Sovetsayağı repressiyalar Azərbaycana qayıdır

Azərbaycan post-Sovet ölkəsi imicindən yaxa qurtarmağa çalışır. Köhnə "xruşşovka" binaları sökülür, yerlərində göydələnlər ucaldılır, 1920-1991-ci illərə aid heykəllər ləğv olunur, küçə adları dəyişdirilir.

Buna baxmayaraq, son illərdə, əsasən də son həftələrdə vətəndaş cəmiyyəti üzərinə təqiblər getdikcə daha tez-tez İosif Stalinin geniş repressiyalarını xatırlatma olaraq "davam edir 37" sözləri ilə ifadə olunur.

Son iki həftə ərzində Azərbaycanın ən görkəmli fəalları və insan haqları müdafiəçiləri müxtəlif ittihamlarla dəmir barmaqlıqlar arxasına salınıblar.

Bu adamların əksəriyyəti - Leyla Yunus, Rəsul Cəfərov və İntiqam Əliyev kimi ölkədə insan haqlarının pozulduğuna dair iddiaları dünyaya çatdırmaq üçün məşhur təşkilatlarla birgə fəaliyyətlərinə görə beynəlxalq aləmdə yaxşı tanınırlar.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda (RATİ) aparılan axtarışdan və bu ofisin möhürlənməsindən sonra onun rəhbəri, başqa bir tanınmış QHT lideri - Emin Hüseynovun harada olduğu bəlli deyil.

Nə hakimiyyət, nə də cənab Hüseynovun həmkarları olan fəallar onun və işləri beynəlxalq mediada dərc olunmuş qardaşı, fotojurnalist Mehmanın harada olduğunu deyə bilmir.

Azərbaycan hökuməti israr edir ki, ölkədə heç kəs öz siyasi inanclarına görə məhbus edilmir. Buna baxmayaraq ölkədə zaman-zaman dissidentlərin və fəalların həbsləri barədə xəbərlər yayılır. Bəs görəsən Azərbaycanda sovetsayağı repressiyaların geniş dalğasına nə səbəb olub?

Həbslər

Human Rights Watch təşkilatından Giorgi Gogia qeyd edir ki, bu ay "hökumətin uzun müddətdən bəri davam edən repressiyaları tarixçəsində dramatik eskalasiya müşahidə olunub".

Keçmişlərdə yerli və beynəlxalq insan haqları təşkilatları kütləvi həbs dalğalarını Azərbaycanın qonaqladığı tədbirlərlə, məsələn 2012-ci ilin Eurovision Mahnı Yarışı ilə əlaqələndiriblər. Əgər bu həbslər siyasi motivlidirsə, onların arxasında duran motivlər nədir və bu, niyə indi baş verir?

İyulun 30-dan bəri həbs olunanların, daha dəqiq deyilərsə, insan haqları müdafiəçisi Leyla Yunusun, onun əri Arif Yunusun, QHT lideri Rəsul Cəfərovun və hüquqşünas İntiqam Əliyevin həbslərini birləşdirən bir neçə faktor vardır.

Onlar həmişə hökuməti açıq şəkildə tənqid ediblər, onların hamısı ölkədəki insan haqları pozuntularına işıq salınması üçün beynəlxalq təşkilatlarla birgə işləyiblər, onların hər biri öz sahələrinin lideridir.

Məsələn, İntiqam Əliyev Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə ən çox şikayət göndərən hüquqşünasdır. Lakin ən mühümü budur ki, onların hamısı Azərbaycanda siyasi məhbuslara dair geniş hesabatın və məhbus siyahısının üzərində işləyirdilər. Bu barədə məlumat mediaya ötən həftə sızıb.

Azərbaycanın siyasi təhlilçilərindən Azər Qasımlı inanır ki, bütün bu şəxslərin belə qısa müddətdə həbs olunmasının əsas səbəbi elə budur.

"Hakimiyyət belə bir siyahının dərc olunmasını istəməyib və onların hamısını təqib etmək, onları həbs etmək qərarına gəlib" – deyir təhlilçi.

Həbs olunanları ölkədə və xaricdə Azərbaycanın insan haqları məsələlərini diqqət mərkəzinə gətirmək sahəsindəki fəaliyyətlərinə görə tanıyırlar.

Sülh və Demokratiya İnstitunun rəhbəri Leyla Yunus siyasi məhbuslar barədə məlumat və hesabatların tərtibində beynəlxalq təşkilatlarla birgə işləyib.

O həmçinin Qarabağ münaqişəsinin çözümü üçün "xalq diplomatiyası" sahəsində çalışıb və indi xəyanətdə ittiham olunur. Onun əri - barəsində eyni ittihamlar irəli sürülmüş Arif Yunus xanımı ilə birlikdə bu layihələrin üzərində işləyib və o da hökumətə tənqidi münasibətdə olub. Bakıya son səfərim zamanı hava limanında eşitdiyim ilk xəbərlər də bütün bunlar barədə idi.

Yeni geriləmə

Human Rights Watch təşkilatının baş araşdırmaçısı Giorgi Gogia belə bir ehtimal irəli sürür ki, Azərbaycanın ev sahibliyi edəcəyi başqa bir tədbir hazırkı repressiya dalğalarına səbəb ola bilərdi. Bir ildən də az müddətdə Azərbaycanda Avropanın ilk Olimpiya Oyunları keçiriləcək.

"Böyük bir tədbirin ərəfəsini gözləməkdənsə, tənqidçiləri bu başdan susdurmaq daha asandır", deyir Gogia.

"Biz bu barədə istənilən qədər mülahizə yürüdə bilərik, lakin vətəndaş cəmiyyəti sahəsində Azərbaycan tarixində yeni bir geriləmə baş verir. Artıq söhbət həbslərin sayından getmir. Bütün bunlar ölkədə vətəndaş cəmiyyəti fəaliyyətinin keyfiyyətini təsirləndirir".

Avqustun 2-də vergidən yayınma və səlahiyyətlərini aşma kimi ittihamlarla həbs olunmuş Rəsul Cəfərov İnsan Haqları Klubu qeyri-hökumət təşkilatının lideri kimi 2012-ci ilin Eurovion yarışması zamanı keçirilmiş insan haqları kampaniyasının (bu kampaniya yarışın qalibi, müğənni Loreen tərəfindən də dəstəklənib) ən fəal iştirakçılarından olub və bəyan edib ki, buna bənzər daha bir kampaniyanı Bakıda keçiriləcək 2015-ci il Oyunları zamanı da təşkil edəcək. Cəfərov məhkəməyə qədər üç ay müddətinə azadlıqdan məhrum edilib.

Fotonun müəllifi aydin mirzazadeh
Image caption Azərbaycanda "qanun qarşısında hamı bərabərdir", YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə deyir

Giorgi Gogia əlavə edir ki, həbslərin indi, Azərbaycanın Avropanın ən yüksək insan haqları qurumuna – Avropa Şurasına sədrlik etdiyi bir vaxtda baş verməsi xüsusilə "həyəcanlı" hadisədir.

Qərb Azərbaycan üzərinə təzyiq göstərilməsi sahəsində kifayət qədər cəhd etməməkdə günahlandırılsa da, Avropa Şurasının sədri Thorbjorn Jagland öz bəyanatında bildirib ki, bu məsələni Azərbaycan prezidenti İlham Əliyevlə telefon söhbətində müzakirə edib.

"Prezident Əliyevlə bu səhər etdiyim (11 avqust) telefon söhbətində son günlərdə tanınmış insan haqları fəallarının həbsi ilə bağlı dərin narahatlığımı bildirmişəm" – deyilir bəyanatda.

Bir çox başqa rəsmilər də Azərbaycandakı vəziyyətlə bağlı narahatlıqlarını bildiriblər. Lakin əgər keçmişdə baş verənlərə nəzər yetirsək, deyə bilərik ki, bunların məsələyə elə bir təsiri olmayacaq.

Hakim partiyadan millət vəkili Aydın Mirzəzadə BBC Azərbaycancaya deyib ki, Azərbaycanda "qanun qarşısında hamı bərabərdir" və bu QHT rəhbərləri siyasi baxışlarına görə deyil, qanunsuz fəaliyyətlərinə görə ittiham edilirlər.

Bu məsələ barəsində adətən şərh aldığım adamların əlaqə telefonlarını nəzərdən keçirəndə bir daha xatırladım ki, onların əksəriyyəti indi ya həbsxanada və ya siyasi sığınacaq almaq üçün üz tutduqları xarici ölkələrdədir.

"Davam edir 37" ifadəsi Azərbaycanda hər yeni həbsdən sonra sosial mediada görünür.

Aydın Mirzəzadə deyir ki, Stalinin vaxtında "siz hakimiyyət nümayəndəsinə belə sual verə bilməzdiniz".

Siyasi təhlilçi Azər Qasımlı isə zarafat edir ki, fərq yalnız bir məsələdədir: Stalinin vaxtında adamları gecələr həbs edirdilər, amma Azərbaycanda bütün bunlar günün günorta çağı baş verir.

Bu barədə daha geniş