Müharibə tvitindən sonra İlham Əliyevə Twitter fırtınası

aliyev Fotonun müəllifi AFP
Image caption İlham Əliyev dünən cəbhə bölgəsində əsgərlərlə görüşüb.

Azərbaycan prezidenti İlham Əliyevin rəsmi Twitter mikrobloqunda müharibənin yenidən başlaya biləcəyi yazılıb: “Müharibə hələ bitməyib. Yalnız birinci mərhələsi başa çatıb. İkinci mərhələ də başlaya bilər”.

Cənab Əliyev dünən cəbhə xəttinə səfər edərək hərbçilər önündə çıxış edib. Prezidentin bəzi tvitləri də həmin çıxışdan iqtibasdır.

İlham Əliyev Azərbaycanın sülh deyil, müharibə şəraitində yaşadığını, müharibənin bitmədiyini və yenidən başlaya biləcəyini bildirib.

Tvitterdə onun müharibənin başlaya biləcəyi barədə ingilis dilində yayılmış xəbərdarlıq tviti istifadəçilərin qəzəbli cavabları ilə qarşılanıb.

Cavablar

İlham Əliyevin bu tvitləri cümə günü Soçidə baş tutacağı gözlənilən görüşdən cəmi bir gün öncə yazılıb. Rusiya prezidenti Azərbaycan və Ermənistan prezidentlərini Rusiya şəhərində bir araya gətirmək planlarını açıqlayıb.

Erməni istifadəçilər Azərbaycan liderinin tvitlərini qəzəblə qarşılayıb: “Bu cür çıxışdan sonra hər hansısa bir erməninin sizin rəhbərlik etdiyiniz ölkədə yaşamaq istəyəcəyini necə təsəvvür edirsiniz?” Karapet Chatchatrian adlı istifadəçi yazıb.

"Sən müharibəni belə elan edirsən?" deyə Lilit Asatryan sual edib və "Odnoklassniki" sosial şəbəkəsində də yazmağı məsləhət görüb.

Roobik Minasian adlı istifadəçi isə "daha çox ərazi itirməkmi istəyirsiniz" deyə sual edib.

Prezident tivtlərində Azərbaycanın güclü hərbi potensiala malik olduğunu, Azərbaycanın ərazi bütövlüyünü sülh və ya hərbi yolla bərpa edəcəklərini də bildirib.

Fotonun müəllifi twitter
Image caption İlham Əliyev müharibənin yenidən başlaya biləcəyini yazıb

İttihamlar

“Biz bütün işğal edilmiş və dağıdılmış şəhərlərimizi bərpa edəcəyik. Biz o torpaqlara qayıdacağıq, biz bu fikirlə yaşayırıq və yaşayacağıq,” Əliyev tvit edib.

Bir neçə gün əvvəl isə tanınmamış Dağlıq Qarabağ respublikasının müdafiə naziri Movses Hakobyan Azərbaycanı cəbhə bölgəsində gərginliyi artırmaqda ittiham etmişdi.

"Hazırda və gələcəkdə bizim cəbhə xəttimiz keçilməzdir və heç kim bizi geri çəkə bilməz," cənab Hakobyan deyib.

Movses Hakobyan Azərbaycan rəhbərliyinin "avantürası" səbəbindən Azərbaycan tərəfində itkilərin artdığını bildirib.

Qeyd edək ki, Azərbaycan tərəfi ötən həftə Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında atəşkəsin pozulması nəticəsində 13 əsgərini itirib.

Tanınmamış Dağlıq Qarabağ Müdafiə Nazirliyinin məlumatına görə isə, döyüşlərdə 5 erməni əsgəri ölüb.

Hər iki tərəf bir-birini atəşkəsi pozmaqda günahlandırır.

Cümə günü Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə bir araya gələcəyi gözlənilir. Bu, son qarşıdurmanın ardından prezidentlərin ilk görüşüdür.

Bu barədə daha geniş