Nərmin Kamalın bloqu: Yaralı əsgər haqqında anasına xəbər verilməlidirmi?

Dünyanın hər yerində məşhur olan bir zarafat var. Dostlar yanaşı foto çəkdirəndə kimsə kiminsə başına iki barmağıyla buynuz qoyur. Məktəb uşaqları lap çox sevirlər bu zarafatı.

Nədir belə anlarda və sonradan fotoya baxanda bizim üzümüzü güldürən? Bu zarafatda başına “buynuz” qoyulan dostlarımızı gülməli edən o xəfif nöqtə - onların o an öz ətraflarından, öz başlarından, başlarına açılan oyundan xəbərdar olmamasıdır. Hamının bunu bildiyi halda onun bilməməsidir.

Bir uşaq bu zarafatlardan yayınmaq üçün əlini tez-tez başının arxasına sürtür şəkil çəkdirəndə. Nəticədə şəkil hazır olanda o, öz əlilə özünə buynuz qoymuş olduğunu görür.

Bu zarafatlarda qurduğumuz xəbərsizlik vəziyyətini biz daha ciddi həyat hadisələrində də qururuq başqaları üçün. Anaya əsgər oğlunun yaralandığını demirik ki, o, fikir eləməsin. Olimpiadaya hazırlaşan idmançıya nənəsinin öldüyünü demirik ki, o, ruhdan düşməsin.

Fotonun müəllifi AFP

Hamilə qadından əsgər qardaşının öldüyünü gizlədirik ki, qadın zərbə almasın.

Çox adam düşünür ki, bu məsələdə biz Qərb toplumlarının antipoduyuq, çünki biz bunu insanı qorumaq hesab edirik, onlarsa insana xəyanət sayırlar. Bu, doğrudur.

Ancaq biz həm də beynəlxalq qanunların özünə antipoduq. Biz qoruduğumuzu sandığımız o insanların hüquq elmində rəsmi şəkildə tanınan, qanunlarda adı çəkilən, hətta ayrıca bir gündə (24 mart) təmtəraqla qeyd olunan Həqiqəti bilmək hüququnu pozuruq.

Hər bir insanın, hər bir xalqın həqiqətə dözüb-dözməyəcəyindən asılı olmayaraq, onu bilmək hüququ var. Hər bir insanın özünün, ailəsinin, yaşadığı cəmiyyətin keçmişindən, indisindən yalansız xəbərdar olmaq hüququ var.

Ailə üzvü zərər çəkən insanın onun taleyi, harada olması haqda həqiqəti bilmək hüququ var.

Bu məsələ təkcə Şərq və Qərb mədəniyyətləri arasındakı fərqlərdən biri deyil, ondan ziyadə hüquq məsələsidir. Əgər düzgün başa düşmüşəmsə, gizlətdiyimiz həqiqəti üstündən beş il keçəndən sonra aşkarlamış bir ana nəzəri cəhətdən bizi məhkəmə qarşısına da çıxara bilər.

“Bilib nə edəcək”

Biz anadan əsgər oğlunun başına gələnləri gizlədirik, birincisi ona görə ki, onu qorumaq istəyirik, ikincisi ona görə ki, biz belə fikirləşirik: “Onsuz da bilməyinin nə xeyri olacaq, bilib nə edəcək”.

Bu, biliyi ayağından faydalılıqla bağlamaq deməkdir. Fayda verməsə, funksiyası olmasa, bilik özü sərbəst gəzə bilməyəcək. Bizim aləmimizdə bir adama bilik verilirsə, həqiqət söylənirsə, əvəzində o nə isə bir işə yaramalıdır, əgər yaramayacaqsa niyə verək o biliyi?!

Humanist toplumlar biliyə, insanın bilmək haqqına özü-özlüyündə hörmət edirlər. Biliyi birinci növbədə elə bilik xatirinə verirlər. Hansı işə yarayacağından, fayda gətirib gətirməyəcəyindən asılı olmayaraq, insanın bilmək haqqı var.

Biz insanın həqiqəti bilməsinə seçilə bilən, tənzimlənə bilən, söndür-yandır düymələri olan, sorğulana bilən bir şey kimi baxırıq. Ancaq bilmək eşqi yemək, yatmaq ehtiyacları kimi insanla bir doğulur. Uşaq dünya ilə tanışlığa bu suallardan başlayır: “Bu nədir, o nədir?”

İnsan yemək, içmək, nəfəs almaq istədiyi kimi bilmək də istəyir. Biz təbiətdən, bizdən əvvəl yaşanmışlardan, insanların həyat hekayələrindən, dünyada işlərin necə gəlib necə getdiyindən xəbərdar olmaq istəyirik.

Yalnız öləndə yemək, içmək dayandığı kimi xəbərdar olmaq eşqimiz və imkanımız da dayanır. Biz bunu sağ adamın başına gətirməklə onu bir az ölüyə çevirmiş oluruq.

Bəzən elə olur ki, adam həqiqətin öhdəsindən gələ bilməyəcəyini düşünüb özü həqiqəti bilmək haqqından imtina edir, “Nə edirsənsə et, mən bilməyim” kimi məşhur cümlələr ortaya çıxır.

Həqiqətdən imtina bax belə könüllü verilməli olan qərardır. Biz isə başqasının nəyi bilib-bilməyəcəyini idarə etmək istəyirik. Ona görə də şəkil çəkdirəndə əlini tez-tez başına sürtən o balaca oğlanın vəziyyətinə düşürük.

Tez-tez nigaran qalırıq, bəlkə gizlədilən bir şey var. Axı onlar şəkil çəkdirəndə etdikləri zarafatın ssenarisilə hərəkət edirlər. Ortaq razılığa gəlirlər. Sadəcə motivləri bu dəfə əylənmək deyil, səni həqiqətdən, həqiqətin sərtliyindən qorumaq olur.

Bəs sən, hörmətli oxucu, əminsənmi ki, dostların və qohumların sənin özünə xəbərsizlk vəziyyəti yaratmayıblar?! Əminsənmi ki, atan, anan, nənən, baban, xalanoğlu, dostun, bacın, əsgərlikdəki qardaşın bu dəqiqə sağdırlar, sağlamdırlar?