Zeynalabdin Tağıyevin qızlar məktəbi və I Dünya Müharibəsi

Bakı 1917 Fotonun müəllifi Milli Arxiv Idaresi
Image caption Zeynalabdin Tağıyevin rus müsəlman qızlar məktəbinin müəllim və şagirdləri, 1920-ci ilə qədər

Bakıda I Dünya Müharibəsi illərində və ondan əvvəlki onillikdə bəzi binalar tikinti işlərinin episentrində idi.

Bu binalardan biri də İstiqlaliyyət küçəsində yerləşən Azərbaycan Əlyazmalar İnstitutudur. Bu bina dünyada ilk dəfə olaraq müsəlman qızlar üçün tikilmiş lisey idi. Elə bircə bu təyinatı onun məşhurlaşması üçün kifayət edərdi.

Birinci Dünya Müharibəsi illərində elə bu binada İslam dünyasında ilk parlament mənzillənmişdi. Əgər binanın tikilməsi tarixçəsində bir az da əvvələ qayıtsaq, onun tikintisinin üç görkəmli şəxsiyyətin adı ilə bağlı olduğunu görərik.

Onlardan birincisi Bakının neftxudalarından biri və şəhərin ən böyük xeyriyyəçisi Hacı Zeynalabdın Tağıyev (1823 və ya 1838-1924) olmuşdu. O bu binanın tikintisi üçün şəhər hakimiyyəti qarşısında lobbiçilik etmiş, onun tikintisini, sonralar isə bütün fəaliyyət xərclərini maliyyələşdirmişdi.

İkinci şəxs isə Azərbaycanın ilk maarifçi ziyalısı və jurnalisti Həsən bəy Məlikov (Zərdabi) idi (1837 və ya 1842 - 1907). O hələ bu lisey açılmazdan çox əvvəl qızlar və oğlanlar üçün dünyəvi təhsilin təbliğatçılarından biri olmuşdu.

Və nəhayət, üçüncü şəxs gənc polyak mühəndis İosif Vikentiyeviç Qoslavski (1865-1904) idi. Qoslavski çox istesdadlı şəxs idi və o Bakının baş memarı təyin ediləndə cəmi 27 yaşı vardı. O, Tağıyevin ölümünədək onun tikdirdiyi müxtəlif binaların layihəçisi və mühəndisi olmuşdu.

Zeynalabdin Tağıyev

Tağıyevin atası çəkməçi idi, özü isə 6 yaşındanbənna şagirdi olmuşdu. Sonralar bənnalıq, yükçülük və inşaatçılıq etmişdi. O yalnız 55 yaşında milyonçuya çevrilmişdi. O bütün işlərdə birinci idi.

Fotonun müəllifi Milli Arxiv Idaresi
Image caption Hacı Zeynalabdın Tağıyev - milyoncu, neft senayecisi və xeyriyyəçi

Bu milyonçu Bakının mərkəzində ilk ticarət passajını və Qafqazda ilk toxuculuq fabrikini inşa etdirmişdi. Tağıyev həmçinin ərzaq, balıqçılıq, dəniz daşımaları, gəmi tikintisi və tikinti sənayesi kimi sahələrə kapital yatırmışdı.

Əsrin əvvəllərində o, çox zəngin və nüfuzlu sahibkar idi. Tağıyev müsəlmanların arasından çıxmış icma lideri idi, daha yetkin yaşlarında isə Azərbaycanın ən böyük xeyriyyəçisinə çevrilmişdi.

O Bakıda ilk teatrı tikdirmiş, şəhərin ən böyük problemini həll etmək üçün Qafqaz dağlarından içməli su kəməri çəkdirmişdi.

Tağıyev məktəb təhsili görməsə də, yazıb-oxumağı bacarmasa da, təhsilə yüksək qiymət verməyi bacarırdı.

O Azərbaycanın istedadlı gənclərini təhsil almaları üçün Moskva, Sankt Peterburq, Qazan və Avropa universitetlərinə göndərirdi. O məktəblər tikdirir, Azərbaycan ziyalılarına maddi dəstək verirdi.

O inanırdı ki, təhsilli qız, təhsilli ana olacaq və övladlarına daha geniş imkanlar yaradacaq və onları gələcək həyata daha yaxşı hazırlaya biləcək. Qızlar liseyi çarın milyionlarla müsəlman təbəəsinin yaşadığı Rusiya İmperiyasında ilk belə məktəb olacaqdı.

Həsən bəy Zərdabi

Lakin Tağıyevin layihəsindən əvvəl müsəlman qızlar üçün məktəb açmaq təşəbbüsünü başqa bir şəxs də irəli sürmüşdü. Həsən bəy Zərdabi ziyalı idi və Azərbaycan cəmiyyətinin müasirləşməsinə çalışırdı. O Moskva Universitetini bitirmişdi və Bakı ali məktəbində müəllim işləyirdi.

Fotonun müəllifi Milli Arxiv Idaresi
Image caption Həsən bəy Zərdəbi, maarifçi

Onun xanımı Nalçik şəhərindən olan Balkar şahzadəsinin qızı Hənifə Abayeva idi və Tbilisidə Müqəddəs Nina məktəbindən məzun olmuşdu.

1872-ci ildə Məlikov azərbaycanlılar üçün təhsil islahatı barədə yazırdı və elə həmin ilin 14 aprelində Rusiya qubernatoruna ərizə yazaraq müsəlman uşaqların müasir təhsil almasına kömək edəcək müsəlman xeyriyyə cəmiyyətinin qurulması üçün müraciət etmişdi.

Rusiya administrasiyası bu təşəbbüsə rəğbətlə yanaşmış və 1874-cü ildə Zərdabinin xahişinə razılıqla cavab vermişdi. Lakin o vaxt bu təşəbbüs müsəlmanlar arasında dəstək tapmadı.

1873-cü ildə Məlikov (Zərdabi) azərbaycanca oynanmaq üçün ilk pyesi yazdı. Onun həyat yoldaşı Hənifə xanım isə müsəlman qızlara öz evində dərs deməyə başladı.

Onlar hətta qızlar üçün yataqxana da açmaq istəyirdilər, lakin bu iş üçün vəsait əldə edə bilmədilər. 1875-ci ildə Həsən bəy Zərdabi Bakı qubernatoru D.S. Staroselskinin köməyi ilə azərbaycanca ilk qəzetin – “Əkinçi”nin nəşrinə başladı.

Lakin 1885-ci ildə Məlikovun müsəlman uşaqların təhsili üçün xeyriyyə cəmiyyəti yaratmaq təşəbbüsü həyata keçmədi.

Nəhayət bu xeyriyyə cəmiyyətini 1905-ci ildə Z.A. Tağıyevin dəstəyi ilə yaratmaq mümkün oldu. 1895-ci ildə Tağıyev, Məlikov və başqa bir Azərbaycan ziyalısı Topçubaşovun azərbaycanlı gənclər üçün məqalələr dərc etdirdikləri “Kaspi” qəzetini aldı.

1896-cı ildə Məlikov Bakı qubernatoruna müsəlman qızlar üçün rus-müsəlman məktəbinin açılması ricası ilə müraciət etmişdi. Ərizədə qeyd olunurdu ki, bu məktəbdə Tbilisidəki Müqəddəs Nina Məktəbinin məzunları olmuş müəllimlər dərs deyəcəklər. Zərdabinin xanımı da həmin məktəbi bitirmişdi.

Məlikov rus administrasiyasından icazə ala bilsə də, məktəbin açılması üçün vəsait tapılmadı. Həmin il, aprelin 24-də Tağıyev eyni xahişlə Rusiya hakimiyyət orqanlarından icazə aldı və məktəb üçün lazımi vəsaitin ayrılacağına təminat verdi.

Qoşlavski

Qızlar məktəbi üçün binanın layihəçisi və inşaatçısı İosif Qoslavski (1865-1904) əslən, o zamanlar Rusiya İmperiyasının bir hissəsi olan Polşadan idi. Qoslavski Bakıya 1891-ci ildə gəlmiş, növbəti ildə isə şəhərin baş memarı vəzifəsinə təyin edilmişdi. O məşhur qubernatorluğun binası da (Baksovet) daxil bir çox tikililərin layihəsini vermişdi.

O, öz istedadı ilə Bakının inşaatçı dairələrini məftun etmişdi. Onu Qafqaz Rastrellisi adlandırırdılar (Çariça Yekaterinanın italyan-rus əsilli memarı Rastrelli 18-ci əsrdə Sankt Peterburqdakı “Qış Sarayı”nı və Tsarskoye selodakı Yekaterina Sarayını tikmişdi).

Qoslavskinin yerli mətbuatda dərc olunmuş nekroloqlarında deyilirdi ki, o, arxitektura dizaynının və memarlığının ən gözəl ənənələrini Bakıya gətirib və onun tikdiyi binalar şəhər əhalisinin estetik zövqünü oxşaya bilib.

Qoslavski çox intensiv şəkildə işləyərək qızlar üçün məktəb binasının layihəsini 1896-cı ildə başa çatdırmışdı. Məktəbin ölçüləri burada ali təhsil ocağının yerləşməsi tələblərinə tamamilə cavab verirdi.

Binanın quruluşu at nalı şəklində idi və içəri həyətinin cənub hissəsi qala divarlarına söykənirdi. Belə bir konstruksiya şərq şəhərinin isti iqliminə və yaşayış şəraitinə uyğun idi. Buradakı daxili həyətdə tələbə qızlar sərbəst şəkildə gəzib-dolaşa bilərdilər.

Binanın əsas mərkəzi hissəsi müdiriyyət və böyük auditoriya üçün nəzərdə tutulmuşdu və Nikolayevskaya küçəsinin (sonralar Kommunist (1920-1991) və 1991-ci ildən isə İstiqlaliyyət küçəsi adlanıb) qövsvari əyrisinə uyarlı bir şəkildə tikilmişdi.

Binanın arxitektura dizaynı istedadlı ustad tərəfindən elə verilmişdi ki, özündə orta əsrlərin Şərq memarlığının ən gözəl elementlərini əks etdirirdi. Bina fasadının dekorasiyası Ərəb Şərq memarlığının ənənləri əsasında qurulmuşdu. Bunu binanın Ərəb üslubunda nalşəkilli formada açılan pəncərələrindən də görmək mümkündür.

Tikintiyə 1898-cil ildə başlanmış və işlər 1901-ci ildə uğurla başa çatdırılmışdı. 1901-ci ilin 5 sentyabrından isə burada dərslərə başlanmışdı. Rəsmi açılış bundan dörd gün sonra keçirilmişdi. Tağıyevə Krım, Türküstan, Qazan və Sankt Peterburqdan çoxlu təbrik məktubları gəlmişdi.

Qızlar liseyi

Heç şübhəsiz Bakıda qızlar liseyinin açılması ənənəvi müsəlman cəmiyyətinin içində inqilabi bir ideya idi. Onun tikintisi yerli müsəlman ruhanilərin ciddi müqaviməti ilə üzləşmişdi.

Fotonun müəllifi Milli Arxiv Idaresi
Image caption Tağiyevin rus müsəlman qızlar məktəbinin binası, 1920-ci ilə qədər

Yerli ruhaniləri sakitləşdirmək üçün Tağıyev bir tanınmış mollanı Bağdad kimi İslam mərkəzlərinə göndərmiş, oradakı aparıcı ilahiyyatçılardan və dini avtoritetlərdən belə bir məktəbin dinə zidd olmadığı barədə zəmanətlər alınmışdı.

Bununla belə, bəzi valideynlər, tələbələr və hətta layihəni təsdiqləmiş yerli ruhanilər mühafizəkarların hücumlarına məruz qalırdılar.

Çox mümkündür ki, bina arxitekturasının Şərq məscidi üslubunda olması da mühafizəkar dairələrin ürəyini ələ almaq ehtiyacına xidmət edirdi.

Tağıyev yoxsul ailələrdən olan tələbələrin məktəb paltarı, kirayə haqqı kimi ehtiyaclarını da ödəyirdi. Məktəb qapalı internat rejimində işləyirdi.

Burada təhsil müddəti dörd il idi və ilk məzunlar məktəbi 1905-ci ildə bitirmişdilər. Tağıiyevin təqdimatı ilə Həsən bəyin xanımı Hənifə Məlikova məktəbin direktoru və rus dili müəllimi təyin edilmişdi.

Tağıyev həmçinin Rusiya Dövlət Bankına məktəbin fəaliyyəti və tələbələrin gələcək təhsili üçün qızıl rublları şəklində vəsait də qoymuşdu. Banka qoyulan pulun məbləği o qədər böyük idi ki, çar 2-ci Nikolay Tağıyevə şəxsən məktub yazaraq təşəkkürünü bildirmişdi.

Tağıyevdən nümunə götürülərək başqa və daha kiçik qız məktəbləri açılırdı. 1915-ci ildə Bakıda artıq 5 qız məktəbi var idi. 1908-1909-cu illərdə hökumət tərəfindən maliyyələşdirilən ilk müsəlman-rus qız məktəbi açılanda, şəhər Duması Hənifə xanımdan həmin məktəbin direktorluğunu öz üzərinə götürməsini xahiş etmişdi.

Qız məktəblərində dərs deyə biləcək müəllimlər çox deyildilər.

Tağıyev bu problemi də aradan qaldırmaq üçün 1913-cü ildə ibtidai məktəb müəllimlərinin təhsili üçün icazə aldı. Lazımi hazırlıqlardan sonra 1915-ci ilin sentyabrından elə eyni binada ikiillik pedaqoji təhsil verən kurslar açıldı.

Tağıyev müharibə illərinin çətinliklərinə baxmayaraq məktəbləri və tələbələri dəstəkləmək üçün əlindən gələni edirdi. Lakin 1917-ci ilin Fevral İnqilabı iqtisadi vəziyyəti ağırlaşdırdı və məktəbin müdiriyyəti həmin ilin aprelində təhsil prosesini dayandırdı.

Növbəti ildə ərzaq çatışmazlığı üzündən məktəbin yataqxanası da bağlandı. Pedaqoji kurslarda təhsil almış son müdavimlər diplomlarını 1918-ci ildə aldılar.

Onlardan bəziləri sonrakı sovet illərində də təhsillərini davam etdirərək əsl peşəkarlara çevrildilər. Məzunlardan bir çoxu Azərbaycana böyük bəstəkar Qara Qarayev kimi oğullar vermiş analar idi.

Müharibə və inqilablar bu məktəbin bağlanmasına səbəb olsa da, Azərbaycan Respublikası doğuldu və həmin bina dövlətin sütununa çevrildi.

Azərbaycanın ilk parlamenti

Osmanlı Ordusu Bakını geri alanda Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü və qızlar məktəbinin binası Azərbaycan Respublikasının ilk parlamentinə mənzil oldu. Bu, bütün müsəlman dünyasında ilk qərbyönümlü parlament idi.

Parlament 1918-ci ilin 7 dekabrında böyük təntənə və şadyanalıqla açıldı. Şəhər bayram əhval-ruhiyyəsində idi. Dükanlar, inzibati idarələr və məktəblər bağlı idi. Adamlar tarixi günün şahidi olmaq üçün şəhər meydanına toplaşmışdılar.

Türkdilli dünyanın və İslam şərqinin ilk parlamenti 1920-ci ildə onun fəaliyyətinə son qoyulanadək işlədi. Bu qısa müddət ərzində Azərbaycan parlamenti demokratik siyasət mədəniyyətinin nümunəsinə çevrilmiş, müxtəlif ideologiya və kimliklərə dözümlülüyün məbədi ola bilmişdi.

Parlamentin açılışından bir neçə ay əvvəl erməni millətçilər minlərlə müsəlmanı qətliyam etsələr də, müsəlman çoxluğu ilə yanaşı bütün milli və dini azlıqlara, o cümlədən ermənilərə mandatlar verildi.

Halbuki Tbilsi və Yerevanda elə həmin il açılmış parlamentlər və hökumətlərdə bircə partiya təmsil olunmuşdu. Azərbaycan parlamentində mövcud olan fərqli demokratik mühit bir neçə koalisiya hökumətinin yaranmasına yol açmışdı.

Millətlərin müstəqilliyinə düşmən kəsilən bolşeviklər də daxil, bütün siyasi hərəkatların nümayəndələrinə bir damın altında təmsilçilik haqqı tanınmışdı.

Koalisiya hökumətləri mütərəqqi siyasətlər yürüdür, bundan əvvəlki onilliklər ərzində Azərbaycan ziyalılarının müzakirə etdikləri müasirləşdirmə proqramını həyata keçirirdilər.

Tağıyevin qız məktəbindəki parlamentdə müxtəlif məsələləri müzakirə və həll edən siyasi elitalar həm Azərbaycan xalqı, həm də türk və müsəlman dünyası üçün yeni eranın başlanğıcını təmin etdilər.

Bakı öz işinin birincilərini və öz sərvətlərini ticarətə və sənayeyə yatırmaq istəyənləri salamlayan cənnətə çevrildi.

Bu şəhər macəraçıları, sahibkarları, sərmayəçiləri və inqilabçıları həmişə özünə çəkirdi. Bu barədə növbəti yazıda oxuyacaqsınız.

Bu barədə daha geniş