Əli Həsənov: "Ailəmin malik olduğu adı çəkilən şirkətlərlə fəxr edirəm"

Əli Həsənov
Şəklin alt yazısı,

Əli Həsənov "utanmağa, çəkinməyə heç bir əsası" olmadığını deyir

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov mediada çap edilən araşdırmada onun ailəsinə məxsus biznes qurumlarının olması iddialarını təsdiqləyib.

"Azadlıq Radiosunun yazdığı şeylərin hamısı doğrudur və mən ailəmin malik olduğu adı çəkilən şirkətlərlə fəxr edirəm", cənab Həsənov BBC Azərbaycancaya bildirib.

İyunun 24-də AzadlıqRadiosunun saytında çap edilən araşdırmada deyilir ki, cənab Həsənovun ailəsinin adı ilə təhsil və hazırlıq kursları, radio, qəzet, prodakşn bağlıdır.

Əli Həsənovun ailəsinin biznes qurumları ona görə diqqət cəlb edib ki, o, Azərbaycanda media və söz azadlığına dair "hökumətin siyasətini müəyyənləşdirən şəxslərdən biri"dir.

Konkret olaraq, rəsminin xanımı Milli Teleradio Şurasının üzvü Sona Vəliyevanın "Kaspi" qəzetinin təsisçisi olduğu və təhsil, universitetə hazırlıq kursları, liseyləri "idarə etdiyi" yazılır. Oğlu Şamxal Həsənli isə "Araz Radiosuna nəzarət edir və teleseriallar çəkir", araşdırmada deyilir.

Araşdırmada söhbət açılan məsələlərdən biri 2011-ci ilin yanvarında həmtəsisçilərindən biri iranlı, digəri isə Sona Vəliyevanın qohumu və biznes şəriki Azər Vəliyev olduğu deyilən Golden Prince LLC şirkətinə Araz FM-in yayımı üçün 6 illik radiotezlik verilməsi olub.

"Alın təri ilə" yaradılmış qurumlar

Həmin radio tezlikdə vaxtilə BBC Azərbaycanca Radiosu yayımlanıb, lakin 2009-cu ildən xaricilərin media təsis etməsinə və yayımına icazə verməyən qanunvericiliklə fəalliyyətini dayandırıb.

Araşdırmada həmçinin qeyd olunur ki, "Bakıda 30-dan artıq adamı yerləşdirə bilən yeganə press-klub da Həsənovlar ailəsinə bağlıdır".

Bundan başqa, araşdırmada bildirilir ki, bir çox müşahidəçilər Gülen camaatına bağlılığı iddia edilən liseylərin və Araz kurslarının bağlanmasından sonra "Həsənovlar ailəsinin təhsil biznesinin çiçəklənəcəyini proqnozlaşdırır".

"Bu proqnozu, ARDNŞ-ın məktəbləribağlamaq qərarından sonra Həsənovlara bağlı Kaspi Təhsil Mərkəzinin saytında üzə çıxan "Kaspi liseyi açıldı" elanı da təsdiqləyir".

Azərbaycan Dövlət Neft Şirkəti iyunun 18-də liseylər və Araz kursunun bağlanması barədə məlumat yayıb.

Ümumilikdə araşdırmada yazılır ki, Fikrət Əmirov küçəsi 1 ünvanında qeydiyyatdan keçən Araz FM, Golden Prince LLC, Kaspi Global MMC, Kaspi Tibb Mərkəzi (Xətai estetik klinikası və aptek), “Mətbuat Evi” MMC, Kaspi – EC, Kaspi Co mənzil tikinti kooperativi, Kaspi-Az, “Kaspi Mətbuat Yayımı” MMC, "Kaspi" qəzeti və 2003-2010-cu illərdə fəaliyyət göstərmiş Beynəlxalq Mətbuat Mərkəzi aiddir.

BBC Azərbaycancaya danışan cənab Həsənov isə deyib ki, şirkətlər ailəsinin alın təri, zəhməti ilə yaradılmış qurumlardır.

"Onların bəzisinin fəaliyyəti var, bəzisinin fəaliyyəti yoxdur. Sadəcə firma olaraq mövcuddur. Mənim oğlum da, xanımım da o firmaları yaradıb və onların da faəliyyəti ilə məşğuldurlar".

Bu baxımdan cənab Həsənov "utanmağa, çəkinməyə heç bir əsası" olmadığını qeyd edib.

Araşdırmanı AzadlıqRadiosu və Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Təhqiqatları layihəsi üçün jurnalist Xədicə İsmayıl hazırlayıb.