Nazirlik: "Bu teatr Mədəniyyət və Turizm Nazirliyi ilə məsləhətləşmədən yaranıb"

"ODA" Teatrı iyunun 1-dən səhnəsiz qalıb. Fotonun müəllifi ODA
Image caption "ODA" Teatrı iyunun 1-dən səhnəsiz qalıb

Mədəniyyət və Turizm Nazirliyi həvəskar “ODA” teatrının maddi çətinlik səbəbindən səhnəniz qalması və məkanla təmin olunması barədə müraciətinə münasibət bildirib.

"Bu teatr müstəqil teatrdır, yarananda da Mədəniyyət və Turizm Nazirliyi ilə məsləhətləşmədən yaranıb. Dövlətin dəstəyi olmadan fəaliyyət göstərir. Və necə mövcud idilərsə, müstəqil də mövcud olsunlar", nazirliyin mətbuat katibi Zöhrə Əliyeva BBC Azərbaycancaya deyib.

Teatrın yaydığı bəyanatda deyilir ki, mayın 23-də maliyyə və yaxud yer ayrılması ilə bağlı Prezident Administrasiyasın, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Gənclər Fonduna müraciətlər edilsə də, "rəsmi müraciətlər cavabsız qalıb".

Nazirliyin sözçüsü isə "ODA" Teatrına "hələ ki növbə çatmadığını" deyir və bunu ölkədə təmirə ehtiyacı olan teatrların çoxluğu ilə izah edir.

“ODA” Teatrının yerləşdiyi “Zirzəmi” məkanı 1 iyun 2014-cü il tarixində maliyyə çətinlikləri üzündən bağlandı. Bildirmək istəyirik ki, hazırda məkanımızın olmaması teatrın bağlanması demək deyil, kollektiv müvəqqəti məkanlarda məşqlərini davam etdirir", sənəddə bildirilir.

Teatra yer ayrılması tələb olunan bəyanatda Mədəniyyət və Turizm Nazirliyinin müraciətə cavab verməməsi "müstəqil teatra dövlət tərəfindən dəstək verilməməsinin göstəricisi" adlandırılır.

"Teatrının məkansız qalmasına biganə yanaşan dövlət qurumları “Teatr və teatr haqda” qanunun 4-cü maddəsinin 4.0.1. və 4.0.4. bəndlərini kobud şəkildə pozur. Bizim müraciətimizin cavabsız qalması ölkədə nazirlik tərəfindən, dövlət qurumları tərəfindən müstəqil teatra laqeyd münasibətin göstəricisidir", bəyanatda deyilir.

Cəmi bir aktyorun professional, digərlərinin isə həvəskar olduğu "ODA" teatrı iyulun 15-dən fəalliyyət göstərir. Son doqquz ayda teatr "Zirzəmi"də fəaliyyət göstərib.

Həvəskar aktyorların çoxu teatr üzvü Dövlət Gənc Tamaşaçılar Teatrının sabiq əməkdaşı İlqar Cahangir tərəfindən təlim keçib.

Bundan əvvəl ötən ilin noyabrında Topçubaşov küçəsi 40 ünvanında yerləşən teatrın fəaliyyət göstərdiyi zirzəmini polis bağlayıb.