Leyla Əliyeva və Əsəbəli Mustafayevin təşkilatlarının bank hesabına "həbs qoyulub"

Fotonun müəllifi gov.az

Azərbaycanda bir sıra yerli qeyri-hökümət təşkilatlarının, xarici qeyri-hökümət təşkilatlarının filial və nümayəndəliklərinin fəalliyyətlərində "aşkar edilmiş qanun pozuntusu faktları” ilə bağlı Baş Prokurorluqluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Milli və Beynəlxalq Araşdırma Mərkəzinin bank hesabına həbs qoyulub.

Bu haqda Nəsimi Rayon Məhkəməsinin 13 iyun tarixli qərarının mətnində qeyd olunur. BBC Azərbaycancanın müxbiri həmin qərarın surəti olduğu anlaşılan mətni görüb.

Sənəddə deyilir ki, Cinayət Məcəlləsinin "vəzifə səlahiyyətlərindən sui-istifadə" və "vəzifə saxtakarlığı" maddələri ilə istintaq işi aparılır.

Mətndə yazılıb ki, "Azərbaycan Beynəlxalq Bankında yerləşən qeyd olunan pul vəsaitlərinin köçürüldüyü bank hesabının üzərinə cinayət təqibinin davam etdiyi müddətdə hesaba həbs qoyulması barədə məhkəmədən qərar qəbul etmək xahiş olunur".

BBC Azərbaycancaya danışan İctimai Birliyin sədri Leyla Əliyeva bu məsələ ilə bağlı araşdırma aparıldığını deyib və ölkəyə qayıtmayana qədər sənəd haqda mediaya hər hansı şərh verməyəcəyini bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov BBC Azərbaycancaya qeyd olunan məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Eyni qərarın hüquqşünas Əsabəli Mustafayevin rəhbəri olduğu İnsan Hüquqları Resurs Mərkəzi haqqında da verildiyi bildirilir.

BBC Azərbaycancaya danışan cənab Mustafayev məsələ ilə bağlı hazırda araşdırma apardığını və sənəd haqda hər hansı şərh vermək istəmədiyini bildirib.

Bundan əvvəl eyni iş üzrə Böyük Britaniyanın "Oxfam" Beynəlxalq Xeyriyyə Təşkilatının Azərbaycandakı fəaliyyəti ilə bağlı araşdırma aparıldığı və Danimarka Krallığında mənzillənən International Media Support (IMS) təşkilatından jurnalist Aynurə İmranovanın hesabına köçürülən məbləğlə əlaqədar bank hesabına məhkəmə tərəfindən həbs qoyulub.