Mübariz Qurbanlı: Yasda ehsanı azaltmaq "qəbahət deyil"

yas Fotonun müəllifi AYNUR ELGUNESH
Image caption Jurnalist Aynur Elgünəş BBC Azərbaycancaya deyib ki, Şəmkirdə bələdiyyə sədri mərasimdə çörəklə pendirin verilməsinə etiraz edib

Bakıdan təqribən 20 km uzaqlıqda yerləşən Sumqayıt şəhərinin sakini anasının yas mərasimində yemək paylanılacağı halda məclisin dağıdılacağı ilə bağlı xəbərdarlıq aldığını iddia edir.

"Anamın 3 və 7 mərasimlərində ət yeməkləri belə verildi. Ölüm kağızını almaq üçün Mənzil Kommunal İstismarı İdarəsində mənə müdir səviyyəsində dedilər ki, 40 mərasimində yemək verilməyəcək. Yemək paylasan, gəlib polislə ... məclisi dağıdacağıq", adının çəkilməsini istəməyən şəhər sakini BBC Azərbaycancaya deyib.

Mənzil Kommunal İstismarı İdarəsinin (MİS) rəhbəri Gülnarə Quliyeva BBC Azərbaycancaya yas mərasimlərində süfrəyə nəyin veriləcəyi ilə bağlı mərasim evlərinin sahiblərinə xəbərdarlıq olunduğunu təsdiqləyir.

"Elə xəbərlərdə mən özüm eşitmişəm. Allaşükür Paşazadə, Mübariz Qurbanlı danışır. Yas mərasimlərində halva, qənd, çay, xurmaya icazə verilir. Bəyəm yas qarın doydurmaq yeridir? Hamı da sevinir buna", xanım Quliyeva bildirib.

Onun sözlərinə görə, yas mərasimlərində menyünün sadələşdirilməsindən "narazı olan şəxs" yoxdur və yas sahiblərinə ehsanın "bu cür olacağı" deyilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komissiyasının sədri Mübariz Qurbanlə sakinlərə xəbərdarlıq olunmasının "qəbahət olmadığını" düşünür.

"Tövsiyyə xarakterli qərar"

"Bu bir tövsiyyə kimi insanlara çatdırılıb. Biz hesab edirik ki, yas mərasimləri 3 gün ərzində bitməlidir və həmin yas mərasimlərində hansısa dəbdəbəli süfrə açılmamalıdır. Çünki biz yeməyin ehsan kimi təfsir olunmasının, təşfiq olunmasını dinlə bağlamırıq. Bu sonradan meydana gəlib", cənab Qurbanlı BBC Azərbaycancaya açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu cür tövsiyyələrdə məqsəd yas mərasimlərinin "milli adət-ənənəyə, dinə uyğun şəkildə" həyata keçirilməsidir.

Adının açıqlamasını istəməyən yas sahibi mərasimdə yeməyin paylanmasına qadağa qoyulması ilə bağlı mərasim evlərinin sahibinin də ona xəbərdarlq etdiyini iddia edir.

"Mollalara tapşırıblar ki, məclisdə yemək görsəniz o məclisi aparmayın. Müdirin atasının yasında gəlib yeməkləri yığışdırıb aparıblar. Mərasim bitəndən sonra deyiblər, gəlin, götürün", o bildirib.

Masalardan yeməyin məcburi yığışdırılmasını barədə iddiaları rədd edən MİS sahibinin sözlərinə görə, yas mərasimlərində yeməyin verilməyəcəyi ilə bağlı mollalar maarifləndirmə işi aparır.

Sentyabrın əvvəlində Şəmkirdə yasda ştirak edən jurnalist Aynur Elgünəş BBC Azərbaycancaya deyib ki, bələdiyyə sədri mərasimdə çörəklə pendirin verilməsinə etiraz edib.

"Bələdiyyə sədri deyirdi ki, icra başçısı belə deyib, ancaq qənd və çay verilə bilər. İcra hakimiyyətindən gələn şəxslər yasın dağıdılacağını deyirdilər. Məsələ mediaya yayılandan sonra mollasız da olsa, camaata çörək pendir verildi. Mollanı cərimə etmək istəyirdilər, o da yasdan çıxdı".

Image caption Mübariz Qurbanlı deyir ki, gec-tez hamı onunla razılaşacaq.

Yerli mediaya müsahibəsində bələdiyyə sədri Xaqani Hüseynov deyib ki, yas mərasimlərində israfçılığın qarşısının alınması məqsədilə sentyabrın 1-də "qərar verilib". Amma o, qərarın hansı hüquqi norma və akta əsaslandığını açıqlamayıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yas mərasimlərində israfçılıq hallarının aradan qaldırılması üçün "tövsiyyə xarakterli qərar" qəbul edib.

Bunu icra hakimiyyətinin informasiya təminatı və təhlili şöbəsinin müdiri Ayaz İmaməliyev BBC Azərbaycancaya deyib.

"Yaslarda israfçılıq olur, bir çox dindarlar və insanların bizə bununla bağlı müraciətləri daxil olub. İnsanlar əziyyət çəkir, bilmir yas saxlasın, yoxsa yas üçün tədarük görsün. Belə şeyləri nəzərə alaraq icra hakimiyyəti adından yerlərdə insanlara tövsiyyə xarakterli izahatlar verilir", o bildirib.

İmaməliyevin sözlərinə görə, yeni qərar "məcburi xarakter" daşımır və sakinlər tərəfindən "müsbət" qarşılanır.

"Qadağa olunan bir şey qanunla tənzimlənməlidir. Qanun yoxdursa, hər hansı şeyi qadağa etmək düz deyil. Tövsiyyə olunur ki, süfrə sadə qaydada olsun, çoxlu təamlar olmasın. Əksəriyyət buna əməl edir", İH rəsmisi əlavə edib.

"Əksəriyyət bizi müdafiə edir"

Yas sahiblərinə təzyiqlər olunması və mərasimlərə müdaxilə ilə bağlı "fakta malik olmadığını" deyən Mübariz Qurbanlı kiməsə "fiziki təzyiq olunduğuna" inanmadığını bildirib.

"O vətəndaş yasının mürəkkəb olmasını istəyirdi? İstəyirdisə, buyursun eləsin. Amma mən inanmıram ki, vətəndaş özü-özünə ağırlıq gətirmiş olsun. Sadələşdirmək istəməyib, kimsə yası gözə soxub şöhrət qazanmaq istəyirsə, öz mərhum olmuş yaxınının ruhuna xələl gətirmiş olur", o qeyd edib.

Komitə sədrinin sözlərinə görə, Azərbaycanda əsrlərdən bəri yas mərasimlərində "dəbdəbəli yemək masaları" açılmayıb.

"Yas mərasimlərində halva verilib və çay verilib, ondan başqa heç nə verilməyib. Mərasimə şirniyyat qoymaq, meyvə düzmək, müxtəlif növ yeməklər vermək sonradan meydana gəlib və bunun İslama dəxli yoxdur. Biz əksəriyyətə tabeyik, əksəriyyət bizi müdafiə eləyir", o əlavə edib.

Cənab Qurbanlı deyib ki, bu məsələdə azlıqda qalanlar "gec-tez komitənin mövqeyi ilə razılaşacaq".

"Zor olmadan, yalnız sözlə, təşviqatla xalqın istədiyinə doğru addımlar atacağıq", komitə sədri deyir.