Elçin Şıxlı: Azərbaycanda mətbuatın biznes kimi işlədilməsi mümkün deyil

Fotonun müəllifi shixlinski.az
Image caption Elçin Şıxlının rəhbərlik etdiyi Ayna-Zerkalo qəzeti 1990-cı ildə təsis edilib.

Elçin Şıxlı Ayna və Zerkalo qəzetlərinin fəaliyyətini birdəfəlik dayandırması barədə qərarını izah edərkən deyib ki, nəşrlərə biznes layihə kimi yanaşır və bundan sonra qəzetlər heç bir şəkildə, o cümlədən internet nəşri kimi də çıxmayacaq.

1990-cı ildə yaradılmış qəzetlər gündəlik nəşrdən həftəliyə keçdikdən sonra iyunun 1-dən çapını müvəqqəti dayandırdığını elan etmişdi, yeni qərarla isə qəzetin nəşri həmişəlik dayandırılır.

“Ayna-Zerkalo qəzetləri qalmalı idi. Amma qalmadı”, - baş redaktor Elçin Şıxlı BBC Azərbaycancaya danışarkən deyib və qəzetin bağlanılması barədə qərarın təəssüf doğurduğunu bildirib.

Elçin Şıxlının sözlərinə görə hər iki qəzetin nəşrin bağlanılmasına səbəb uzun müddətdən bəri davam edən maliyyə ilə bağlı problemlər olub.

“Mən qəzetin çapını hətta bu ilin yanvar ayında dayandırmaq istəyirdim, lakin ortalığa çıxan layihələrə görə bu, bir müddət uzandı”, o deyib.

Onun sözlərinə görə, bu illər ərzində Ayna və Zerkalo ilə yanaşı təsis edilmiş “Birja” qəzetindən başqa demək olar ki, bütün media və reklam layihələri “məhv olub gedib”.

“Azərbaycanda mətbuatın biznes kimi işlədilməsi, indi çox mürəkkəbdir. Demək olar ki, mümkün deyil. Mənimlə razılaşmamaq da olar, ancaq mənim təcrübəm göstərir ki, müşkül məsələdir. ”

Özünün “fəal jurnalistikadan” gedəcəyi barədə bəyanatına aydınlıq gətirən Elçin Şıxlı deyib ki, yazı yazmaq və media ilə bağlı layihələri davam etdirmək niyyətindən vaz keçməyib.

“Sabah bir yazı yazacam, layihə işləyəcəm, bu tamam başqa məsələdir. Olsa işləyəcəyəm, olmasa da gərək insan bir işlə məşğul olmalıdır. Özümə bir iş tapmalıyam.”

Bu arada Ayna və Zerkalo əməkdaşlarından “gənc olanların bir çoxu” özlərinə artıq yeni iş tapıb, Elçin Şıxlı deyib.

Ayna və Zerkalo qəzetlərinin baş redaktoru qəzetin bağlanılması ilə onun əməkdaşı Rauf Mirqədirovun həbsi arasında əlaqənin olmadığını deyib.

Hərçənd ki, o aprel ayında əməkdaşının dövlətə xəyanət ittihamı ilə həbs edilməsinin qəzetə “ağır zərbə” yetirdiyini deyib.

1990-ci ildə təsis edilmiş və iki dildə çıxan Ayna və Zerkalo qəzetləri avqust ayının 15-də 24 yaşını qeyd edib.