Bakı və I Dünya Müharibəsi: Epiloq

Fotonun müəllifi Arxiv Fondu

20-ci əsrin ilk onilliyi Bakı üçün ziddiyyətlər və gərginliklə dolu idi. Birinci Dünya Müharibəsi və inqilablar bu gərginlikləri kəskinləşdirmiş və gözlənilməz nəticələrə səbəb olmuşdu.

20-ci əsr böyük dəyişiklər və gözləntilərlə başlanmışdı.

1900-cü ildə Transqafqaz dəmir yolu Bakı-Mahaçqala xəttinin tikilməsi Bakını Rusiya İmperiyasının qalan hissələri ilə birləşdirdi. Bakı dünyanın neft paytaxtına çevrildi və sonrakı illərdə bu liderliyini qoruyub saxladı.

Şəhər öz işinin birincilərinə, bəxtlərini ticarətdə, kommersiya və sənayedə sınamaq istəyənlərə qucaq açan aləmə çevrilmişdi. Bu şəhər macəraçıları, sahibkarları, investorları və inqilabçıları özünə cəlb edirdi.

Burada çalışqan fəhlələr, istedadlı mühəndislər, memarlar və musiqiçilər, bacarıqlı sənətkarlar və masonlar vardı. Norveç investiorları, holland kapitanları, rus zabitləri, İran tacirləri və polyak memarları bu yenicə ucalan Babil qülləsinin ətrafına toplaşmışdılar.

Tədricən tramvay xətləri, liman körpüləri, bulvarlar, telefon, qaz və elektrik şəbəkələri formalaşdı. Bu sürətli iqtisadi inkişafın fonunda Bakı iqtisadiyyat və mədəniyyət ziddiyyətləri şəhəri idi.

Bir tərəfdən burada öz sərvətlərini neft gəlhagəlindən toplayan zəngin sənayeçilər vardı. Bu sahibkarlara aid mülklər hələ də şəhər memarlığının təkrarsız nümunələridir.

Başqa tərəfdən burada kənd yerlərindən şəhərə daimi sosial axın və geniş yayılmış yoxsulluq vardı. Bir neçə onillik ərzində minlərlə kəndli daha yaxşı yaşayış tapmaq üçün şəhərə köç etmişdi. Onların əksəriyyəti burada şəhər həyatının parıltı və işıqlarından uzaq daxmalı ucqarlara sığına bilərdi.

Şəhər mərkəzi və onun ətrafları həmçinin böyük mədəniyyət fərqlərini əks etdirirdi. Abşeron yarımadası tezliklə ənənəvi və savadsız kənd yerlərinin ümmanında modernləşmə və inkişaf adasına çevrilmişdi.

Məsələn, şəhərin təhsilli elitaları 1911-ci ildə təntənə ilə opera teatrının açılışını etmişdilər. Bununla belə, Bakı quberniyasındakı savadlı adamların sayı 10 faizdən də az idi. Bu da həqiqətdir ki, onların arasında qol-budaq atan və Rusiya İmperiyasının avropasayağı təsisatlarında təhsil almış kiçik bir gənclər qrupu da var idi.

Bu kiçik təbəqə mümkün islahat və modernləşmə layihələrini müzakirə edirdi. Onlar ilk klassik muqisi nümunələrini bəstələyir, ik teatr pyeslərini yazır, milli dildə ilk qəzet və jurnallarını buraxır, öz cəmiyyətlərinin təhsili qayğısına qalır və hətta əlifba islahatı barədə düşünürdülər.

Bunları etməklə onlar ənənəvi dairələrə qarşı çıxşımış olur, eyni zamanda Rusiya hakimiyyətinin qadağanları və senzurasına qarşı mübarizə aparırdılar.

Bəzi yerli milyonçular bu iqtisadi və sosial ziddiyyətlərin kəskinliyini azaltmaq üçün xeyriyyəçilik layihələrinə dəstək verirdilər. Tağıyev çoxsaylı ictimai layihələrə pul xərcləməkdə lider idi və özündən sonra heç vaxt unudulmayacaq bir ad buraxdı. Müsəlman qızlar üçün müasir məktəb onun layihələrindən biri idi. Bu məktəb 1901-ci ildə açılandan sonra bundan nümunə götürən bir neçə başqa məktəblər də yarandı.

Bu məktəbə aparıcı intelektuallardan biri olan Həsən bəy Zərdabinin xanımı inzibatçılıq edirdi. Beləliklə, bu məktəb yerli ziyalılarla varlı xeyriyyəçi arasında ilk əməkdaşlıq rəmzinə çevrilmişdi. Eyni zamanda bu məktəb iqtisadi baxımdan yoxsul və təhsilsiz çoxluğun ümid rəmzi idi. Bu məktəb cəmiyyət arasında iqtisadi və mədəni fərqləri azaltmalı olan uzun yolun başlanğıcı idi.

İqtisadi və mədəni ziddiyyətlərin arasında elə bir ziddiyyət də var idi ki, onun qarşısını nə Tağıyev, nə də Zərdabi ala bilərdi. Bu, ermənilərlərlə müsəlman və türkdilli azərbaycanlılar arasındakı etnik-dini gərginlik idi.

Şəhər orta əsrlərdən bəri ticarət portu idi və burada müxtəlif qövm və dilləri təmsil edən insanlar yanbayan yaşayırdılar. İcma başçıları hər hansı dini və ya etnik münaqişənin baş verməməsinə çalışırdılar.

Lakin Cənubi Qafqaz artıq 1905-ci ildə bir neçə faktora söykənən etnik toqquşmalarını yaşamışdı.

Müharibə dövrü və inqilablar iqtisadiyyatı sarsıtmış, sosial şərait iki icma arasındakı ədavəti kəskinləşdirmişdi. Bununla əlaqədar iki icma arasında yeni toqquşmalar 1918-ci ildə baş vermişdi.

Fotonun müəllifi Arxiv Fondu
Image caption Tağıyevin məktəbi özünün beş-on tələbəsi ilə fırtınalı dənizin ortasındakı balaca qayıq kimi idi.

Müharibənin birinci ilinin sonunda Rusiya İmperiyası dərin iqtisadi böhrana yuvarlandı. Müharibə həmçinin Bakıdakı nəhəng neft sənayesinin ixracat yollarını kəsmişdi.

Bu isə bütün şəhər üçün işsizlik və səfalət, habelə cəmiyyətdəki bütün ziddiyyətlərin radikallaşması demək idi. Tağıyevin məktəbi özünün beş-on tələbəsi ilə fırtınalı dənizin ortasındakı balaca qayıq kimi idi.

Tağıyev bu məktəbə böyük diqqət verirdi və ona maliyyə dəstəyini ağır müharibə illərində də davam etdirirdi. Məktəb 1918-ci ilin martınadək müsəlman qızları təhsilləndirdi.

Lakin Tağıyevin də maliyyə imkanlarının hüdudu olmalıydı. Müharibə və iqtisadi böhran azmış kimi, 1917-ci ildə dalbadal baş vermiş iki inqilab Rusiya İmperiyasını uzun və qanlı vətəndaş müharibəsinə sürüklədi.

İqtisadi və siyasi sistem çökdü, yeni millətlərarası toqquşma Bakının həyatını iflic etdi və şəhər mərkəzini dağıntıya məruz qoydu. Nəhayət daha yaxşı gələcəyə ümidlərin simvolu olan Tağıyev məktəbi də bağlandı.

Buna baxmayaraq, bir neçə aydan sonra məktəb qapılarını gələcəyə daha böyük ümidlərlə təkrar açdı. Birinci Dünya Müharibəsi Qafqaza təkcə qan və dağıntı gətirməmişdi. O həmçinin təkrarsız imkanlar açmışdı.

Azərbaycanın təhsilli elitaları bu imkanları reallaşdırdılar və yoxsulların və müsəlman qızların təhsilindən daha böyük layihəyə başladılar.

Onlar türk və müsəlman dünyasında ilk çoxpartiyalı parlament respublikası yaratdılar. Başqa sözlərlə, Böyük Müharibənin Azərbaycan üçün gözlənilməz nəticələri oldu. Müharibə milli və demokratik respublika ümidlərini alovlandırmışdı.

Bir əsrdən sonra da Tağıyevin məktəbi bir ümid məbədi kimi ölkənin paytaxtındadır. Bu məktəb həm də bu ölkənin bir vaxtlar qucaq açdığı istedadları xatırladır.

Bu barədə daha geniş