Nərmin Kamalın bloqu: 21-ci əsr

Bombardman Fotonun müəllifi AFP
Image caption Biz indi ətrafımızda 7-ci əsrin başkəsənlərinə də rast gəlirik, 10-cu əsrin təqiblərinə də, 20-ci əsrin bombardmanlarına da.

Bir neçə il əvvələ qədər bu cümlə məşhur idi: “21-əsrə gedirik”. Ən müxtəlif məzmunlarda işlədirdilər onu.

Müxalifətçilər hakimiyyətə deyirdi: “21-ci əsrdə belə iş olar?!” Orta məktəb müəllimləri var idi ki, dalaşan uşaqları ayırmaq üçün söyləyirdilər: “Biz kosmos əsrində yaşayırıq, 21-ci əsrə az qalıb! Bu nədir, bir-birinizin başını yarırsız!”.

Bu arqumentin arxasında dayanan fikir sadə idi; minillərdir biz insanların başı daşdan-daşa dəyib, əvvəlki nəsillərin yaşadıqları təcrübə sayəsində daha ağıllı, daha mədəni insanlar olmuşuq.

Ancaq insanlar sürətlə bu arqumentdən əl çəkməkdədirlər. Çünki 21-ci əsr də tədricən müharibələr tarixinə çevrilir, tarix kitablarındakı yüzillərdən birinə bənzəyir.

Biz indi ətrafımızda 7-ci əsrin başkəsənlərinə də rast gəlirik, 20-ci əsrin bombardmanlarına da.

Filosoflara, yazıçılara, alimlərə elə gəlir ki, daha hər şey insana aydın oldu, daha hər şey başqa cür olacaq. Ancaq yeni nəsil tarixi təqlid etmək ehtiyacı hiss edir.

Dünya saysız müharibələr görüb. İnsanlar daha yaxşı yaşamaq üçün müharibə ediblər. Təhlükəni önləmək üçün müharibə ediblər.

Böyük ərazi uğrunda müharibə ediblər. Başqalarını öz inandıqlarına inandırmaq üçün müharibə ediblər. Qisas almaqdan ötrü müharibə ediblər. Müharibəni bitirmək üçün müharibə də ediblər, - sülh uğrunda müharibə.

Bugünkü bəhanələr də orijinal deyil. Eyni bəhanələrdir. Bir-birilə savaşan iki dövlətin hərb nazirliyi Müdafiə Nazirliyi adlanır.

Azərbaycan Müdafiə Nazirliyi və Ermənistan Müdafiə Nazirliyi. İsrail Müdafiə Nazirliyi və Fələstin ərazilərinin Müdafiə Nazirliyi.

Bəxtim gətirib ki, mənə qarışqaların müharibəsini yaxından görmək nəsib olub. Narıncıya çalanlar və zil qaralar. Minlərlə qarışqa döyüş meydanındakı əsgərlər kimi üz-üzə gəlir, bir-birinə çatıb boğuşurlar. Eşitdiyimə görə, şimpanzelər də bizim kimi müharibə edirlər.

Görünür, müharibələrin səbəbləri xəbərlərdə deyildiyi kimi, siyasi deyil, fəlsəfidir.

İnsanlarda öləri varlıq olmağın qorxusu var. Yalnız kültürümüz, məsələn, dini mənsubiyyətimiz həmin qorxu ilə bizim aramızda bufer kimi dayanan inanclar, rituallar verir bizə. Həmin inanclar və rituallara, yəni daxil olduğumuz kültür qrupuna təhlükə yarananda bizdə ölüm qorxusu oyanır.

Onda insanlar çay kimi hədlərini aşırlar; adi gündəlik həyatda etməyəcəkləri vəhşilikləri qrupa qarşı təhlükə hiss edəndə edirlər. Onlar öz kültürlərini qorumaqdan ötrü ölümə gedirlər, çünki həmin kültür onların ölümündən sonra yaşayacaq yeganə şeydir.

Fəlsəfədə belə fərziyyə də var ki, biz müharibəni sonradan öyrənirik. O, bioloji deyil, sosiolojidir, pis bir ixtiradır. Müharibəni sonradan öyrəndiyimiz kimi, sülhü də öyrənə bilərik.

Əgər həqiqətən müharibəsiz gələcək arzu ediriksə, bunun üçün müharibə haqda xəbərlər siyasətçilərin, dövlət başçılarının yox, filosofların, yazıçıların gözündən təhlil olunmalıdır. Onda səbəb bizə İsrail, Fələstin, yaxud Ermənistan, Azərbaycan, “Fələstin hansı protokolu imzalamadı”, “Kim daha haqlıdır” cildində görünməyəcək.

Bu mənada 20-ci əsr bizə müharibədən yazan kifayət qədər yazıçı bəxş edib. 20-ci əsr ingilis yazıçısı Virciniya Vulfun ölkəsi müharibə aparanda o, yazırdı: “Bir qadın olaraq, mənim ölkəm yoxdur. Bir qadın olaraq, mən heç bir ölkəni sevmirəm”, “Fikirlərim - mənim döyüşümdür”.

20-ci əsr alban yazıçısı İsmayıl Kadarenin “Ölü ordunun generalı” romanında bir general müharibədən illər keçəndən sonra vaxtilə döyüş meydanında ölmüş əsgərlərinin sür-sümüyünü axtarır, ərazidə gedən qazıntılara bələdçilik edir. Bir keşiş də ona kömək edir.

Hərbi ehtiras sönüb, onlar kəllə-çanaq çıxara-çıxara fəlsəfi söhbətlər edirlər. Bu vaxt qarşı tərəfin – alman ordusunun generalına rast gəlirlər. O da öz ölmüş əsgərlərini axtarır; əsgərlərin yaxınlarının tələbi ilə. “21-ci əsr” arqumentini bu cür kitablara inananlar yaradıblar.

Bəşəriyyətin qazandığı təcrübə, çıxarılan ən yaxşı nəticələr fəlsəfi fikir tarixində, ədəbiyyat tarixində toplanır. Ancaq pis odur ki, iki dənizin suyu bir-birinə qarışmır. Fəlsəfə başqa sözlər deyir, siyasi gündəm başqa. Ədəbiyyat başqa nəticələrə gəlir, siyasi həyat başqa.