"Qafqazın Pensilvaniyası" - Bakı və I Dünya Müharibəsi

Qoşa Qala Qapısı. 1917-ci ilə qədər tarix. Foto: Dövlət arxivi Fotonun müəllifi Azerbaijan State Archive
Image caption Qoşa Qala Qapısı. 1917-ci ilə qədər tarix. Foto: Dövlət arxivi

Neft sənayesinin inkişafına qədər Bakı və onun ətraf ərazilərinin orta əsrlərə xas mənzərəsi vardı. Susuz səhra ilə əhatə olunmuş Bakının orta əsrlərdən qalma limanı və Xəzər dənizi üzərində şəhər qalası vardı.

Burada yerli sənətkarlar və tacirlər yaşayırdılar. Mülkədarlar hakim sinfin aparıcı elitası idilər. Lakin bircə onilliyin içərisində bu kiçik ticarət şəhəri dünyanın neft paytaxtına çevrildi. Abşeron yarımadasında biznesin dramatik inkişafı 19-cu əsrin sonlarında Bakını Qafqazların sənaye mərkəzi etdi.

1898-ci ildə Azərbaycandakı neft sənayesi hasilata görə ABŞ-ı geridə qoydu. 1901-ci ildə Bakı dünya neftinin yarısını, Rusiya neftinin isə 95 faizini istehsal edirdi. Bakını hətta “Qafqazın Pensilvaniyası” adlandırırdılar.

Şəhər 19-cu əsrin ikinci yarısında xüsusilə genişləndi. Kənd yerlərində yaşayan on minlərlə insan daha yaxşı güzaran və daha etibarlı dolanışıq üçün buraya axışdı. 1855-ci ildə şəhər əhalisi 8 min nəfərdən bir az çox idisə, növbəti iyirmi il ərzində əhalinin sayı 145 minə sıçradı.

Çiçəklənən Bakı

Fotonun müəllifi Azerbaijan State Archive
Image caption Telefon küçəsi 1905-ci ilə qədər. Foto: Dövlət arxivi

1914-cü ilin yayında Avropada müharibə başlananda Bakı 250 min sakini olan izdihamlı dəniz limanı və sənaye mərkəzi idi. Şəhər sürətli genişlənmənin - plansız ev tikintisi, su və torpaqların çirklənməsi və mövcud infrastruktur üzərindəki gərginlik kimi adi problemləri ilə üzləşirdi.

Məsələn, su çatışmazlığı bu şəhərin ən böyük problemi olaraq qalırdı. Ən pis şərait şəhərin ətrafındakı daxmalı qəsəbələrdə hökm sürürdü.

Şəhərin qonşuluğu demək olar, bir gecədə peyda olmuşdu. Burada əhali normadan sıx, sanitariya vəziyyəti isə bərbad idi, böyük iş rəqabəti vardı. Eyni zamanda neft biznesinin gətirdiyi sərvət şəhər mərkəzində mənzərəli və yaraşıqlı məhəllələr yaratmışdı.

O vaxt tikilmiş ecazkar malikənalər və binalar öz cazibədar gözəlliyi və zəngin dekorativ fasadları ilə bu gün də şəhərin qonaqlarını məftun edir.

Bu binalar əlbəttə, neftxudalara məxsus idi. Bu Bakı milyonçularının əksəriyyəti ən yoxsul ailələrdə doğulmuşdular, lakin 19-cu əsrin son onilliyindəki neft gəlhagəli onları varlı sənayeçilərə çevirmişdi.

İqtisadiyyat inkişaf etdikcə, mədəni mühit də dəyişirdi. İslahatçı Azərbaycan ziyalıları cəmiyyəti müasirləşdirməyə can atır, Rusiya hakimiyyətindən daha çox mədəni və siyasi haqlar tələb edirdilər.

Onlar 19-cu əsrin ikinci yarısında gedən daha böyük islahat hərəkatının içərisində idilər. Rusiya İmperiyasının Volqa boyunda, Krım, Qafqaz və Türküstanda yaşayan müsəlmanları, müasirləşmə və qərbləşməyə dair təşəbbüsün debatına başlamışdılar.

Bu azsaylı ziyalılar təbəqəsi ənənəvi məktəblərdə təhsil almışdılar. Daha sonra onlar imperiyanın təhsil ocaqlarında oxuyaraq müəllim, mühəndis, hüquqşünas və həkim olmuşdular.

Tənəzzülə qarşı təhsil

İslahatçılar vurğulayırdılar ki, imperiyanın müsəlman əhalisi tənəzzül keçirir. Bu tənəzzülün qarşısını almaq istəyən yeni müsəlman ziyalıları müsəlman əhali üçün Avropa modeli üzərində qurulmuş təhsil sistemi istəyirdilər.

Türkdilli əhali müsəlman icmasındakı bu islahat hərəkatına liderlik edirdi. Onlardan parlaq nümunə olan biri – Krım tatarı, İsmayıl Qasprinski (1851-1914) Krımda müasir tədris planına əsaslanan ilk məktəbi açmışdı.

Qasprinski də daxil bir çox islahatçı ziyalılar öz ideyalarını yaymaq üçün yerli dillərdə kitablar və dövri məcmuələr nəşr edirdilər. Onlar həmçinin Osmanlı İmperiyasında və Misirdə yerli müəlliflər tərəfindən dərc olunan jurnal və kitabları, Qərb ədəbiyyatından tərcümələri əldə edib gətirirdilər.

Azərbaycanlılar arasında da ana dilində ilk qəzet və jurnallarını nəşr edən, ilk teatr pyeslərini və operalarını səhnələşdirən ziyalılar vardı.

Milli ideyalar

Birinci Dünya Müharibəsindən bir onillik əvvəl Azərbaycan ziyalıları arasında siyasi baxışların şaxələnməsi baş vermişdi. Bəziləri Rusiyada getdikcə populyarlaşan marksist ideyalara yaxın idilərsə, digərləri Azərbaycanda ilk milli ideyanı yayırdılar.

Müharibədən əvvəlki dövrdə və müharibə illərində azərbaycanlılar və ermənilər arasında baş vermiş üç millətlərarası toqquşma sürətli iqtisadi inkişafa əngəl olmuşdu. Etnik və ya dini həmrəyliklər müəyyən bir qrupun üzvləri oxşar mövqelərə malik olanda and kiçik maddi mükafatlar uğrunda əmək bazarına qoşulanda yaranır.

Adətən kasad iqtisadi ehtiyatlar etnik-dini fərqlərlə üst-üstə düşəndə etnik və ya dini münaqişələr qaçılmaz olur. Çox tezliklə Bakıda da mühacirlər say etibarilə türkdilli müsəlmanlara üstün gəlmişdilər.

Ermənilər və rusların əhali arasında çoxluğa çevrilməsi və iqtisadi artıma sahib olması rəqabəti kəskinləşdirmişdi.

"Rusların əlaltısı"

Bundan əlavə, Rusiya administrasiyasının müxtəlif qərarları və İmperiyanın qanunları ermənilərə müsəlman əhali ilə müqayisədə üstünlük verirdi. Azərbaycanlılar ermənilərə rusların əlaltısı kimi kin bəsləyə başlamışdılar.

Bakı etnik baxımdan qaynayıb-qarışmamışdı və hər bir icma öz əlahiddə həyatını yaşayırdı.

Yerli müsəlman əhalinin əksər qismi mühacirlərdən və sənayeləşmədən təcrid olunmuşdu.

Onlar şəhərin köhnə məhəllərində yaşamaqda davam edir, öz dükan-bazarlarında alış-verişə çıxır, atalarının peşələrini davam etdirir, öz dillərində danışır və övladlarını öz daxili çevrələrində evləndirirdilər.

Münaqişə daha çox kənd yerlərində və şəhərlərin aşağı təbəqələrində baş qaldırırdı. Bunlardan ən pisi Bakıda 1918-ci ilin martında erməni Daşnak Partiyasının və bolşeviklərin müsəlmanlara qarşı törətdikləri qətl və talanlar olmuşdu.

Minlərlə insan məhv olmuş və salamat qalan azərbaycanlı əhali şəhərdən qaçmış, Osmanlı Ordusu Azərbaycan və Dağıstan könüllüləri ilə (Qafqaz Ordusu) birlikdə 1918-ci ilin sentyabrında şəhəri geri almışdı.

Fəhlə hərəkatı

Fotonun müəllifi Azerbaijan State Archive
Image caption İçərişəhər 1920-ci ilə qədər tarixdə. Foto: Dövlət arxivi

Bakı 1903-cü ildə baş vermiş ilk ümumi tətildən sonra özünün fəhlə hərəkatına görə məşhurlaşmışdı. 1914-cü ilin iyununda maddi durumlarının yaxşılaşdırılması tələbi ilə 30 min fəhlə tətildə idi.

Fəhlələri iş yerlərinə əsgərlər qaytardılar və müharibənin başlanması və səfərbərlik tətillərə son qoydu.

Müharibə özü ilə həyat çətinlikləri gətirmişdi. Rusiyada qıtlıq və qiymətlər durmadan artırdı. Müharibədən əvvəl Rusiyada çox az sənaye məhsulları istehsal olunurdu, mallar əsasən idxal edilirdi.

Nəqliyyat sistemi, hətta (neft və neftayırma müəssisləri də daxil olmaqla) mövcud sənaye alətlərin, dəzgahların və ehtiyat hissələrinin idxalından asılı vəziyyətdə idi.

Müharibə illərində bunlardan heç birini Rusiyaya gətirmək mümkün deyildi. Almaniya qüvvələri Rusiyanı və onun iqtisadiyyatını müharibənin ilk günlərindən blokadaya almışdı.

Rusiyaya birtəhər gəlib çıxa bilən gəmilər yalnız silah və mərmi gətirirdilər. Alətlər, pal-paltar və başqa sənaye malları bazarlardan yoxa çıxanda və onların qiymətləri kəllə-çarxa vuranda, kəndlilər də öz məhsullarını gətirmir, ya anbarlayır, ya da özləri istehlak edirdilər.

1915-ci ildə ərzaq başlıca problemə çevrilmişdi və yaşayış qiymətləri dramatik şəkildə bahalaşmışdı.

Bahalıq

1914-1917-ci illər arasında Bakıda çörəyin qiyməti 100, südün qiyməti 205, yumurtanın qiyməti 292 faiz artmışdı. Bakının neft sənayesi şəhərin iqtisadi həyatına ciddi təsir göstərən problemlərlə üzləşmişdi.

Qara dəniz və Baltık dənizinə gedən ixrac yolları bağlı olduğundan şirkətlər innən belə nefti dünya bazarlarına çıxara bilmirdilər.

Dəzgahlar və neftayırma üçün ehtiyat hissələri əldə etmək çətinləşmişdi. Dəmir yolları problemli idi, çünki qatarların çoxu cəbhənin ehtiyaclarına xidmət edirdi.

Müharibənin son iki ili ərzində baş verən inqilab və çaxnaşmalar neft istehsalını tənəzzülə uğradır və infrastruktura zərbə vururdu.

Hakimiyyətə əvvəlcə Sankt Peterburqda yenicə elan edilmiş respublikanın nümayəndələri gəldilər. Onlar Romanovların bayraqlarını və gerblərini söküb atdılar və xalqın azadlığını elan etdilər.

Lakin onların hakimiyyəti uzun sürmədi, çünki bolşeviklər erməni daşnakların dəstəyi ilə qırmızı bayraqlarını qaldırıb, Bakıda öz hakimiyyətlərini elan etdilər.

Respublika və bolşeviklər

Bu arada azərbaycanlılar bütün Yaxın Şərqdə ilk dəfə olaraq parlamentli respublika elan etdilər və ilk hökumət kabineti Gəncədə təşkil olundu.

Osmanlı-türk ordusu azərbaycanlılardan və dağıstanlılardan ibarət könüllülərlə birlikdə Bakını yenicə elan edilmiş Azərbaycan Respublikası üçün geri almağa – şərqə tələsirdilər.

Bolşeviklərin qaçması ilə Bakı neftini nəzarət altında saxlamaq məqsədilə İranda mənzillənmiş Britaniya qüvvələri şəhərə daxil olduar.

Osmanlı Ordusu Bakının qapılarına hücum edıərək 1918-ci il sentyabrlın 15-də, Birinci Dünya Müharibəsinin sonundan az əvvəl şəhəri geri aldı.

Birinci Dünya Müharibəsinin son aylarında Bakıda əldə olunmuş qələbə bu şəhəri millətin paytaxtı və Azərbaycan Respublikasının iqtisadi təməli kimi həmişəlik təsdiq etdi.

Avropada sülh elan ediləndə Bakını tərk edən Osmanlı Ordusunu Britaniya qüvvələri əvəz etdilər.

Müharibədən sonrakı dövrdə Britaniya qoşunları da Bakıdan çıxdılar, müharibə etmiş tərəflər arasında Paris sülh Müqaviləsi imzalandı və…bolşeviklər burada daha 71 il hökm etmək üçün geri qayıtdılar.