey deyil", deyir Tarlan Abasov.

Ramid Asgerzade isə yazıb ki, "küçəyə çıxırsan hər 10 nəfərdən 8-nin sifətindən zəhrimar yağır. Bəli, çox xoşbəxtik".

Videonun özünü şərh edən oxuyucular isə onu birmənalı qarşılamayıblar.

Ibrahim Qehramanov: "Ondan bundan oğurlayıb, onu bunu yamsılamaq bir peşəyə dönüb. Cəsarətiniz çatırsa bu dünyaya siz bir yenilik gətirin qoy dünya bizdən nəyisə götürsün. Heç olmasa öz musiqimizdən istifadə edərdiniz, cəhənnəmə sözlər ingiliscə olsun. Hələ rolikdəki o ağsaqqalları demirəm".

"Təqlid etməyi sevirlər", Ismixan Ibadov deyir.

Behruz Hemzeyev: "Bakıya təzə gələn T90 tanklarını bular sürəcəy Qarabağa???"

"Ay nə şirin", Könül Xəlilova adlı istifadəçi yazır.

Fotonun müəllifi youtube

Bu barədə daha geniş