BBC Azərbaycanca Xidmətinin sabiq şərhçisi Süleyman Süleymanov vəfat edib

Fotonun müəllifi Suleymanov

BBC Azərbaycanca Xidmətinin sabiq əməkdaşı Süleyman Süleymanov vəfat edib.

Süleymanov təxminən 16 il, BBC Azərbaycanca Xidməti radio yayımını dayandırana qədər Gürcüstandakı hadisələr haqqında şərhlər verib, çoxsaylı müsahibə və reportajlar hazırlayıb.

Jurnalist, publisist, tarixçi, tərcüməçi, redaktor kimi tanınan Süleymanov təxminən 40 il Azərbaycan dilində mətbu yayımın baş redaktoru olub.

1935-ci il, mayın 5-də Gürcüstanın Marneuli rayonunun Kürdlər kəndində anadan olan jurnalist Marneuli Pedaqoji Texnikumunu və Tiflis Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dil-ədəbiyyat və tarix fakültəsində təhsil alıb.

O, 1962-ci ildə Marneuli Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə seçilib, iki il sonra isə partiya komitəsində təlimatçı, təbliğat və təşviqat şöbəsinin müdiri, təşkilat şöbə müdiri, rayon partiya komitəsinin katibi kimi çalışıb, büro üzvü və dəfələrlə rayon sovetinin deputatı, 1980-ci ildə isə Gürcüstan Ali Sovetinin deputatı seçilib.

Süleymanov 1972-ci ildən azərbaycanca “Sovet Gürcüstanı”, 1990-ci ildən isə onun davamı olan "Gürcüstan" qəzetinin baş redaktoru vəzifəsində çalışıb.

40 il baş redaktor kimi çalışan Süleymanov 1981-ci ildə “Şərəf nişanı” ordeni, 1997-ci ildə Gürcüstanın “Şərəf” ordeni ilə təltif edilib. Ona, həmçinin Gürcüstan Ali Sovetinin Fəxri fərmanı və Gürcüstan Əməkdar Mədəniyyət işçisi fəxri adları verilib.

Süleymanovun rəhbərliyi altında Gürcüstan tarixi, Gürcüstan coğrafiyası Azərbaycan dilinə tərcümə olunub, "Gürcücə- Azərbaycanca lüğəti" də daxil olmaqla, müxtəlif danışıq lüğətləri, bukletlər, məktəblilər üçün vəsaitlər çap olunub.

Süleymanov, baş redaktor olmaqla yanaşı 1992-ci ildən “Gürcüstan Azərbaycanlıları İttifaqı”nın sədri kimi fəaliyyət göstərib. Dörd övladı, yeddia nəvəsi var.

Süleyman Məhəmməd oğlu Süleymanov iyunun 26-da axşam saatlarında vəfat edib.

Bu barədə daha geniş